Dünyanın ən təhlükəli terror təşkilatına çevrilmiş “İraq və Şam İslam Dövləti” (İŞİD) azyaşlı “Xilafət döyüşçüləri”nin yetişdirildiyi, təlim keçdikləri düşərgələrdən birində çəkilmiş videofilm yayıb.
“Cihad qanı 2” (The Blood of Jihad 2) adlı film İraqdakı düşərgədə çəkilib.
İŞİD təlimatçıları burada ən kiçiyi 8, ən böyüyü 14 yaşda olan uşaqlara diversiya, terrorçuluq, küçə döyüşləri və s. öyrədirlər.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, İŞİD-in “xüsusi təyinatlı dəstə”lərindən birinin təlimatçılarının yaratdıqları bu düşərgə köhnə zavodlardan birinin ərazisində yerləşir.
Zavod İraqın Nineviya əyalətindədir.
Əyinlərində qara paltarlar olan uşaqlar zavod ərazisindəki təlim düşərgəsində əlbəyaxa döyüş fəndlərini, partladıcı qurğuların hazırlanmasını, habelə avtomat, pulemyot, tapança və qumbaraatandan atəş açmağın “incəlik”lərini, avtomobil idarə etməyi və s. öyrənirlər.
Videonun sonunda isə uşaqlar təlimatçılarına yaxınlaşır, onlara minnətdarlıq edirlər.
Təlimatçılar isə onları qucaqlayır, bağırlarına basır və öpürlər.