“Natəvanın ağzından çıxan söyüşlər kişilərə də xas deyil”
Bu xanıma “Telediva” deyirlər. Özünəməxsusluğu ilə seçilir. Mehriban və səmimi birinə bənzəyir. Amma işi, televiziyada tutduğu yeri, ona hər şeydən vacibdir. Çünki ən yaxın dostlarını da məhz işinə görə itirib. O, həm də yaxşı jurnalistdir. Şou aləminin tələb olunan simalarındandır. Həmişə sözü keçən və saysız-hesabsız “xahişlər” qəbul edən xanımdır. Kənardan çox xoşbəxt görünür. Amma daxilində nələrin baş verdiyini yalnız özü bilir. Və bu gün bizə də danışdı.
Məşhur teleaparıcı Afaq Gəncəli Ailəm.az-ın “Yaylıq” rubrikasında…
– Dostlarınız sizi ən yaxşı xanım aparıcı hesab edir. Siz də özünüzü birinci sayırsınız?
– Əstəğfrullah! Mən çox səmimi deyirəm, özümü qəti şəkildə birinci saymıram. Təkəbbürü sevmirəm. Baxdığım hər teleaparıcıdan nəyisə öyrənirəm. O ki qaldı “telediva” ləqəbinə, ilk dəfə bu adı ünvanıma DJ Kazım deyib. Mən o sözdən sonra Kazımdan xahiş etdim ki, mənə elə deməsin. Çünki daşım ağırdır. Sonra kimlərsə düşünəcək ki, mən özüm özümə o adı dedizdirmişəm. Mən özümü birinci hesab etmirəm. Düzdür, özüməməxusluğumu qəbul edirəm, amma birinci deyiləm.
Bir hadisə yadıma düşdü. Hansısa mükafatlandırma mərasimində illər öncə efirə çıxan, amma sonradan radioda fəaliyyət göstərən həmkarım, Çiçək ləqəbli Şəhla səhnəyə çıxdı. O, hər birimizə dedi ki, “bilirəm, siz hamınız mənim fanatım olmusunuz”. Düzdür, vaxtında radioda hər kəs onu bir nömrəli aparıcı sayırdı. Amma bu o demək deyil ki, onun həmkarları onun fanatıdır. Mən onun dediyindən şoka düşdüm. Öz adıma deyirəm ki, heç vaxt fanat olmamışam. Bu sözü məncə, tamaşaçıya demək olar, amma illərlə çalışan həmkarına “fanatım”san demək düzgün deyil. Eyni cür də özünə birinci demək düzgün deyil.
– “Özünü Nərgiz Cəlilovaya bənzədir” ifadəsinin ünvanınıza səslənməsi ilə razısınız?
– Bəli, bunu da eşitmişəm. Mən o xanımı çox sevirəm və bu söz mənim üçün ancaq fəxr ola bilər. Nərgiz xanımla tez-tez gözəllik salonunda qarşılaşıram. Şəxsən mən onun qarşısında baş əyməyi özümə borc bilirəm. Nə yaxşı ki, o, var. Nərgiz Cəlilovaya baxanda bilirdim ki, diktor olacağam. Mən onun sayəsində televiziyanı sevmişəm.
– Amma Nərgiz Cəlilova ilə yollarınız fərqlidir.
– Bir etiraf edim, mən təkrar etməyi sevmirəm. Baxın, mən hətta dəbdə olan bir libası belə, hər kəslə birgə almıram. Bəyənsəm də, onu artıq dəbdən düşəndən sonra alacam. Mən Nərgiz xanıma baxıb öyrənmişəm, bu, düzdür. Özü isə şəxsən mənə dərs deməyib. Mən onun çıxışlarından özümə dərs almışam. Nərgiz xanım 2006-cı ilə Mehriban Ələkbərzadə ilə birgə kasting keçirirdi. Çox xoşbəxtəm ki, 1000 nəfər iştirakçıdan sona qalan 3 nəfərdən biri oldum. Nərgiz xanım onda dedi, mən Afaqda özümü görürəm.
– Apardığınız “10-lar” verilişi yerli maqazin dünyasının ən reytingli proqramıdır. Yəqin, minnətçi düşən çox məşhurlarımız var?
– Bir çox aparıcılar müğənnilərdən uzaq gəzir. Mən istəsəm də bunu edə bilmərəm. Hara fırlanıram, gəlib qabağıma çıxırlar. Hətta dost dərəcəsində olduğum müğənnilər də var. Məsələn, Sevda Yahyayeva ilə həqiqətən də dostam. Onla yola da çıxmışam, bir yerdə də qalmışam. Mən dəqiq bilirəm ki, Sevdanın mənə pisliyi dəyməz. Amma özümə qarşı elə münasibət də görmüşəm ki, dəhşətə gəlmişəm. Üzümə gülüb, kənarda nələr danışıblar. Heç ağlına gəlməyən insanlar bəzən elə hərəkətlər edir ki.
