Sevinməklə iş bitmir. 12 noyabrda erməni vertolyotunun məhv edilməsindən sonra üzləşə biləcəklərimizi də düşünüb xüsusi bir planla çalışmağımız lazım. Ramil Səfərovun xilası indiyədək Ermənistan rəhbərliyini yandırır. Şübhəsiz ki, vertolyot olayını da unutmayıb daim qisas almağa çalışacaqlar. Davamlı şəkildə bizi günahlandırırlar ki, edəcəklərinə haqq qazandırsınlar…
Təsadüfi deyil ki, məhz düşmənin həyasızlığı nəticəsində Azərbaycan vertolyot olayında az qala suçlu çıxarılacaqdı. Düzdür, Bakıdakı hərbi atteşelər Müdafiə Nazirliyinə çağırıldı, hadisə barədə məlumatlandırıldı. Ancaq bu, daha tez baş verməliydi. Əgər hadisəyə daha çevik reaksiya olsaydı, həmsədrlər vertolyotun “neytral ərazi”yə düşdüyü barədə cəfəngiyyat yaymazdı. Sonrakı düzəliş “daldan atılan daş”dır…
Keçmiş dövlət müşaviri Vəfa Quluzadə danışırdı ki, sabiq prezident Heydər Əliyev bütün səfərləri zamanı Azərbaycanın xəritəsini apararmış və işğal olunmuş ərziləri əyani şəkildə göstərdi. Məgər bu gün xəritəni ortaya qoyub ermənilərin hərbi təlim keçdiyi Ağdamla Ermənistan arasındakı məsafəni əyani şəkildə göstərmək və işğalçıdan bunun hesabını tələb etmək çoxmu çətindir? Ənənəvi açıqlama və bəyanatlardan imtina etmək, informasiya ilə daha çevik işləmək lazımdır.
Təəssüf ki, bəzən düşmənin yaratdığı fürsətdən belə yararlana bilmirik. Məsələn, Ermənistan böyük bir hərbi arsenalla, 40 mindən artıq canlı qüvvə ilə Ağdamda 10 günlük (!) hərbi təlim keçir, Sərkisyan şəxsən Xankəndi aeroportuna uçur, düşmən mətbuatı raket sınaqlarını, tank qoşununun hücumunu, artilleriyanın torpaqlarımıza mərmi yağdırmasını tirajlayıb yayır. Biz isə ya təlimlərin Göyçə sahillərində keçirilditini deyirik, ya da…
Təsəvvür edin, təlimlər başa çatandan 4 gün sonra Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayır ki, “Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərin keçirilməsi Soçi, Nyuport və Parisdə keçirilmiş danışıqların ruhuna uyğun deyil və münaqişənin nizamlanmasında etimad quruculuğuna xələl gətirir”. Olmazdımı ki, BMT qətnamələri 6 noyabrda yada salınaydı, Azərbaycan dövləti BMT, Avropa İttifaqı, Avropa Şurası və digər qurumlara müraciət edib təlimlərin dərhal dayandırılmasını, düşmənin ərazilərimizdən rədd olub getməsini tələb edəydi, bölgəyə beynəlxalq müşahidəçilər dəvət olunaydı?
O halda Azərbaycan Xankəndi aeroportunu bombalasa belə, kimsə onu qınaya bilməzdi. Müasir dövrdə öncə informasiya müharibəsində udmaq lazımdır ki, döyüşdəki qələbələri də realizə etmək mümkün olsun. Bakıda diplomatik korpusla fövqəladə toplantı keçirmək, BMT-nin Baş katibindən məsələ reaksiya tələb etmək lazım idi. Əgər bu günə qədər qardaş Türkiyədən Ağdamda təlim keçən erməni vertolyotunun məhv edilməsinə dəstək ala biləmişiksə, burada günahı təkcə Ərdoğanın siyasətində axtarmayaq…
Düşmən vertolyotu vurulan gün mətbuat məlumatı dəqiqləşdirmək üçün bir neçə saat gözləməli oldu. Ola bilsin ki, bu, anlaşılandır. Ancaq Ermənistan dünyaya “öz həqiqətini” yayandan sonra bizim haqlı mövqeyimizi eşidən çox az dairələr olur. Budəfəki kimi…
Yaxud Ermənistan bəyan edir ki, meyitlərin qalıqlarının çıxarılması ilə əlaqədar guya xüsusi əməliyyat keçirilib və Azərbaycan ordusu bu zaman itki verib. Azərbaycan Müdafiə Nazirliyi isə “heç bir itki verməmişik” deyir. Bəs, 20 noyabrda həlak olan əsgərimiz? 19 yaşlı Rüstəm Əzizovun anası deyirdi ki, oğlu 42 gündən (!) sonra evə dönəcəkmiş: “Deyirdim “oğul, günləri sən sayma, qoy mən sayım…”” Dağ boyda oğul itirmişik, niyə susuruq? Nədən bu hadisəni erməni cəsədlərinə ağı deyən həmsədrlərin gözünə soxmuruq?!
Düzdür, bu dəfə fərqli bir dəfn törəniydi, yaylım atəşi-filan… Ancaq əsgərimizin dəfn törənində heç olmasa bir general, bir deputat iştirak edə bilməzdimi? Yaxud nədən Azərbaycanı ittiham edən dairələrə əsgər itkimiz barədə dərhal məlumat çatdırmadıq? Əsgərin harada həlak olması da sirr olaraq qaldı. Nəyi və niyə gizlədirik axı? Hərbçi yoldaşı Rüstəmin düşmən hücumunun qarşısını alarkən həlak olduğunu dedi. Rəsmi mövqe isə yoxdur. Bəlkə itkimiz də hərbi sirrdir…
Bir sual da var: niyə müdafiə naziri bu dəfə qəhrəman əsgərimizi təltif etmədi? Bəlkə də təltif edib, ancaq informasiyanın yayılması gecikib..? Deyirik dünya bizim həqiqətlərimizi görmür. Əgər biz itkilərimizi gizlədəcəyiksə, yayılmasında gecikəcəyiksə, dünya da bizə kor olacaq?