Milli Məclis sədrinin müavini Valeh Ələsgərov deyib ki, neftin qiymətinin düşəcəyi ilə bağlı Azərbaycan hökuməti bütün ssenariləri nəzərə alıb: “Lakin əsas məsələ beynəlxalq aləmdə gedən oyunlardır və buna kimsə nəzarət edə bilmir. Neftin qiyməti 1999-cu ildə 10 dollara düşəndə dünya dağılmadı ki? Xeyr! Buna görə də səslənən fikirlər əsassızdır. Tənqidi fikir deyənləri təmkinli olmağa çağırıram”.
Vitse-spikerin sözlərinə görə, büdcə xərcləri hərtərəfli düşünülərək nəzərə alınıb və hər sahəyə pul artırılması ilə bağlı deyilən təkliflər başa düşülən deyil: “Hər bir sahəyə qoyulan puldan gəlirlər əldə edilir. Amma kimsə demədi ki, büdcəmizə nə qədər gəlir gələcək. Ayrılan vəsaitlərin nəticəsi barədə də danışmaq lazımdır”. Valeh Ələsgərovun fikrincə, energetika sahəsində paylayıcı sistemlərdə yaranan problemlər aradan qaldırılmalıdır: “Azərenerji” bununla bağlı problemləri aradan qaldırmalıdır. Yoxsa, biz maliyyə itkisi ilə üzləşəcəyik”.