Cəsur QHT nümayəndələrimiz, vətənpərvər jurnalistlərimiz hər sahədə, dünyanın istənilən yerində erməni təxribatlarının qarşısını alırlar, biz də buna görə qürur duyuruq. Qürur o qədər çoxdur ki, hətta ixrac edirik. Bakı-Tiflis-Dubay-Moskva marşrutu ilə qürur kəmərimiz vardır. Bütün bu şəraitə görə dövlət rəhbərliyinə minnətdarlığımızı bildiririk. Gördün müqavimət göstərə bilmirsən, qürurlan.
Misal üçün, əgər Avstraliyanın Melburun şəhərində (bu söz, yeri gəlmişkən, qədim türk sözüdür, “elin burnu” deməkdir) hansısa kenquru Azərbaycanda siyasi durum haqda hoppanıb-düşsə dərhal böyür-başından bir dəstə QHT nümayəndəsi və jurnalist dostlarımız çıxırlar, kenqurunu qanına qəltan edirlər. Eyni hal bütün materik və qitələrdə keçərlidir.
Ən son belənçik erməni təxribatının qarşısı Gürcüstanda alınmışdır. Sən təsəvvür elə, gör bunlar nə qədər həyasızlaşıblar (erməniləri deyirəm), artıq anti-Azərbaycan təbliğatını burnumuzun ucunda aparırlar! Yenə uzaq Kaliforniyada, Firəngistanda, nə bilim, Melburunda-zadda əleyhimizə döşəsələr adam çox fikir eləməz. Ancaq burdan-bura, özü də neft və qürur durbalarımızın üstündə… Adam dözmür vallah… Damarda qan qaynayır!
Gələk təxribatın mahiyyətinə, bu da sırf erməni xislətində bir şeydir.
Demək, Gürcüstanın Batumi şəhərində (qədim türk şəhəridir – “Batmış yer” anlamı verir, çünki hələ qədimlərdən ermənilər oranı çox batırıblar) Avropanın yaxın qonşuluq siyasətinə aid tədbir keçirilibdir. İlk növbədə, bunun adı da erməni təxribatıdır. Necə yəni, yaxın qonşuluq, şərq tərəfdaşlığı? Yox bir, sarımsaq mürəbbəsi… Düzgün adamsınızsa öz evinizdə qayda yaradın, Almaniya dağılır, Paris batır… Nə isə, canları cəhənnəmə. Həmin tədbirə ermənilər də gəliblər, sonra bunlar Çexiyadan gələn bir QHT-ni yolundan azdırıblar, həmin QHT nümayəndələri tədbir binasında Azərbaycanda insan hüquqlarının pozulmasına aid plakatlar asıblar.
Sən işə bax. Gör nə həyasız tayfadır. Bizim siyasi məhbusların şəklini divara asırlar. Guya bunları özləri tutublar. Sarı gəlin, dolma, ərik qurusu, lavaş, zurna, parlament və bələdiyyə seçkiləri kimi milli dəyərlərimizi oğurlamaq cəhdləri bəs deyilmiş kimi, indi də bizim siyasi məhbusları oğurlayıb özlərininki etmək istəyirlər. Ala! Yuxunuzda görərsiniz. Ölmüşdü Xankişi! Hər kəs zəhmət çəksin, canı çıxsın özü siyasi məhbus düzəltsin, sonra da şəklini yaysın. Başqa xalqlara, başda ermənilər olmaqla, icazə vermirik bizim siyasi dustaqların şəklini paylaşsınlar, bununla facebookda “layk” yığsınlar. Hökumət ayrı, dövlət ayrı. Biz bu işlərdə şiddətlə vətənpərvərik. İtə atarıq, yada satmarıq! Dahi klassikimiz demişkən. Yeri gəlmişkən, Mir Cəlalın əsərlərini Nobel ödülünə təqdim etməliyik, doğrudur, ölülərə Nobel vermirlər, ancaq istisna olmalıdır. Həm də elə klassiklər var fiziki cəhətdən ölsələr də mənəvi cəhətdən yaşayırlar! (Ümid edirəm lazımi orqanlar bu vətənpərvər cəhdimi lazımınca qiymətləndirəcəklər. 200 manat – çox istəmirəm).
Ən dəhşətlisi odur ki, bu ermənipərəst çexiyalı pinqvinlər təşkilatı (hirsimdən pinqvinlər yazdım, uşaq-muşağın yazını oxumaq ehtimalı olmasa daha kəskin heyvan adları bilirəm) divara siyasi məhbuslarımızdan İntiqam Əliyevin də şəklini vurublar! Halbuki, İntiqam Əliyev xalqımız üçün Şuşa qədər əzizdir. O üzdən tədbirdəki QHT və jurnalist desantımız dərhal irəli atılmış, qumbara ilə plakatı və özlərini partladaraq şəhid olmuşlar! Təki siyasi dustağımız düşmən əlinə keçməsin! Təki vətən yaşasın! Təki yeddi rayonumuzu yenidən qaytaraq! Ali baş komandan, əmrinə müntəzirik! (Buna 50 manata da razıyam).
Misal üçün, orda jurnalist Əvəz Zeynallının şəkli olsa bizi yandırmazdı, çünki Əvəz bəy əslən Qərbi Azərbaycandandır, uydurma terminlə desək, dırnaqarası “Ermənistan”da, Göyçə mahalının Ağbulaq kəndində dünyaya göz açmışdır. Yəni, ermənilərin və erməniçexlərin Əvəz bəyi öz siyasi dustaqları hesab etməyə müəyyən qədər haqları vardır. Yoxsa sən dur Biləsuvarda doğulan İntiqam bəyin plakatını as… Adamın ürəyi partlayır, bu qədər həyasızlıq olmaz.
İndi söz əlaqədar təşkilatlarındır. Məbləği yuxarıda yazmışam.