Xəbərin ilk cümləsi beləydi: “Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yenə qeyri-adi bəyanatla gündəmə gəlib”.
“Qeyri-adi”? Jirinovski nə vaxt adi bəyanat verib axı? Onun bütün bəyanatları, açıqlamaları, müsahibələri, davranışları qeyri-adidir. Adam o qədər qeyri-adi sözlər danışdı ki, artıq Jirinovski üçün istənilən söz nə qeyri-adidir, nə sensasiondur, nə ilgincdir, nə də şok effektlidir. O sadəcə, bir Jirinovski ifadəsi, hərəkətidir, vəssalam.
Əvvəllər Volfoviçin (cənabın milliyyətcə “hüquqşünas” olan atasının adı belədir) danışdığı sözləri bütün dünyada ciddiyə alır, əndişələnir, bəyanat-zad verirdilər. Ay, qoymayın, rus siyasətçisi dünyanı hədələyir-filan.
Sonra gördülər, adam zəvzəyin, çərənçinin biridir və öz ölkəsində onun ağzıyla riçal ölçən yoxdur, daha qorxmadılar və gülməyə başladılar: “Bu ki bizim Li Pendir”, “Rusların təlxək siyasətçisi” və s.
İndi vəziyyət dəyişib, dünya, region Jirinovskinin dediyi sözlərdən yenə qorxmağa başlayıb, onun zəvzəmələrini indi daha ciddi-ciddi dinləyirlər. Çünki gördülər ki, RLDP lideri Gürcüstana, Ukraynaya, Qərbə hücumdan danışır və üstündən bir müddət keçəndən sonra Kreml onun dediklərini edir.
Bu baxımdan Jirinovski artıq rəsmi Moskvanın anons verən radiosu kimi bir şeydir.
Axırıncı dəfə ölkəsinin qərbə yox, cənuba doğru irəliləməsinin vacibliyindən danışan Volfoviç deyib ki, Rusiya Türkiyə, İran və Əfqanıstana girməlidir, hətta bir az gecikib, vaxtında bu ölkələrə müdaxilə olunsaydı, indi bu ölkələr rusca danışardı.
Sual çıxa bilər ki, bəs Jirinovski bu sırada bizim adımızı niyə çəkməyib? Axı İrana yol bizdən keçir. Pafoslu çıxmasın, İrana şimaldan hücum edən qarşısında bizi görər.
Amma bunun sadə bir səbəbi var. RLDP sədri bilir ki, biz onsuz da rusca danışa bilirik. Yeri gəlsə, biz regionda ən yaxşı rusca danışan xalqıq. Ermənilərlə gürcülərin rusca danışmasını görmüşük, güclü aksentlə danışırlar, rus dilinin evini yıxırlar, amma bizim təkcə, “net ey, net, alə, davay”ımız nəyə desən, dəyər. Biz dünyada rusca ən şirin danışan millətik. Ona görə də Rusiyanın bura bizi risca öyrətməyə gəlməsi əbəsdir. Özümüz öyrənməyə də, öyrətməyə də hazırıq.
Elə Rusiyanın bu niyyətlə Əfqanıstana getməsi də havayı zəhmətdir. 1979-da getmişdilər, gördük. Əfqanlar rusca öyrənə bilmirlər. Əfqanların içində Təraki, Əmin, Karməl və Nəcibulla az-çox rusca bilirdi, onları da bir-bir güllələdilər, asdılar. Ona görə də Rusiya Əfqanıstana yalnız ucuz marixuana, heroin dalınca gedə bilər.
İranla da çətindir. Ona qalsa general Paskeviç 200 il öncə Təbrizi tutmuşdu, amma heç kəsi rusca danışdıra bilmədi, arada iranlılar qızışıb yazıçı-diplomat Qriboyedovu erməni qadınlarına görə öldürdülər.
Amma Türkiyənin məsələsi başqadır. Bu ölkənin adamları rusca danışmağa çox meyllidirlər, rusca bilən adam görəndə dərhal sifətlərinin ifadəsi dəyişir. Jirinovski düz deyir, 1979-cu ildə Rusiya Əfqanıstan əvəzinə Türkiyəyə girsəydi, bəlkə də indi Türkiyədə rusca danışanlar Ukraynada danışanlardan çox idi.
Hazırda yayda gələn turistlərin eşqinə Türkiyədə rusca öyrənən, öyrənmək istəyənlər çoxdur. Volfoviç “Bu ölkələr bizimlə dost olmaq istəyir” deyərkən haqlıdır. Türklər doğrudan da ruslarla dost olmaq istəyirlər, amma niyyətləri o qədər də saf deyil, türkün sözü, bir qədər cinsəl içəriklidir.
Açıqlamasının sonunda isə RLDP lideri sözünün canını deyib və belə məlum olur ki, məqsəd heç cənubdakı ölkələrin əhalisini rusca öyrətmək deyil. Məqsəd budur: “Cənub meyvə, tərəvəz, isti, turizm və tətil deməkdir”.
Hə, əlbəttə, qoy cənubdakılar yayın qızmarında işləsinlər, meyvə-tərəvəz əkib-becərsinlər, faraş-faraş, nübar-nübar, su qiymətinə, vaqonların üstünə sovet dönəmində olduğu kimi, “Rusiya zəhmətkeşlərinə Lənkəran xiyarı!” yazıb sizə göndərsinlər, siz də gəlin isti kurortlarda dincəlin, kef eləyin. Ah, nə gözəl İstanbul!