Təzəlikcə bilmirəm hansı səbəbdənsə prezident Kooperasiya Universitetinin bir qrup müəlliminə “Tərəqqi” medalı, əməkdar müəllim-zad adları vermişdi. Yəqin ali məktəbin nəsə yubileyi-filan olmuşdu. Ya da həmin gün ölkəmizdə “Kooperatorlar günü” qeyd edilmişdi.
Hər halda, səbəb bizə sirr qaldı. Əslində Azərbaycanda kooperasiya anlayışının özü iflasa uğramışdır, çünki bu, “hər hansı iş görmək üçün insanların könüllü birləşməsi” anlamını verən əski fransız sözcüyüdür.
Gəlin, görək ölkəmizdə insanların könüllü cəhənnəmə, hətta könülsüz birləşməsi mümkündürmü? Hətta YAP-ın özü də könülsüz, zorakı birləşmə qurumu sayılmasın gərək, çünki burada insanların birliyi çox formaldır, kağız üzərindədir, real həyatda qətiyyən öz əksini tapmır. Misal üçün, SSRİ vaxtında adamlar Kommunist Partiyasına üzv olanda ordakı partkomlardan yararlanırdılar, birgə nümayişlərə, mitinqlərə gedirdilər, partbiletlərinin az-maz xeyrini görürdülər. İndiki halda YAP quru, xeyirsiz idarədir. Ola bilər adamlar eyni özək üzvü olar, ancaq bir-birini tanımaz. Rejim insanların hətta YAP bayrağı altında da birliyinə, ünsiyyətinə, müzakirə və diskussiyalarına qarşıdır. Rahatı ağızları, əl-ayaqları bağlamaqdır – belə düşünürlər.
Uzun sözün qısası, birlik problemi olan cəmiyyətdə kooperasiyanın universitetini qayırmaq, yaşatmaq absurddur. Gərək Qorbaçovun “perestroyka”sı ilə birgə bu kooperativ-zad söhbəti də tarixin arxivinə gedəydi. Bizə yaraşan şey deyil. Birlik, sosiallıq, cəmiyyət olmaq, bütöv millətə çevrilmək bizim ciddi problemimizdir. Yeri gəlmişkən, mən yuxarıda bu sözün fıransızcadan gəldiyini nahaq xatırlatmadım ki. Fransızlar birləşməyi, sözü bir yerə qoyub millət olmağı, kralın boğazını üzüb ədalətli, bərabərhüquqlu cəmiyyət qurmağı bütün dünyaya demək olar ilk dəfə göstəriblər. Ona görə də bu kooperasiya məsələsini gülməli deputatlardan biri Eldar müəllimin inhisarında saxlayıb anlayışın deqradasiyasına davam etmək gərəksizdir. Ləğv olunmalıdır.
Ancaq ya zəlzələdən, ya vəlvələdən – bu universitet karikaturası yerində qalmaqdadır, prezident isə onun müəllimlərini qiymətləndirməkdə… Mən isə sizə nəql edim bu qiymətləndirmədən sonra universitet ətrafında baş verən mistik hadisələrdən.
Kooperasiya Universiteti Bakının Cıdır meydanı ilə üzbəüzdə yerləşir. Bunun tələbə və müəllim kollektivi, yuxarıda qeyd elədiyim kimi, yüksək intellektləri ilə seçilirlər. Dünya universitetlərinin reytinqində Harvarddan sonra 3-cü yerdə bu gəlir. 1-ci əlçatmaz yerdə BDU-dur, ta heç ondan danışmayaq. “Kaprasya”nın (el arasında şirin dillə belə deyirlər – qız adı kimi) tələbələri elmi, ictimai-siyasi həyatda o qədər aktivdirlər ki, hökumət bunu daima mühasirədə saxlayır. Universitetə gedən-gələn yollar, küçələr daim qazıq-quzuq olur. Misal üçün, Ziya Bünyadov prospekti universitetin yanında düz 8 ildir tank keçməyən tranşey durumundadır. Lakin tələbələr keçirlər! Cəsur uşaqlardır. Lazım gəlsə Şuşanı alıb Cıdır düzündə AKU-nun İsa Bulağı filialını açarlar. Nahaq yerə Cıdır meydanı ilə üzbəüzdə oxumurlar ki!? Təcrübə toplayırlar.
Bəs mistik hadisə nədir? “Kooperasiya”nın dünya universitetlərindən bir önəmli fərqi də onun tələbələrində patoloji dəftər-kitab nifrətinin olmasıdır. Düzdür, başqa ali məktəblərimiz də adı çəkilən zəhərli maddələri sevmirlər, lakin heç olmazsa qarınlarında, yançaqlarının üstündə bir-iki əzik dəftər gəzdirirlər. Kooperasiyada isə bu da olmurdu! Təmiz tələbələr idilər! Pis başa düşməyin, bunlar o qədər kəllə uşaqdırlar ki, dərsi teleportasiya, telekinez üsulları ilə öyrənirlər. Məsələn, hər ay bir qrup Kooperasiya tələbəsi Eldar müəllimin rəhbərliyi altında Halley kometinə elmi ezamiyyətə yollanırlar. Başqa bir qrup isə universitetin “Spiritik iqtisadiyyat” fakültəsində Adam Smitin, Marksın, Keynsin ruhları ilə danışır, biliklərə yiyələnirdilər.
“…dilər” ona görə yazdım ki, hazırda Kooperasiya Universiteti üzərində qara buludlar dolaşır. Dünən onun iki tələbəsinin sviterin altından qarnına dəftər soxması müşahidə edilmişdir! Dəhşətdir! Güman edilir ki, “Tərəqqi” medalı alan professorlar tərifdən korlanıblar, bu isə özünü tələbələrdə göstəribdir.
Allah, özün saxla!