Ölkə miqyaslı hər saxta seçki şəkk-şübhəsiz, xalqın ümumən seçkilərə olan etimadını bir az da sarsıdır. Dekabrın 23-də keçirilməsi gözlənilən və sayca 4-cü olacaq bələdiyyə seçkiləri də yəqin ki, eyni qəbildən və növbətisi olacaq. Görünən kəndə nə bələdçi, nə bələdiyyə?
Bu da o anlama gəlir ki, nikbin təxminlərə rəğmən, bir il sonrakı parlament seçkilərində də möcüzə yaşanmayacaq. Belə bir qənaəti indi həm də MSK-nin son rəqəmləri formalaşdırır: hesabata görə, ölkə üzrə 15035 bələdiyyə yerinə 24711 namizəd ərizə verib. Onun da mütləq əksəriyyəti YAP-çılar, yerdə qalanlar isə “yandaş partiyaların” təmsilçiləridir. Hətta 5-6 müstəqil namizədlər də hakimiyyətin “bığının altından” keçənlərdir.
Bunlarla işimiz yox. Diqqət edin, 15035 yerə cəmi 24711 namizəd iddialıdır. Bu isə bir yerə 1,5 (!!) namizəd edir. “0,5” rəqib, “müstəqil” namizədin kimliyinə isə yuxarıda aydınlıq gətirdik. Yəni növbəti dəfə icra hakimiyyətinin total nəzarətində keçəcək tam formal bir seçki. Halbuki, Avropa ölkələrində, qardaş Türkiyədə bir bələdiyyə yeri uğrunda kəskin rəqabət getməklə bərabər, bitərəf və partiyalı rəqiblərin sayı az qala 30-a çatır. İndi o da seçki adlandırılsın, bu da?
Hamı bizimlə razılaşar ki, Azərbaycanın irili-xırdalı problemlərinin hamısının qayəsində demokratik seçkinin yoxluğu dayanır. Qarabağ münaqişənin ədalətli həlli də ölkənin (həmçinin Ermənistanın) demokratikləşməsindən keçir. Niyə? Çünki azad və ədalətli seçkilər işin işi bilənə, peşəkara, daha ağıllıya tapşırılması deməkdir, şəffaflıq, məsuliyyət deməkdir, ictimai nəzarət, seçicinin bələdiyyə üzvünə, deputatlara, seçilən deputatların isə nazirlərə və ümumən hökumətə, prezidentə, məhkəmələrə nəzarəti deməkdir. Sosial ədalətin gözlənilməsi, haqq-hüququn yerbəyer olması, milli sərvətlərin ədalətli bölüşdürülməsi, monopoliyaya, rüşvətə, korrupsiyaya, bu kimi hər cür yaramazlıqlara və eybəcərliklərə son deməkdir!..
Kiçik arayış: iki gün öncə Milli Məclisdə 2015-ci ilin büdcə müzakirələri zamanı iqtisadçı deputat Vahid Əhmədov ritorik bir sual səsləndirdi. Soruşdu ki, “nədən Hesablama Palatası əsasən kiçik layihələri yoxlayır, böyük vəsaitlər qoyulan layihələrə girişmir, yoxsa ayrı-ayrı məmurların nəzarətində olan məsələlərdir bunlar?..”
Əlbəttə ki. Nəinki ayrı-ayrı məmurların, onlardan yuxarıda duranların kontrolundadır “belə məsələlər”. Heç qoyarlarmı, imkan verərlərmi? Biz də onu deyirik ki, iri layihələr ona görə yoxlanılmır ki, müstəqil, şəffaf yoxlama orqanı mövcud deyil. Ona görə mövcud deyil ki, Azərbaycanda hakimiyyət qolları, o sırada məhkəmələr və qanunverici orqan müstəqil deyil və de-fakto Ali İcra hakimiyyətinə – Prezident Administrasiyasına tabedir. Ona görə tabedir ki, ədalətli, demokratik seçki yoxdur – o cümlədən hakimlərin seçkisi eyni qəbildəndir. Dairə indi qapandımı?
Qapandı. Azərbaycan 23 ildir müstəqildir. Amma hələ də bu ölkədə beynəlxalq təşkilatların qəbul elədiyi normal bələdiyyə seçkisi belə qeydə alınmayıb. Bakı Avropa ölkələri arasında yeganə paytaxt şəhərdir ki, onun öz bələdiyyəsi və seçkili meri yoxdur. Seçki yoxdur, o səbəbə ki, seçki mədəniyyəti yoxdur, formalaşmayıb yazıqlar olsun.
Ölkə miqyaslı normal seçki problemi özünü firqələrdə də göstərməkdədir təbii ki. Partiyadaşlarım inciməsin, hətta Azərbaycanın ən demokratik təşkilatı sayılan Müsavatda da daxili seçki mədəniyyətinin çatışmazlığı özünü büruzə verdi və verməkdədir. Halbuki, seçki mədəniyyəti siyasi mədəniyyətin, siyasi mədəniyyət isə ümumi mədəniyyətin tərkib hissəsidir. Deməli, seçki mədəniyyəti olmayanı, seçkiyə hiylə qatanı müasir meyarla mədəni insan saymaq da mümkünsüzdür.
Bəlkə nəhayət, bələd olduğumuz, toplum olaraq bizi labüd uçuruma aparan “seçkilər”dən həqiqi mənada arzusunda olduğumuz, normal və mədəni ölkələrin çoxdan yararlandıqları seçkilərə keçək? Lap elə ən aşağıdan – bələdiyyələrdən başlamaqla. Hələ gec deyil, bizcə.