– Sizi daha cəsarətli xanım bilirəm. Odur ki, danışdığınız adamların adını çəkməyinizi istərdim.
– Mənim üçün kiminsə adını çəkmək ümumiyyətlə problem deyil. Mənim bu günə qədər ən böyük münaqişəm bəstəkar Hacı Nazim Məmmədovla olub. Düzdür, illər keçdi, insan səhvini başa düşdü. Bu məsələni bağladım, amma unutmadım və heç vaxt da unutmaram. Nazim çox pis xətrimə dəymişdi. Məni heç gözləmədiyim tərəfdən vurmuşdu. O zaman Azəri Günellə bağlı bir süjet vermişdim. Onda Nazim Güneli müdafiə etmişdi. Əslində Nazim özü də gözəl bilir ki, mən o süjeti şəxsi qərəzliyimdən hazırlamamışdım. Mən televiziya işçisiyəm və o süjet getməli idi deyə getdi. Onda Günellə heç salamım da yox idi. İndi isə çox yaxşı münasibətdəyəm. Amma sonda Nazim pis oldu. Düzdür, adamların arasında hər şey baş verə bilər. Amma məncə, əl yeri qoymalısan, çünki sabah nə baş verəcəyini heç kim bilmir. Nazim məni təhqir etdi və ən zəif yerimdən, övladım tərəfdən “vurdu”. Düzdür, mən onu bağışladım, amma unutmadım.
Daha böyük bir qalmaqalım müğənni Natəvan Həbibi və rəqqasə Oksana Rəsulova ilə baş verib. Baxmayaraq ki, mənim Natəvanla normal münasibətim var idi. Amma o, elə düşündü ki, mənim prodüser Toliklə, xalq artisti Aygün Kazımova ilə dostluq münasibətim ona zərər gətirə bilər. Mən indi də deyirəm, heç kim məni idarə edə bilməz. Məsələn, Röyanın xətri mənə dünyalar qədər əzizdir. Mən o xanımı olduğu kimi qəbul etmişəm. Onun tam əks tərəfi Aygün Kazımova ilə də gözəl və qarşılıqlı münasibətimiz var.
Natəvanla problemin kökünü açıqlayım. Bir verilişdə qonaq idik. Mən, həmkarım Nərgiz Məmmədova, Natəvan Həbibi, Oksana Rəsulova, reper Qurd və İlhamə Qasımova orada idi. Aparıcı İlqar mənə sual verdi ki, niyə bu günə qədər İlhamə Qasımovanın qalmaqalı yoxdur? Mən də normal şəkildə Natəvanla Oksananı göstərib, bu cümləni qurdum: “Çünki bu iki xanımdan fərqli olaraq İlhamə Qasımovanın yolu düzgündür”. Mən ən azı onlara müraciətimdə bu gün peşman olduğum “xanım” sözünü işlətmişəm. Bu cümləmdən sonra dərhal fikrimi izah etdim. Təkrarən dedim, yəni İlhamə Qasımova qalmaqalsız yoldadır. Bu iki nəfər ilk cümləmdən sonra qulaq asmadılar. Necə səs-səsə verib qışqırdılarsa, mən heç nə dediklərini anlamadım. Bunların aqressiyasından sonra İlqar dərhal reklamlara keçid verdi və əsl səhnə onda başladı. O görüntünü Allahımdan istəyirdim ki, kimsə çəkib paylaşsın. Mən heç vaxt imkan verməmişəm ki, mənim yanımda söyüş söysünlər. Amma inanın, Natəvan Həbibinin ağzından çıxan söyüşlər bəlkə də heç kişilərə də xas deyil. O cür söyüş söyən qadına ilk dəfə idi rast gəlirdim. Oksana söymürdü, düzünü deməliyəm. Amma Natəvan o cür sözləri haradan düzüb qoşur, necə o cür söyüşlər ağlına gəlir, hələ də anlamıram. Torpağı yenicə soyuyan mərhum atamın ünvanına o cür sözlər eşitdim. Bunu necə etmək olar? Orada hər kəs dəhşətə gəlmişdi. Atama toxunanda dözmədim. Bircə kəlimə dedim ki, “get ailənə aid olan sözləri, haqqında deyilən fikirləri yu, apar”. Sonra Natəvan səhifəsində mənim haqqımda nalayiq sözlər yazanda Oksana da ona qoşulmuşdu.
