Səmra Əliyevanı tanıyanların sayı çox olmaya bilər. Amma idman sahəsində olanlar və idmanla maraqlananların çoxu onu tanıyır. “Radio Antenn”in xanım aparıcısı dinləyicilərə idman xəbərlərini çatdırır. Amma işini məcburiyyət qarşısında yox, sevərək yerinə yetirir. Səmranın idmana, ən əsası da futbola sevgisi böyükdür. Bunu qiyabi bilsəm də, müsahibədən sonra tam əmin oldum.
Lent.az-ın “Məşhur fanatlar” layihəsinin budəfəki qonağı “Goalasso” ləqəbi ilə tanınan Səmra Əliyevadır.
– Futbola, ümumiyyətlə, idmana sevginiz necə yarandı?
– Futbola sevgim 11-12 yaşlarımda yaranıb. Məhəllədə birgə oynadığım uşaqlar ancaq oğlanlar idi. Onlar da tez-tez futbol oynayırdılar, aralarında biri hətta futbola gedirdi. Mənə də öyrətdilər və belə-belə başladığım onlarla futbol oynamağa. Həmin ərəfələrdə AÇ-2000 gedirdi. Mənə dedilər ki, get, Avropa çempionatının oyunlarına bax. Yadımdadır, İtaliya və Hollandiya yığmaları üz-üzə gəlirdi. Həmin oyuna baxsam da, komandaları ayıra bilmirdim. Xatırlayıram ki, həmin gün Toldonun toy günü olsa da, matça çıxmışdı. Oyuna baxdıqdan sonra futbola gedən məhəllə yoldaşıma suallar verməyə başladım. İndi bizim üçün asan görünsə də, mənə klubla millinin fərqini 1 aya başa saldılar (gülür). Həmin oğlanın futbol dəftəri var idi, nəticələri orda qeyd edirdi. Sonra mənə dedi ki, daha mən yazmıram, sən davam elə. Beləcə başladım yazmağa, indi də həmin dəftərlər evdədir. Futbola həvəsim belə artdı. Artıq gecələr gec yatırdım, futbola baxdığım üçün. Səhər saat 7-də oyanacaq insan gecə saat 2-də yatırdı. Evdə deyirdilər ki, tez yat, səhər dərsin var. Sinfimizdəki oğlanlar futbola baxmadıqları üçün gecə baş tutan oyunların hesabını məndən soruşurdular. Biz İsmət Qayıbov adına stadionun yanında yaşayırdıq. Evimizin eyvanından baxanda stadion görünürdü. Yadımdadır, 6 yaşım olanda gördüm ki, camaat stadiona yığışır. Məhəlləmizdəki bir oğlana dedim ki, sən də icazə al, mən də, gedək futbola baxaq. Amma sonra məlum oldu ki, ikimiz də icazəsiz getmişik (gülür). “Neftçi” bilmirəm kimə qarşı oynayırdı. Getdim, qapının arxasında dayandım. Futbolçulardan biri sağ olsun, elə zərbə vurdu ki, top qapının yanından keçəndə üzümə dəydi. Donub qaldım, sifətim qıpqırmızı oldu. Qışqırdı ki, niyə orda dayanmısan, keç otur, bax. Evə çatanda gördük ki, məhəllə qaynayır, sən demə, neçə saatdı Ceyhunla məni axtarırmışlar.
– Bəs bu peşəyə gəlişiniz necə alındı?
– Qəzetlərin birinə yazı verdim. Əslində həmin vaxt müsabiqə idi, ancaq mən gecikmişdim müsabiqəyə. Elə oldu ki, alınmadı. Daha sonra “Radio Antenn”də elan eşitdim ki, aparıcı və prodüser tələb olunur. Buraya CV verdim və 120 nəfərin içindən seçildim. Maraqlıdır ki, CV verənlərin sırasında iş təcrübəsi olan jurnalistlər də var idi. Həmin vaxt mən Rəssamlıq Akademiyasında oxuyurdum. Evdə dedilər ki, getmə, ora təcrübəli insanlar sənədlərini təqdim ediblər, səni götürməyəcəklər. Amma mən 120 nəfərin içindən seçilə bildim. Sonra məni yoxladılar, gördülər ki, həqiqətən, futboldan başım çıxır. 2012-ci ildə keçirilən olimpiada vaxtı efirə çıxdım, idman xəbərləri aparıcısı kimi.
