Çox romantik xalqımız var. Bu, hətta elmi məlumatların hazırlanmasında da özünü göstərir. Təzəlikcə internetdə, Vikipediya səhifəsində Teymurləngin oğlu Miranşah haqda belə cümlə oxudum: “Tarixi gedişatın təhlili onu göstərir ki, əgər xalq o zaman sözün əsir mənasında özü olsaydı, Fəzlullah Nəiminin arxasınca gedər, onun Miranşahın atının quyruğunda parça-parça edilməsinə imkan verməzdi”. Bunu ilk dəfə oxuyanda, etiraf edirəm, xeyli güldüm də.
İndi bu yazını hazırlayıb Vikipediya-ya qoyan qaqaşdan soruşsan ki, “xalq sözün əsir (orijinalında, gördüyünüz kimi, əsil sözünü də düz yazmayıblar – Z.H.) mənasında özü olsa” bu, necə olur – şübhəsiz, bir şey uydurub danışacaq. Sən də insandakı fantaziya gücünə heyran qalacaqsan. Xalq özü olanda necədir, özü olmayanda necədir, yaxşısı budur belə dərin müzakirələri elə uca xalqın öz ixtiyarına buraxaq, arzu edək o, heç vaxt düşüncə adamlarının at quyruğuna bağlanıb sürütmə edilməsinə imkan verməsin. Ta imkan versə də qınamayaq, gələcəkdə şərait yaradaq, desin neyləyim, özümdə deyildim, günahın hamısı Miranşahda oldu, əmr verdi, elədim. Mən əsgərəm, tapşırıq verirlər, xəstə siyasi dustaqları incidirəm. Göstəriş gəlir, günahsız yaşlı qadınları zindana salıram. Göstəriş verməsələr eləyərdimmi? Sənin əziz başın haqqı, qəti eləməzdim! Düzdür, sən indi buna qanunsuz göstəriş deyirsən, amma o vaxt qanuni idi. İnsafən, buyruq qulu olmağımın yaxşı haqqını da ödəyirdilər. İstəyirsən indi də sənə görə kimisə döyüm. Əmr ver, robotun hüzurundadır!
Neft cini ilə birgə bizdə yerin altından çoxlu sayda başqa cinlər, əcinnələr də çıxıb, daraşıb məmləkətin canına. Hər bir azərbaycanlının öz cini var. Bizi idarə edən cinlərdir, bizim günahımız bu cəhətdən də yoxdur. Cin – erkək xeylaqlarımızın canına doluşanlardır, əcinnə isə zənənlərdə yaşayan məxluqata deyilir. Təxminən müəllim-müəllimə söhbəti kimi bir şeydir.
Xalqımız özü olsa yəqin evində normal istilik, işıq da olardı. Qış hələ qapının ağzını təzə kəsdirib, ölkənin hər yerindən cürbəcür ağlaşma səsləri asimana bülənd olmuşdur. Bakıda, Sumqayıtda insanlar qazın kəsilməsindən şikayətlənir. İşığı yanmayan, suyu gəlməyən, interneti qırılan – bunlar ta heç, adi problemlərdir, heç yazmağa dəyməz. Sevgili xalqı dilxor edən odur ki, yapist yoldaşlar Yunanıstanın Peloponnes yarımadasından başlamış Polşanın Qdansk limanına qədər qaz verirlər, ya da verəcəkləri ilə baş-beynimizi aparırlar, ancaq Sumqayıtda, Əhmədlidə qaz gəlmir. Bu necə siyasətdir? Bəyəm azərbaycanlılar insan yox, iynədirlər ki, onların həyatda əsas vəzifəsi “aləmi bəzəyib özləri lüt gəzməkdən” ibarət olsun? Bəyəm evin içini inək peyini ilə doldurub çölünə qızılgül suyu çəkərlər?
Heç bir məntiqi olmayan vəziyyətdir. Eyni hal Azərbaycan Dövlət Neft Şirkəti üçün qayırılan, əyri xiyara oxşayan əcaib göydələnə aiddir. Bir neçə milyard da bu səfeh, nə milli, nə modern arxitekturaya dəxli olan binaya sərf edildi getdi. Dünən hardasa gözümə informasiya dəydi: ARDNŞ həmin binada çağdaş işıqlandırma sistemi qayırıb, binanın üstü gecələr işıq verəcək, camaat və şəhərimizin nəğməli qonaqları da bu düşüklüyə baxıb zövq alacaqmış. O işıqları bəlkə öncə camaatın evinə verəsiniz? Xiyara al-əlvan işıqlar çəkəndə, el dilində desək, “svetomuzika” qoşanda bəyəm onun xiyarlıq mahiyyəti dəyişir, banan olur? Olmur. Özünüzü yormayın. Min dənə elə əcaib bina qayırıb üstünə konfet kağızı bürüsəniz də dünya xalqları içinizdəki peyinli mahiyyəti anlayırlar, görürlər, qınayırlar və qınayacaqlar.
Vikipediyadakı o yazını hazırlayan qaqaşdan isə xahiş edərdim ora belə cümlə də artırsın: “Əgər ARDNŞ özü Miranşahın qabağında olsaydı Nəimini Rövnəq müəllimin cangüdənləri sürütmə edərdilər, xalqımız da sevinərdi ki, öz millətimizdir, canımız qurban”…