Natəvanı bu həddə gətirib çatdıran kimlər olub? O, bəzi şeyləri unudub. O, 8 il bundan öncə “10-lar”ın qapısının önündə yatmağı, yalvarmağı, kliplərinin “10-luq”da getməsini istəməyi, “Qurban olum Afaq, bu süjeti efirə ver” deməyini unudub demək? Natəvan indi heç bir yerdədir. Mərifəti, xətir-hörməti olan müğənninin balaca bir restorandakı konsertini mən özüm belə şişirdib, efirə verirəm. Amma Natəvan illər sonra Heydər Əliyev adına sarayın səhnəsinə çıxdı, çox sakit qarşılandı. Biz onu da böyüdüb gözəl şəkildə camaata çatdırardıq. Niyə eləmədik? Çünki o özü xətir-hörmət saxlamayıb. İnsanın qanı gərək şirin olsun.
– Allah atanıza rəhmət eləsin. Amma bu məsələni vurğulamasam olmaz. Atanızın ölümündən bir həftə sonra “Ford Boyard”da iştirakınız, ardınca ad günü keçirməyiniz…
– Əslində baş verən hər şeyin bir səbəbi var. Mənim “Ford Boyard”a getməyim çox tənqid olundu. Bu, çox böyük layihədir. Bu layihənin müqaviləsi may ayından bağlanmışdı. Öncədən artıq vizalarımız belə açıldı. Adımız təsdiqlənib Fransaya göndərildi. Atam rəhmətə getdiyi 5 gün idi, yaxınlaşdım Rauf müəllimə və dedim, gedə bilmərəm, bu, mümkün deyil. Dedim, o qədər bu layihəyə can atan adamlar var ki, onlardan birini cəlb edin, getsin. Amma rəhbərimiz uzun zaman mənimlə söhbət etdi. Dedi ki, əgər mən öz istəyimlə imtina etsəydim, getməyə bilərdim. Amma məhz bu səbəbə görə getməliyəm ki, bir az başım qarışsın. Bütün dostlarım sözün əsl mənasında məni məcburən ora apardılar. Çünki həmin an qapansaydım, efirdən belə uzaqlaşacaqdım. Dostlarım məni qoymadı, kömək etdi. Mənə o layihədən sonra o qədər yazdılar ki, ayıb olsun və daha nələr. Oradakı uşaqlar da şahiddir, mən qapı-qapı düşüb yalvarırdım ki, qurban olum, mənim şəklimi qoymayın. Otaqda oturub ağlayırdım. Hər bir iştirakçı mənə yaxınlaşıb, güldürməyə çalışırdı. Amma heç kim o yaranı mən qədər duya bilməz. İndi anamla oğlum mənim üstümdə qalıblar. Mən onlara baxmalıyam və anlayıram ki, güclü olmaq məcburiyyətindəyəm.
Həyatda ən çox dəyər verdiyim insanımı itirdim. Mən atamla, o da mənimlə nəfəs alırdı. İçimdə baş verənləri izah edə bilən adam deyiləm. Daxilim bilir ki, o, mənim atamdır. Kim anlayar nələr yaşadığımı, nələr çəkdiyimi?! Heç bunu kiməsə demək məcburiyyətində də deyiləm. Mən 3 gün kəlmə belə kəsmədim. Kim idim, nə idim, nəçi idim, adım nə idi onu da bilmirdim.
O ki qaldı mənim ad günümə, bunu mən etmirdim. Dostlarım Cavid Gül, Şəhriyar Əbilov, Nərgiz Məmmədova ilə oturmuşduq. Anamla oğlum Türkiyədə olduğu üçün ilk dəfə idi ad günümdə tək evdə idim. Biz çay adı ilə çıxdıq evdən. Mən evdə tək pis olmayım deyə yollandıq şəhərə. Gecə saat 12-ni keçən kimi isə “skype”la oğlum qoşuldu və mən dünyanı unutdum. Bütün dostlarım toplandı, özü də məndən xəbərsiz. Mən heç vaxt atasız, anasız sonralar da oğlumsuz ad günü keçirməzdim. Ümumiyyətlə, bütün əlamətdar günləri, bayramları biz ailəmlə keçirtməli idik. Özümü bu dəfə çox tənha hiss edirdim. Dostlarımın bu jesti o qədər xoş oldu ki, hiss etdim, tək deyiləm. Amma mən tapşırmışdım ki, birdən çaşıb mənə ad günü edərsiniz. Sadəcə onların bu jestini görüncə, heç nə deyə bilmədim. İndi yalandan deyim ki, mən qoymadım və istəmədim, dalaşıb çıxartdım hər kəsi, yox! Əslində mənə çox xoş oldu. Yaxşı dostlarım var. Allah hər kəsi qorusun.