– Digər idman növləri ilə də maraqlanırsızmı?
– Boksla, güləşlə maraqlanıram, amma futbol daha çox xoşuma gəlir. Futbolun sevgi əhatəsi daha böyükdür.
– Bizdə “Qadın hara, futbol hara?” fikri tez-tez səslənir. Münasibətiniz?
– Bu fikir təkcə bizdə deyil, xarici ölkələrdə də formalaşıb. Mən xanımların oynadığı futbola heç vaxt baxmıram, mənə maraqlı deyil. Futbolda sərtlik var, bu isə xanıma yaraşmır. Qadının futbol oynamağı yaxşı görünmür. Amma idman aparıcısısansa, o demək deyil ki, kobud olmalısan, yerişin oğlana oxşamalıdır. Mənim işim dinləyiciləri məlumatlandırmaqdır. Elə xanımlar var ki, onlar futbola baxsalar, deyərəm ki, sən hara, futbol hara. Amma özüm futbola baxıram, futbol mənlikdir (gülür).
– Hansı ölkənin şərhçilərini daha çox bəyənirsiz?
– Daha çox Rusiyadan olan şərhçiləri. Çünki onlar efir vaxtı xüsusi “şirinlik” edirlər. Elə zarafatlar edirlər ki, insanı bağlayırlar. Amma kumirim olan xanım aparıcı yoxdur.
– Yəqin ki, sizin üçün də dünya futbolu daha maraqlıdır, nəinki bizim futbol…
– Təbii ki. “Böyük beşlik” və Braziliya çempionatlarını bəyənirəm. Amma Azərbaycan futbolunda da son vaxtlar inkişaf gedir. Mən əvvəl bizim futbola az baxırdım. Ancaq gördüyüm qədərilə, Azərbaycan çempionatı ildən-ilə güclənir.
– Xanım olaraq fikriniz maraqlıdır: bizim futbolçular niyə xaricə çıxmaq istəmirlər?
– Burda yaxşı qazandıqları üçün. İndi deyəcəklər ki, bizim maaşımızı müzakirə edir(gülür). Amma burda o qədər pul almasalar, özləri xaricə çıxmaq istəyəcəklər. 21-22 yaşlı futbolçunu pulla doyduranda, əlbəttə ki, o, xaricə çıxmayacaq.
– Futbolu sizə sevdirən hansı oyunçu olub?
– Oyununu bəyəndiyim futbolçu Zinəddin Zidan olub. Düşünürdüm ki, bəlkə onun yolunu Ronaldinyo davam etdirə. Çünki bir zamanlar karyerasının pik nöqtəsində idi. Amma Zidan tamamilə ayrı futbolçu idi. Həm də şərqli olduğuna görə çox sevilirdi.
– Hansı komandaya azarkeşlik edirsiniz?
– “Bayern”ə. Uşaqlıqdan “Bavariya”nın Çempionlar Liqasındakı oyunlarını izləyirdim. Səbəbini bilmirəm. Bəlkə də, almanlara olan sevgimə görə “Bavariya”nı seçdim.
– Almanlara sevginiz varsa, deməli, Berti Foqtsun gedişi sizə pis təsir edib…
– (Gülür). Yox. Foqtsun Almaniya millisinə qazandırdıqları da olub. Lakin ondan sonra harada işləyibsə, uğurlu olmayıb. Mən inanmıram ki, Foqts bundan sonra harasa getsə, uğur qazana bilsin.
– “Qarabağ”, yoxsa “Neftçi”?
– Son zamanlar “Qarabağ” həddindən artıq güclənib. Amma Azərbaycanda uşaqlıqdan azarkeşlik etdiyim klub “Neftçi”dir. Lakin hazırda daha güclü olan “Qarabağ”dır. Bu dəqiqə bizi Avroliqada “Qarabağ” təmsil edir. O ki qaldı “Neftçi”yə, Arif Əsədov işinin öhdəsindən gələn insandır. Ümid edirəm ki, bu komandanı yenidən zirvələrə qaldıracaq.
– Qurban Qurbanov, yoxsa Böyükağa Hacıyev?
– Mən Qurban Qurbanov deyərdim. Sözsüz ki, Böyükağa Hacıyevin “Neftçi”də böyük zəhməti olub. Komandanı Avroliqanın qrup mərhələsinə çıxarıb. Amma Qurbanov daha gənc və perspektivlidir, “Qarabağ”a daha çox şey verə bilər. Onun işini çox bəyənirəm.
