Ermənistan müdafiə naziri Seyran Ohanyanın müşaviri David Camalyan Azərbaycan ordusunun zərbələrindən ehtiyat edir.
ANS PRESS-in məlumatına görə, müşavir erməni cəmiyyətini buna hazırlayıb. “Azərbaycan tərəfinin sakit oturacağını demək doğru olmazdı. Bu həm özümüzü həm də cəmiyyəti aldatmaq anlamına gələrdi. Onlar bizə qarşı əməliyyatlar keçirəcəklər. Çünki snayperlər hələ də təmas xəttindədir”, – deyə David Camalyan müsahibəsində bildirib.
O, erməni tərəfinin guya xüsusi əməliyyat keçirərək Azərbaycan tərəfinin vurduğu helikopterin bəzi hissələrini və pilotların meyitlərinin çıxarılmasından da danışıb.
Azərbaycanın Müdafiə Nazirliyi erməni tərəfinin bu iddiasına cavab vermişdi. Cavabda noyabrın 12-də Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin düşdüyü ərazidən meyitlərin qalıqlarının çıxarılması ilə əlaqədar guya xüsusi əməliyyat keçirilməsi və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin bu istiqamətdə itki verməsi barədə erməni tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur, bu məqsədyönlü surətdə yayılan növbəti təxribatr və yalan olduğu bildirilirdi.
Düşmən tərəfinin vurulmuş helikopterdəki meyitlərin adı altında hər hansı bir qalıqları nümayiş etdirə biləcəyi ehtimalını əvvəlcədən təxmin edərək bildiririk ki, bu ancaq erməni xalqını aldatmaq niyyətilə əvvəllər verdikləri itkilərin nümayişi ola bilər.
Erməni tərəfindən tam fərqli olaraq Azərbaycan Müdafiə Nazirliyi cəbhədə baş verən hər bir itki barədə rəsmi surətdə dərhal ictimaiyyətə məlumat verir və şəhidlərin dəfn mərasimlərini təntənəli şəkildə təşkil edir.
Müdafiə Nazirliyi bildirir ki, ermənilər helikopterin düşdüyü ərazidə daim vəziyyəti gərginləşdirir və beynəlxalq qurumları da bu məsələyə cəlb etməyə cəhd göstərirlər.
Həmin istiqamətdə Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və ərazi tam nəzarət altındadır.