ABŞ Prezidenti Barak Obama üç Oskar mükafatlı Hollivud aktrisası Meril Stripə olan sevgisini etiraf edib.
Axar.az “Vaşinqton Post”a istinadən xəbər verir ki, prezident bu etirafı Prezidentlik Mükafatının təqdimetmə mərasimində deyib.
Obama medalı təqdim edən aktrisanı qucaqlayaraq həmişəki kimi yanağından öpüb. O, aktrisanın sonsuz istedad sahibi və misilsiz olduğunu etiraf edib: “Cəmiyyətə bir şey açıqlayıram: Mən Meril Stripi sevirəm. Bəli, mən onu sevirəm. Bunu onun əri də, Mişel də bilir. Bilirlər ki, mən onu sevirəm”.
Qeyd edək ki, Ağ Evdə təşkil olunan mərasimdə Qremmi musiqi mükafatı bu il 25-ci dəfə Stiv Vonderə təqdim olunub. Obama onu musiqi dahisi adlandırıb. Prezident 10-11 yaşlarında yığdığı pul ilə ilk dəfə Stiv Vonderin valını aldığını və xarab olana qədər oxutduğunu deyib.