– “Qalatarasay”, ya “Fənərbağça”?
– Türkiyədə “Qalatasaray”ın azarkeşiyəm. Amma indi bu komandanın vəziyyəti ürəkaçan deyil. Buna rəğmən, Çezare Prandelli getmək istəyir. “Qalatasaray”a Mourinyo xaric baş məşqçi gətirilsə, heç nə edə bilməyəcək. Çünki Türkiyə futbolu hazırda böhrandadır.
– Bu cavabdan sonra “Mourinyo, yoxsa Qvardiola?” sualını verməyimə ehtiyac qalmadı…
– Qvardiola “Bavariya”nın məşqçisi olsa da, mən onu bəyənmirəm. Onun gəlişindən sonra “Bavariya” “tiki-taka” oynamağa başlayıb. Bir çox futbolçu oldu ki, bu taktikaya uyğunlaşa bilmədiyi üçün komandadan ayrıldı. Yupp Hanykesin vaxtında əsl alman futbolu oynayırdılar. Mourinyo isə elə komandalarda işləyib ki, onu sıfırdan götürüb, uğura daşıyıb. Mən Mourinyonu çox bəyənirəm.
– Ronaldo, yoxsa Messi?
– Bu, son zamanlar əməlli-başlı müzakirə mövzusudur. Əslində Messi, Ronaldo deməklə, onların komanda yoldaşlarına haqsızlıq edirlər. Son zamanlar Ronaldo daha istəkli görünür. Çox təəssüf ki, Portuqaliya yığması kimi zəif komandada çıxış edir. Eyni sözləri Zlatan İbrahimoviçə də aid edərdim. Bu il “Qızıl top”un Ronaldo və ya Messiyə verilməsinin tərəfdarı deyiləm. Bu mükafatı Noyer, Müller və ya Di Mariyaya vermək lazımdır. Hər üçü layiqdir.
– Azərbaycanda qadınlar niyə stadionlara gəlmirlər?
– Bu ilk növbədə mentalitetdən, düşüncə tərzindən irəli gəlir. Mənim özüm də stadionda azarkeş kimi oturmağa cəhd etmirəm. Bir dəfə VİP sektorda əyləşmişdim, həddindən artıq söyüş eşitdim. İnsanları qınamıram, ya futbolçuya, ya hakimə hirslənirlər, söyüş söyürlər. Elə buna görə də kişilər öz xanımlarını stadiona getməyə qoymurlar. Çox təəssüf ki, bizdə azarkeş mədəniyyəti hələ formalaşmayıb. Türkiyənin özündə də vəziyyət bu cürdür. “Qalatasaray” azarkeşi olsam da, Volkanın milli komandada o cür təhqir olunmasının əleyhinəyəm.
– Sonuncu dəfə stadionda nə vaxt olmusuz?
– “Qarabağ”ın “Dnepr”lə oyununda. Azarkeşlərimizin, jurnalistlərin tum çırtlayıb, futbola baxmaları mənə çatmır. Azarkeşlər komandalarını sevirlərsə, petardalardan, fişənglərdən istifadə etməməlidirlər. Bir də jurnalistlərin oyun vaxtı özlərini azarkeş kimi aparmaqları, qışqırmaqlarını bəyənmirəm.
– Avropanın hansı stadionunda oyun izləmək istərdiniz?
– “Alyans Arena”da. Stadionun içinə daxil olmasam belə, yanından keçmək istərdim. “Bavariya”nın stadionunun görünüşü təkərə oxşayır. Həmin stadionda “Bavariya” – “Borussiya” matçını məmnuniyyətlə izləyərdim, amma azarkeş kimi yox, jurnalist kimi. Almanların azarkeşliyini canlı izləmək xoş olardı.
– Kamran Ağayevin formasını geyinmisiniz. Millidə ən çox bəyəndiyiniz futbolçu Kamrandır?
– Millidə ən çox bəyəndiyim futbolçulardan biri Kamran Ağayevdir. Amma “Qəbələ”dəki çıxışı ürəkaçan deyil. Bəlkə də elə bu səbəbdən millinin son oyununda qapıda Səlahət Ağayev durdu. Yeri gəlmişkən, Səlahəti də çox bəyənirəm. Amma Kamran da millidə can qoyan futbolçulardandır.
