Bolşevizm deyəndə belə şeyləri nəzərdə tuturam: “Bizimlə olmayan bizə düşməndir, məhv olmalıdır”, “Filan şeyi edən (yaxud etməyən) bizdən deyildir”, “Düşmənimin dostu mənim də düşmənimdir” və sair və ilaxır.
Bu mərəz Azərbaycanın siyasi arenasındakı qüvvələrə, sapından tutmuş YAP-ına qədər, hamısına sirayət edib. Hamının düşüncəsində əsasən iki kriteriya var: sədaqət və xəyanət. Hər kəs söz-söhbətsiz itaət tələb edir. İtaət, sədaqət, sözsüz tabe olmaq, söz güləşdirməmək.
Əgər belə etmədinsə, damğa hazırdır: xəyanət, satqınlıq, rəhbərə qarşı üsyan bayrağı açmaq, hökumətə işləmək və s. Ardınca cəza tələbləri gəlir: qovulsun, çıxarılsın, cəzalandırılsın, sıramız təmizlənsin…
Sanki bir partiyaya daxil olmaqla gizli dini sektaya, kriminal birliyə daxil olmaq eyni şeydir. Belə sektalar, birliklər var axı, ora bir dəfə girən heç vaxt salamat çıxa bilməz, meyiti çıxmalıdır. Hazırda bizdə də elədir, hansısa partiyaya girən şəxs oradan salamat adla, damğasız çıxa bilməz. Ən azı adının böyrünə “reneqat” adı qoşacaqlar.
Bəzən ortada hər hansı bir təşkilat yoxdur, adamın sadəcə görüşdüyü dostlar dairəsi və ya iş yoldaşlığı var və adam bir gün iş yerini dəyişməli olur, başqa yerə gedirsə, ona münasibət dəyişir. Əgər bu “başqa yer” qarşı düşərgədirsə, ya da rəqabətdə olan müəssisədirsə, yenə damğa hazırdır: “…satdı”.
Belə şeyləri uzun illər öncə “Barselona”nın portuqaliyalı forvardı Luiş Fiqu Madrid “Real”ına keçəndə görmüşdük. Yüz minlərlə fanat bu transferə görə Fiqunu parçalamağa hazır idi, ayağına top gələndə fitə basırdılar, pisikdirirdilər. Sanki Madrid şəhəri ilə Barselonanın arasındakı əzəli etnik düşmənçiliyin, futbol rəqabətinin portuqal Luişə hansısa dəxli vardı. Adam peşəkar futbolçudur, qladiatordur, əməyinə kim daha çox dəyər verirsə, orda döyüşməlidir.
Hazırda bir çoxları jurnalist Abbas Atilayı Luiş Fiquya döndəriblər. Nə var, nə var, ölkənin ən məşhur foto-reportyorlarından biri yaşayış yerini dəyişməsi səbəbindən iş yerini də bir qədər dəyişməli olub və “Yeni Müsavat”la əməkdaşlıq etməyə başlayıb.
Jurnalist özü öz seçimi barədə belə yazıb: “İsveçrədən çəkdiyim fotolar “Yeni Musavat”da yayımlanacaq deyə bir sürü adam məni dəyərlərə xəyanət etməkdə günahlandırır… Sadəcə İsveçrədən çəkdiyim fotolar AzadlıqRadiosunun xəttinə uymadı. Çünki bu radio Azərbaycan üçün proyektdir, İsveçrənin reklamı üçün deyil. Ona görə mənim üçün “Yeni Müsavat” uyğun adresdir, çünki ən çox izlənilən saytdır”.
Yəni “Yeni Müsavat” Abbas Atilay üçün adi bir iş yeridir. Burada ona qırmızı qanına barmaq vurub sədaqət andı içdirən olmayacaq, sabah işdən çıxdığı vaxt dalınca “xain bizi satdı, getdi” deyilməyəcək. Bir iş yerinə o qədər gəlib-gedən olur ki. Onların içində hətta əzəli rəqiblərin yanına gedənlər də var və köhnə dostluqlar davam edir.
Bəs opponentlərini dediyi hansı dəyərlərdir və A.Atilay onlara necə xəyanət edib. Adam yenə fotoaparatını götürüb şəklini çəkəcək, bəyanat verməyəcək, yazı yazmayacaq, qürbət eldə gördüyünü çəkəcək.
Ondan da keçən yerdə, deyəsən, “Yeni Müsavat” biriləri üçün “Haykakan Jamanak”dan betərdir. Belə düşünənlərin və harda gəldi deyənlərin özlərinin bağdasaryanlarla iş birliyi ortaya çıxır. İşə baxın, “Yeni Müsavat”a yazı, şəkil vermək dəyərlərə xəyanətdir, amma 1 milyon həmvətənimizi didərgin salmış, 30 min insanımızı şəhid etmiş, ərazimizin 20 faizini işğal etmiş Ermənistanın patriot vətəndaşları ilə əməkdaşlıq etmək şərəfli işdir…
Belə ədalət varmı? Bu hansı məntiqə sığır?
Bir də Batumda baş verən hadisədən sonra bəziləri siyasi dustaqlarla qəzetimizi üz-üzə qoymağa cəhd edirlər. Əsasən də vəkil İntiqam Əliyevin adını çəkirlər. Amma bircə şeyi unudurlar. Hörmətli vəkilimizin azadlığı üçün aparılan təmənnasız kampaniya, ona həsr olunmuş yazıların dərci məhz musavat.com saytında gedir.