– Bəs ananızla oğlunuz niyə Türkiyəyə gedib, sizi tək buraxıblar?
– Bilirsiniz, dərd bir dəfə gəldisə, gərək qapıları açıq qoyasan. Mən zərbələri ardı-ardıca aldım. Atamdan sonra oğlumun səhhətində olan problemlər məni çökdürdü. Dostlarım dedi ki, səndə olan gücə məəttəl qalmışıq. Mən elə bilirdim ki, sıradan bir qadınam. Amma indi gördüm ki, güclü insanam.
Oğlum çox ciddi əməliyyata girdi. Bir anın içində tək balam ölümlə üz-üzə qaldı. Heç ailə üzvlərimin xəbəri olmadan, rəfiqəm Nərgizlə elə bir çətin duruma düşdüm ki, həyatı bitmiş sayırdım. Bir tək əlimi Allaha açdım, gecə-gündüz yalvardım, dua etdim. Çox bahalı əməliyyat idi, pulum isə yox idi. Pulu tapmasaydım, əməliyyata almırdılar. Əməliyyata girməsəydi də dilim də gəlmir nəticəni deməyə, o baş verərdi.
(Bir xeyli susdu və göz yaşları süzülərək davam etdi)
Allahıma üsyan etdim. Dedim, Ya Rəbbim, niyə bunu etdin axı? Tanımadığım bir ölkədə, qarşımda oğlumun həyatı və ödəyə bilməyəcəyim sıfırlar… Belimdə heç bir sıfır belə yox idi. Oğlumu ölümə buraxmalı idim? Yox! Amma ağız açmağa heç bir kəsim də yox idi. Uşağımı arabada, ayağını sürütləyə-sürütləyə təyyarəyə mindirdim. Heç nə edə bilməyəcəyim halda getdim. Mənə zəng edən hər kəsə deyirdim ki, qurban olum, oğluma dua edin. Həkimin ayaqlarını qucaqlayıb, yalvarırdım. Deyirdim, elə et ki, o yaşasın. Allah heç kimə göstərməsin. Milyonda bir adamda ola biləcək xəstəlik mənim oğlumda idi. Onun beyninin onurğa sinirində vəz var idi. Həkimlər dedi ki, biz bu əməliyyatı edirik, amma sənin uşağın iflic ola bilər. İnanın, ayaqlarım yerdən qopdu. Top kimi uşaq bir anın içində yıxıldı yerə. Elə bir aparat gətirdilər ki, onun əməliyyatdan çox qiyməti var idi. Əgər o aparatsız etsəydilər, uşaq iflic olacaqdı. Bu sözləri eşidirdim, amma onda belə, o əməliyyatı ödəyəcəyim vəsait yox idi. Allah birdən üzümə baxdı. Bir gecə ərzində mənə bir adam kömək etdi. Bəlkə də heç kim inanmaz, mən həmin adamın üzünü belə görməmişdim. Bir tək adını eşitmişdim. O insan bircə kəlimə söz soruşdu, “nə qədər lazımdır?”. Və o adam mənə 20 min pul verdi. Sonra mən o adama təşəkkür etmək üçün onu görmək istədim. Görüncə lap ayaqlarına sarılmaq istəyirdim.
Oğlum çox çətin əməliyyatdan çıxdı. Əməliyyatdan ayılanda onun bir sualı oldu “hanı mənim ayaqlarım?”. İndi yaxşıdır şükür, amma hələ də yerimir. Hazırda Ankarada müalicə alır. Bir il orada olacaq. Mən ayda iki dəfə Türkiyəyə gedirəm.
Həmişə səs-küylə dolu olan ev indi üstümə gəlir. Evimizi elə boş görüncə, dəli oluram. Sağ olsun Nərgiz, yanımda qalır. Görün, məni qınamağa dəyərmi? Mənim nələr çəkdiyimi onlar haradan bilər axı?! Mənə nələr yazdılar?! Heç kimə cavab vermədim. Bircə kəlimə ürəyimdə dedim ki, Allah sizə mənə yaşatdıqlarını göstərməsin.
http://s004.radikal.ru/i207/1411/14/16f9c4c71a70.jpg
http://s015.radikal.ru/i332/1411/c0/7e9a59f70d39.jpg
http://s61.radikal.ru/i174/1411/51/bdf13c3c4393.jpg
http://s019.radikal.ru/i628/1411/87/6c60dc4b80f3.jpg
http://s009.radikal.ru/i310/1411/69/9718b36615d9.jpg