Sabiq maliyyə naziri Fikrət Yusifov yeni təşkilat yaratdığını bəyan edib. Fikrət Yusifovun Modern.az saytına bildirdiyinə görə, yaratdığı təşkilat “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi adlanır. Eks-nazir, iqtisad elməlri doktoru, professor F.Yusifov noyabrın 26-da Beynəlxalq Mətbuat Mərkəzində yeni qurumun təqdimat mərasimini keçirəcək.
Modern.az saytının məlumatına görə, əslən Naxçıvan MR-nın Şərur rayonunun Danzik kəndindən olan Fikrət Yusifov 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib, təyinatla Azərbaycan SSR Dövlət Bankına işləməyə göndərilib. Hərbi xidmətdən sonra əmək fəaliyyətini Azərbaycan SSR Maliyyə Nazirliyində davam etdirib. 1987-ci ildə Moskvada namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alan F.Yusifov sonra Azərbaycan Dövlət İqtisad Universitetində müəllimlik fəaliyyətinə başlayıb. 1992-ci ilin sonlarınadək institutda dekan müavini vəzifəsində işləyən F.Yusifov oktyabr ayında Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
Mərhum dövlət başçısı Heydər Əliyev hakimiyyətə gələnən sonra, 1994-cü ildə onu nazir postuna irəli çəkib. F.Yusifov 5 il maliyyə naziri kreslosunda əyləşib. Amma onu elə H.Əliyevin özü vəzifədən kənarlaşdırıb. Belə ki, 1999-cu ilin iyul ayında F.Yusifov maliyyə naziri vəzifəsindən çıxarılıb.
F.Yisifovun adı bir də 2005-ci ildə hallandırılıb. O zaman F.Yusifovun ifadəsi əsasında sabiq nazirlər Əli İnsanov, Fərhad Əliyev və “Azərkimya” istehsalat şirkətinin sabiq prezidenti Fikrət Sadıqov eks-spiker Rəsul Quliyevlə əlbir olmaqda və Azərbaycanda hakimiyyət çevrilişi etmək istəməkdə günahlandırılaraq həbs olunublar. Həmin il onu da adları çəkilən şəxslərlə birgə həbs ediblər, lakin 2 ildən çox həbsdə qaldırdan sonra F.Yusifov azadlığa buraxıldı.
Və F.Yusifov 2009-cu ildən Azərbaycanı tərk edərək qonşu Rusiyaya köçdü. Onun bu yaxınlaradək Rusiyada biznes işlərilə məşğul olduğu söylənilir.