O, cəbhədən qayıdandan sonra bir də heç vaxt ayaqqabı almadı. Saatı da sağ qoluna bağlamalı oldu. Əslində ona saat lazım deyildi. Onsuz da vaxtı kimdənsə soruşacaqdı. Amma hərdən soruşduğunun saatı olmayanda utandığından az qalırdı yerə girsin. Kimisə pərt elədiyini düşünürdü. Ona görə də səs eşidəndə elə oturduğu yerdən, kəndin ortasındakı ağacın altından qolunu qabağa uzadıb – görün saat neçədi? – deyərdi. Bəzən hər ötüb keçəndən saatı soruşardı. Hər dəfə səs eşidən kimi qolunu qabağa uzadaraq. Nə bir tələsik işi, nə də gedəsi yeri var idi. Yer var idi əslində, ayaqları yox idi. Gözləri kimi…
Saatı soruşmaq daha çox ona insan səsi eşitmək üçün lazım idi…
Əsasən də qadın səsi. Qadın səsi bir az başqa cür olur. İçində nəsə var yəni. Amma ona qadın səsi başqa səbəbdən lazım idi. Səsləri yaxşı tanıyırdı. Onların arasından bir vaxtlar onu sevən qızın səsini axtarırdı. Amma nədənsə heç rast gəlmirdi. Heç kimdən də soruşmurdu utandığından. Deyirdi necəsə gec-tez rastıma çıxacaq onun səsi. Amma hərdən də təəccüb edirdi: axı bu balaca kənddə hamının səsi var, bircə onun səsi yoxdu, bu necə olur?
Bircə evlərində kimdənsə saatı soruşmaq ağlına gəlmirdi. Gəlsəydi də soruşmazdı. Çünki evdəkilərin səsini hər gün eşidirdi. Yalnız bir gəlindən başqa. Qardaşının arvadı heç vaxt onun yanında danışmırdı. Heç danışmırdı. Susurdu…