İŞİD döyüşçülərinin Avropada hər an fəaliyyətə keçmək üçün əmr gözləyən yeraltı qrupları var. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə terrorçuların sırasını tərk etmək qərarına gəlmiş döyüşçülərdən biri norveçli jurnalistlərə bildirib. Bu şəxs özünü İŞİD-in Kəşfiyyat idarəsinin (təşkilatın belə bir bölməsi də var) əməkdaşı kimi özünü təqdim edib.
«İŞİD-in Avropada yeraltı özək təşkilatları var və hər an əmrlərə yerinə yetirməyə hazırdırlar. Bu təşkilat hər yerdə mövcuddur: Suriyada, İsveçdə, İngiltərə və Niderlandda… Bu qrupların hamısı bir-biri ilə sıx əlaqədədir. Avropada kimsə döyüşə getmək istəyəndə, adətən ondan xahiş edirlər ki, ölkəsini tərk etməsin, çünki orada daha çox xeyir verə bilər: Həmin şəxslərin vəzifəsi İŞİD-ə qarşı vuruşan ölkələrdə vəziyyəti qeyri-sabit etməkdir. Çünki Avropada terror aktları başlayan kimi, hər kəs İraq və Suriyanı unudacaq».
FaktXəbər bildirir ki, müsahibin sözlərinə görə, o, heç bir günahı olmayan qadının vəhşicəsinə edam edilməsindən sonra təşkilatdan qaçmaq qərarına gəlib: «Qadını xəyanətdə ittiham etdilər. Qanunlara əsasən, xəyanət ittihamını 4 şahid təsdiqləməlidir. Onlar tapılmadı. Bununla belə, qadına narkotik vurdular, küçəyə çıxardaraq, daş-qalaq etdilər».
Sabiq terrorçunun və digər şahidlərin sözlərinə görə, qəddarlıq İŞİD döyüşçüləri üçün normal haldır. Hətta uşaqları da vəhşiliyə alışdırmaq üçün xüsusi təlim mərkəzləri yaradılıb.
«Rakkada 6 düşərgə mövcuddur. Onların arasında «Zərkavi aslanlarının düşərgəsi» var. Hər həftə 25-30 uşaq tam hərbi hazırlıq keçərək, «məktəbi» bitirirlər. İŞİD təlim üçün əsirlərdən istifadə edir. Uşaqlara onlara atəş açmaq, yaxud da boğazını kəsmək öyrədilir».
FaktXəbər-in verdiyi məlumata görə, mərkəzdə kimlərə təlim keçildiyi barədə bu yaxınlarda suriyalı hərbçilərin ölümü barədə paylaşılan videoyazıda göstərilmişdi. Qatillər arasında Fransa və Belçika vətəndlaşları artıq tanınıb. Təkcə bir britaniya əsilli şəxsin kimliyi aydınlaşdırılır: Atası əvvəl onu tanıdığını bildirsə də, sonra səhv etdiyini demişdi. «Con Cihadı» ləqəbli qrupun rəhbərində isə açıq aydın London aksenti hiss olunur. Bu dazbaşlar internasionalı bu gün doğulub boya başa çatdıqları ölkələrə çağırış edirlər.
«Onlar cihada inanaraq sakit həyatlarını qoyub buraya gəlirlər. Bu şəxslər yerlilərə bənzəmirlər. Onların pulları və lazım olan hər şeyləri var. Terroroçulara şəhid olma təlqini edilir. İntiharçıların bir çoxu xaricilərdir və dinc sakinlərlə məhz onlar qəddarcasına rəftar edirlər» – deyə sabiq kəşfiyyatçı bildirib.
Sonra o, sözlərinə belə davam edir: ««Cihad»a gələn avropalıların çoxundan pasportları alınır ki, sonra fikirlərini dəyişəcəkləri təqdirdə geri qayıda bilməsinlər. Onlara pasportsuz heç yerə gedə bilməyəcəkləri başa salınır. Həmçinin onlara bildirilir ki, terrorçuların sıralarını tərk edəcəkləri təqdirdə şəxsi məlumatları KİV-də yayılacaq, hər kəsə onların İŞİD üçün döyüşdükləri barədə məlumat verəcəklər. Çünki heç bir ölkə belə bir insanı geri qəbul etməz».
Qeyd edək ki, Avropa vətəndaşların terrorçulara qoşulma sürəti hər kəsi təəccübləndirir. Təkcə Böyük Britaniyada bu yaxınlarda aparılan hesablamada məlum olub ki, həftədə 5 nəfər İŞİD-ə qoşulur.