Bizə xokkeyi (indi hokkey deyirlər) o sevdirmişdi… O və onun komandası. Hələ yeniyetmə də deyildik, yeniyetməliyə az qalmışdı – cəmi iki-üç il.
“Nipelni” adlandırdığımız, təpikləməkdən nimdaşı çıxmış topumuzu bir küncə atıb, daraşmışdıq bağ-bağatın ağaclarla qalın yerinə, alça, göyrüş kimi ağaclardan hərəyə bir çomaq kəsib “klyuşka” düzəltmişdik. Bəxtimizdən çomaq hissəsi sırf “klyuşka”ya oxşayan ağac budaqları tapa bilirdik, bir az da bıçaqla yonur, alovda qarsalayır, əyrisini ütüb düzəldir, əsl xokkey “klyuşka”sı hazırlayırdıq.
Bircə qalırdı şayba tapmaq. Onu da düzəldirdik, traktor təkərinin qalın rezinindən şayba boyda kəsirdik, olurdu şayba. Ya da kiçik rezin toplardan istifadə edirdik, axır ki, bütün günü xokkey oynayırdıq. Qışda lap əla olurdu. Qar yağırdı, bir düz yer tapıb qarı tapdalayırdıq, buzlaq edirdik, bəzən axşam donuşluğu başlayanda meydançaya vedrə-vedrə su tökürdük ki, donsun, səhər duraq əsl buzüstü xokkey oynayaq. Donuşluq əriyənə qədər oynayırdıq, ləzzət edirdi.
Ölkənin ucqarında, isti rayonda xokkeyi bizə bu kişinin – Viktor Tixonovun özü və komandası sevdirmişdi. Xokkey oyunları translyasiya ediləndə əvvəldən-axıra gözümüzü çəkmədən baxırdıq. O vaxt belə oyunlar çox olurdu. Ayrıca “İzvestiya” qəzetinin mükafatı uğrunda yarış keçirilirdi. SSRİ yığmasının rəqibləri dəyişmirdi: Kanada, İsveç, ÇSSR (Çexoslovakiya), Norveç, Finlandiya, ABŞ. Tixonovun komandasına əsasən iki komanda ciddi müqavimət göstərirdi: Kanada və ÇSSR. Saqqız çeynəyə-çeynəyə oynayan, həmişə aqressivlik, bəzən isə sırf tərbiyəsizlik edən kanadalılardan zəhləmiz gedirdi. İnsafən, sovet xokkeyçiləri, 16 nömrə Petrov istisna olunmaqla çox mədəni idilər. Hərçənd bir dəfə komandanın kapitanı Mixaylov ona qarşı kobudluq edən rəqibinə babat bir yumruq tutuzdurdu. Xokkeydə tez-tez dava düşürdü və bu, bizim xoşumuza gəlirdi.
Biz oyunçularla yanaşı, komandanın baş məşqçisi Viktor Tixonovu da tanıyırdıq. Onu tez-tez göstərirdilər. Böyüklərin “koramala oxşayan kişi” adlandırdığı Tixonov həmişə sakit idi, həmişə təmkinliydi, komandası udanda da, uduzanda da daima sifətində eyni mimika olardı. O vaxtlar onun komandası çox zaman qalib gəlirdi. Yəqin ki, bizə xokkeyi sevdirən, onu bizim üçün futboldan önə keçirən də elə bu amil idi – serial qələbələr.
Düzü, elə bilirdim ki, Viktor Tixonov çoxdan ölüb. Televiziya proqramlarında hərdən dövrümüzün məşhur xokkeyçilərini -Mixaylovu, Petrovu, Fetisovu qocalmış görəndə adam düşünürdü ki, “koramala oxşayan kişi” də indiyə qalmaz. Heç demə, yaşayırmış, sağ imiş və 84 yaşında dünən vəfat edib.
Tixonovun vəfat xəbərini dünən jurnalist Nicat Dağların sosial şəbəkəndə paylaşdığı şəkilli xəbərdən bildim. Elə bildim, əfsanəvi məşqçinin ya doğum, ya da vəfat ildönümüdür. Şəklə baxırdım, bir də gördüm, Nicat öz statusunun şərh bölümündə adımı yazaraq qeyd etdi ki, o, bu kişini tanıyar.
Tanımaz olarıqmı? Təkcə onu yox, onun yetirmələrini də tanıyırdıq. Onlar şanlı xokkeyçilər idi: Tretyak, Mışkin, Fetisov, Petrov, Xarlamov (o, gənc ikən qəzada həlak oldu), Mixaylov, Sıqankov, Makarov, Balderis, Vasilyev, Qolikov qardaşları, Yakuşev, Şalimov, Larionov, Bıkov və başqaları.
Belə məşqçilər dünyaya yüz ildə bir gələr, ya gəlməz. O, şanlı, parlaq bir ömür yaşadı və fani dünyadan köçüb getdi.
Pele kitab yazaraq milyonlarla braziliyalının yazıb-oxumaq öyrənməsinə vəsilə olduğu kimi, Tixonov və onun yetirmələri də böyük bir ölkənin xokkeylə nəfəs almasına rəvac vermişdilər.
Onun adının (Viktor) dilimizə tərcüməsi “qalib” deməkdir, o, daima qələbə qazanırdı, onun soyadının (Tixonov) tərcüməsi isə “sakit” anlamı verir, o, həmişə sakit idi.