Bələdiyyələr səlahiyyətsiz, hüquqsuz, sözün əsl mənasında mənasız bir quruma çevrilib. O qədər mənasızdır ki, Bakıətrafı qəsəbələrdən birinin eşşək boyda bələdiyyəsi “ötən 5 ildə görülən işlər” qrafasına “qəsəbədə 4 darvaza rəngləmişik” cavabını yazıb. Heç bir ilə bir darvaza da düşmür.
Yapistlər bunu, necə deyərlər, məqsədyönlü şəkildə ediblər. Çünki bələdiyyə cəmiyyətin özünü idarə etməsinin təməlidir, dövlətin funksiyalarının azalması, vətəndaş azadlıqlarının və hüquqlarının artması deməkdir. Azadlığı artan, özü-özünü gül kimi idarə eləyən adamlar sabah sənin polis dəyənəyindən, icra hakimi qalstukundan qorxmayacaqlar, rüşvətxorluqla, oğurluqla barışmayacaqlar.
Bu, məsələnin izahatıdır. Ancaq ortada maraqlı mənzərə var: əsasən rayonlardan gələn xəbərlərə görə yapistlər camaatın, müxalifətin bələdiyyə seçkilərində iştirakına mane olur, saxtakarlıq edirlər. Namizədliyini vermək istəyənlərə polis təzyiqi varmış, adamların sənədlərini qəbul eləmirlər, bəzi yerlərdə rüşvət alırlar və sairə.
Əgər bələdiyyə uyuq, müqəvva bir durumuna salınıbsa, hətta uyuqdan da qorxan hakimiyyətə gülməyəsən neyləyəsən? Görün bunlar necə miskindirlər. Bostan müqəvvasından çəkinirlər. Elə bil hansısa müxalifətçi Əhməd bəy bələdiyyə üzvlüyünə namizəd olsa, sonra təsadüfən seçilsə (çünki seçkinin sonrakı mərhələsi tam saxtakarlıq şəraitində olur və Məzahir müəllimin aşsüzənindən bir yapizmə yad düyünün keçib qazana düşməsi qeyri-mümkündür) rejim çökəcəkdir. Bu qədər qorxaq yaşamaq olmaz. Neft pullarının cah-cəlalı adamın burnundan gələr, vallah. Bir az sərbəst olun, yoldaşlar. Şeyxə deyin qorxu duası yazsın, pencəyinizin çibinə tikin.
Qorxudan söz düşmüşkən… Müdafiə Nazirliyi “Dövlət sirrinin mühafizəsi üzrə vacib məlumatlar” adlı broşür hazırlayıb. Əslində sivil dünyada dövlət sirri anlayışını çoxdan çözüblər və belə sirləri yaymağa görə ancaq onu qoruyanlar məsuliyyət daşıyır. Sadə insan yaymamağa məsul olmadığı sirri kefi istədiyi qədər yaya bilər, onu tutmaq da olmaz. Ancaq Azərbaycanda yaşayırıq, o üzdən repressiv rejimin gerçəkliklərini qəbul eləməyə məcburuq. MN-in broşürü isə hətta Azərbaycan şərtlərində də gülüncdür. Buyurun, sitat: “Silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri və texnologiyaları haqqında məlumatları yaymaq qadağandır”. Zakir müəllimin məntiqi ilə, indi mən burda “Kalaşnikov” avtomatının 800 metrlikdəki hədəfi dəqiq vurduğunu yazsam dövlət sirri açıram. Yaxud, elə ən son vertolyot olayında əsgərlərimizin “İqla” raketindən yararlandığı bilindi, bu raketin bütün texniki-taktiki göstəriciləri isə internetdə zibil kimi doludur.
Şanlı generallarımızın qanlı, qorxunc, jurnalistlərə lələk saldıran broşüründə tam absurd qadağalara da rast gəlinir. Misal üçün, bunu oxuyun, görün bir şey anlaya bilirsinizmi: “Dövlət sirri haqqında” Qanuna əsasən, dövlət sirri olan məlumatların əhatə dairəsinə daxil olmayan, lakin xarici ölkələrin xüsusi xidmət orqanlarının mülahizələrinə görə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatların da kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılması yolverilməzdir və qanunla qadağandır”.
Belə çıxır ki, faktiki heç nə yaza bilmərik, çünki sabah düşmən həmin yazıdakı faktlardan yararlanıb respublikamızı sarsıdar. Yəni Mamed yazmamışdan qabaq nəzərə almalıdır ki, Vartan iki ay sonra bu yazını götürüb Əhmədi yıxacaq. “Xarici dövlətlərin xüsusi xidmət orqanlarının mülahizələrini” biz qabaqcadan necə öyrənməliyik, bunu da bizə izah eləsinlər.
Elə bu cür broşür yazdığınıza görə heç kim sizi eşitmir, dövlət sirlərimiz də bələdiyyə seçkilərinin gününə düşür.