– Xarici futbolçulardan kimin formasını hədiyyə kimi qəbul etmək istərdiz?
– Təbii ki, Zidanın (gülür). İndiki futbolçulardan isə Manuel Noyerin. Mən 1 nömrəni xoşlayıram. Özüm də hələ ki, bir nömrəyəm. Çünki radio məkanında yeganə xanım idman aparıcısı mənəm.
– Qapıçılara olan bu sevgi nədən irəli gəlir?
– Komandanı ən son qurtaran onlardır. Manuel Noyerdən söz düşmüşkən, o, təsadüfən qapıçı olub. Anası onu futbol məktəbinə aparanda yolu azıblar, gecikiblər. Nəticədə məktəbdə ancaq qapıçı yeri qalıb.
– “Bir nömrəyəm” dediniz, bəs rəhbərlik necə, işinizdən razıdır?
– Əgər burdayamsa, deməli, razıdır. Amma bununla kifayətlənmək olmaz.
– Televiziya məkanında xanım idman aparıcıları olub ki, idman savadlarının az olması dərhal hiss edilib. Görünür, bəzi telekanallar üçün savaddan çox vizuallıq önəmlidir…
– Televiziya seçimlərində ilk kriteriyalardan biri budur ki, xoşgörünüşlü olasan. Və təbii ki, danışıq qabiliyyəti mütləqdir. Məndə xanımlara paxıllıq yoxdur. Daha çox kişi ekspertlərə qarşı paxıllıq var, o da “ağ paxıllıq”dır. Elə mənim paxıllığımı da daha çox kişilər çəkirlər. Bəzən kişi futbol ekspertləri məni sıxışdırmağa çalışırlar. Və bu mənə çox qəribə gəlir, amma həm də ruh yüksəkliyi verir.
– Televiziyadan təklif olub sizə?
– Belə yox. Amma deyirlər ki, sən televiziyada “tutdura” bilərsən. Sadəcə, “Radio Antenn”i atmaq istəmərəm. Əgər həm radio, həm də televiziyada çalışmaq mümkün olarsa, onda razılaşaram. Acunun telekanalı olan TV8-dən təklif gəlsə, qaça-qaça gedərəm (gülür).
– Müsahibə almaq arzusunda olduğunuz futbolçu…
– O qədər elə futbolçu var ki… Elə bizim millinin üzvləri ilə söhbət etmək istərdim. Müsahibə verməsələr də, gizli məlumatlar çatdırsınlar mənə (gülür). Rəşad Sadıqov, Ruslan Abışov, Kamran Ağayev – bunlar mənim üçün maraqlıdır. Xaricilərdən isə Oliver Kan, Marko Materatsi, Luis Suares və Corcio Kyellini ilə danışmaq istərdim. Ronaldinyo və Adriano da mənim üçün maraqlıdır. Onlardan niyə bu vəziyyətə düşdüklərini soruşardım.
– Bəs çəkindiyiniz, ağır zəhmli futbolçu varmı?
– Qattuzodan qorxuram, vurub eləyər məni (gülürük). Bizdə isə elə futbolçu yoxdur.
– Yaddaşınızda ən çox qalan oyun hansıdır?
– 2002-ci ildə keçirilən Türkiyə-Braziliya oyunu. Rivaldonun o cür artistlik etməsinə sadəcə olaraq, gülümsəmişdim. Həmin vaxt Türkiyə futbolu kifayət qədər inkişaf etmişdi və Braziliyanı şoka salmağı bacarmışdılar. “Bavariya”nın Çempionlar Liqasının finalındakı oyunları da yaddaqalan olub. Bizim millinin isə Fransaya 0:10 hesabı ilə uduzduğu oyuna baxmaq istərdim.
– Soyadınız Əliyeva olsa da, daha çox “Goalasso” təxəllüsü ilə tanınırsız. İdeya kimdən gəldi?
– Sosial şəbəkələr təbliğat üçün çox güclü məkandır. Əvvəl başqa təxəllüs götürmüşdüm. Sonra Doktor Ziya ilə çalışan Zaur Kazımov mənə dedi ki, bəlkə başqa təxəllüs götürəsən. Mən də Səmra Qol kimi tanınmaq istəsəm də, “facebook”dakı insanlar başladılar yazmağa ki, bu nədir. Zaur müəllim dedi ki, daha incə təxəllüs götür və o mənə “Goalasso” adını təklif etdi. Çox uğurlu təxəllüs oldu mənim üçün.
– Bildiyimiz qədərilə insanlar futbol variantları yazmağınız üçün sizə “facebook”dan müraciət edirlər…
– Bizim radiodalğada futbol əmsalları ilə bağlı olan veriliş var idi. Mən o vaxt futbol əmsallarını başa düşmürdüm, sonra mənə izah etdilər. Bir-iki dəfə dedim, bölgə televiziyalarına proqnozlar verdim, alınmadı. Sonra mənə başa saldılar ki, variant deyəndə əsaslandırmaq lazımdır. Belə olanda variantın düz gəlməyəndə də özünə bəraət qazandıra bilirsən. Əvvəllər özüm də kupon yazırdım, amma indi yazmıram. Həmin veriliş başa çatsa da, indi də mənə yazırlar ki, Səmra xanım, bizə 1-2 oyun deyin, variant yazaq.
– Sizə qulaq asmayıb, uduzanlar olubmu?
– Olub. Bir tanışım bir dəfə mənimlə mübahisə etdi və öz variantını yazdı. Ancaq variantı özünü doğrultmadı və çox böyük məbləğdə pul uduzdu. Sonra zəng edib dedi ki, peşman oldum. Amma bir nəfərə 4000 manat qazandırmışam.
– Dünya və Azərbaycan futbolunun ən yaraşıqlı siması kimlərdir?
– Mənim bununla bağlı bir yazım olmuşdu. Orda yaraşıqlı saydığım futbolçuların adlarını çəkmişdim və məni qınamışdılar ki, Ronaldo, Bekhem qala-qala, sən bunları seçmisən(gülür). Mənim seçdiklərimin içində Lyunqberq, Zidan və Anri var idi. Mənə dedilər ki, Anrini bəyənən ilk qızsan (gülür). Azərbaycandakılardan isə ad çəkmək mənə çətindir, çünki yozacaqlar. Amma yenə də deyim: Mahir Şükürov. Bunu iş yoldaşlarım da bilir. Bir də Kamran Ağayev. Hara yozurlarsa, yozsunlar.
– Dünya praktikasında da olub ki, xanım jurnalistlər futbolçularla evləniblər. Sizin buna münasibətiniz necədir?
– Normal. Əvvəl bizdə deyirdilər ki, futbolçunun pulu olmur, ailəsini necə dolandıracaq. Amma indi bu fikir tamamilə dəyişilib. Lakin onu da deyim ki, adətən futbolçular jurnalist xanımlardan qorxurlar. Yəni bizdə buna çox təsadüf etmək olmaz.
– Milli ilə birgə müxtəlif məşqçilərin adları hallanır. Kimin gəlməsini istərdiniz?
– Yılmaz Vural gəlsə, millinin sağ-salamat oyunçusu qalmayacaq (gülür). Türkiyənin elə bir bölgəsi yoxdur ki, orada çalışmasın. Saffet Suşiç pis məşqçi deyil, Bosniya və Herseqovina yığmasını mundiala daşıyıb, həm də türkcə bilir. Bu, vacib amildir. Kim gəlirsə-gəlsin, Foqts kimi bir ayağı Bakıda, bir ayağı Berlində olmamalıdır.
– Sonda demək istədiyiniz söz varmı?
– Azarkeşlərimizi stadionlara çağırıram. Və onlara demək istəyirəm ki, stadionda xanım görəndə ona dırnaqarası baxmasınlar. Elə xanım ola bilər ki, futbolu onlardan da yaxşı bilər.
http://s018.radikal.ru/i519/1411/6c/1422131329ce.jpg
http://s40.radikal.ru/i087/1411/fd/a519edff29cf.jpg
http://s50.radikal.ru/i130/1411/81/8cacdceafb20.jpg
http://s017.radikal.ru/i425/1411/43/15db6de455fe.jpg
http://s019.radikal.ru/i612/1411/49/06c4176955d3.jpg
http://s020.radikal.ru/i700/1411/79/a8d4220141f5.jpg
http://s018.radikal.ru/i512/1411/23/4f9612a529cb.jpg
http://s017.radikal.ru/i408/1411/ad/f5b7f5d9f52d.jpg
http://s04.radikal.ru/i177/1411/ed/67ad2278ba9e.jpg
http://i054.radikal.ru/1411/16/8e3feccf2b94.jpg