Bunlar nə həqiqətin peşindədirlər, nə siyasi məhbuslar veclərinədir. Bunlar söymək, şərləmək və nifrətlərini qusmaq üçün fürsət gəzirlər. İllərdir bu cür davam edir. Söyürlər, yamanlayırlar, böhtan atırlar və… axırda da cavablarını alıb susurlar. Bir müddət keçir, yenə başlayırlar.
Bir qəzet redaktorunun hansısa beynəlxalq tədbirdən hazırladığı reportaja bu cür reaksiyanın verilməsi, günlərlə müzakirə olunması normal deyil. Batumidəki konfrans Azərbaycan ictimai-siyasi mühitinin hansısa kəsimi üçün maraqlı ola bilər. O da epizodik. Amma bütövlükdə cəmiyyəti o cür tədbirlər əsla maraqlandırmır. Heç Rauf Arifoğlu həmin konfransa dəvət edilməsəydi, o qalmaqalı görüb reportaj yazıb sayta yollamasaydı, kimsənin nə konfrans haqda məlumatı olacaqdı, nə də ordakı mübahisəni eşidəcəkdi. Beş-on adamdan başqa təbii ki, bu mövzu heç kimə maraqlı görünməyəcəkdi.
Fəqət Rauf bəy yazdı, skandalı ictimailəşdirdi, bütün tərəflər bir kənarda qaldı, Azərbaycan siyasətinin, QHT və jurnalist cameəsinin barbarları düşdülər ortalığa. Adamı ilişdirmək, tutdurmaq üçün üzünü cıran, özünə xəsarət yetirən küçə qadını stilində şüvən qopardılar. “Yeni Müsavat” qəzetini, onun rəhbərliyini, kollektivini ən ağır ittihamlara, təhqirlərə məruz qoydular.
Bu prosesin başında dayananlar var. Sosial şəbəkədə təsirlərində saxladıqları cahilləri üstümüzə qısqırdıb bizi söydürürlər növbəti dəfə.
***
Müsavat adında bütün təsisatlara (dəxli yoxdu, bu, qəzetdi, ya partiya) bolşevikcəsinə nifrət bəsləyən Əli Kərimli əlinə düşən fürsəti fövtə vermək istəmir. Rəhbərlik və nəzarət etdiyi “Azadlıq” qəzetində sosial şəbəkələrdə nə qədər söyüş-təhqir, şər-böhtan var, hamısını çap etdirir. Ancaq qəzetdə bizim bir cümləlik mövqeyimizi vermirlər. Bu, AXCP sədrinin açıqca bizə olan qərəzidir. Ə.Kərimli o qədər kiçilib, balacalaşıb ki, kompüter arxasında əyləşib haqqımızda kim nə yalan yazırsa “copu past” edib yollayır “Azadlıq”a. Onlar da çap edirlər. İndi nə edək? Bizdəmi bu siyasi liliputun səviyyəsinə düşək? Əhəd Abıyevin, Hafiz Hacıyevin onun barəsində indiyədək dediklərini “ardı var” qeydi ilə qəzetdə çap edək? Həmçinin onların Ə.Kərimli barədəki çıxışlarının video xülasəsini hazırlayıb facebookda, saytlarda yerləşdirək? Yəqin onda bu əxlaq və mənəviyyat yoxsulunun ağlı gələr başına.
Ə.Kərimli fərqli fikri görməzdən gəlir, amma özü iqtidarı buna görə qınayır. Hakimiyyətdən ədalət tələb edir, fəqət özü bu ölkənin ən qərəzli adamlarındandır. Hökumətin xalqın malını taladığını deyir, büdcənin düzgün bölüşdürülməməsi haqda bəyanat verir, amma özünün tamahı qılıncdan kəskindi. Bir neçə il öncə 30 min avroya görə nə biabırçılıqdan çıxdı. İki qardaşı düşmən etdi bir-birinə.
Sən necə demokratsan, necə müxalifətçisən, necə partiya sədrisən ki, özünə sərf etməyən bircə cümləni qəzetdə buraxmırsan?! Bir qəzet redaktorunu, bir kollektivi söydürürsən, amma qarşı tərəfdən bir cümlə vermirsən. Bu əxlaqın, bu mənəviyyatın sahibi Azərbaycana rəhbərlik etmək iddiasına düşüb. Özünü, emosiyasını, hikkəsini idarə edə bilməyən, həyatını nifrət və fırıldaq üzərində quran, vaxtilə liderini, cəbhədaşlarını, ölkəsinin maraqlarını satan bir siyasi dələduz, bu xalqa, bu ölkəyə rəhbərlik etmək istəyir… Hansı haqla? Hansı üzlə?
***
Əfqan Muxtarlı adında bir məxluq var. Bizi onun diliylə söydürür. Hazırda Əfqan Ə.Kərimlinin ən yaxın müttəfiqidir. “Taylı tayını tapmasa günü ah-vayla keçər” – deyib atalar. Yaxşı tapışmısınız. 2009-cu ilin yayından – Əfqan “Yeni Müsavat”dan qovulandan bu yana Rauf Arifoğlunu, məni, “Yeni Müsavat”ı, kollektivin ayrı-ayrı üzvlərini ən ağır ifadələrlə təhqir edib. Bir dəfə də olsun qəzetdə cavab verməmişik. Çünki buna layiq deyil. Amma hər dəfə ona tribuna verib bizi söydürür Ə.Kərimli. Əfqanla Hafiz Hacıyevin nə fərqi var ki. İkisi də küfrbazdı. İkisi də sifarişlə söyüş söyür.
Əli Kərimlidən gözləniləndi bu. Amma adama təsir edən başqa məsələlər var. Bəzi müsavatçı bacı-qardaşlarımız son günlər facebookda Əfqanı müdafiə edən statuslar yazırlar. Guya biz onun barəsində haqsızlıq edirik. Bu adam 5 ildən çoxdur bizi açıq şəkildə söyür, təhqir edir. Niyə bircə dəfə buna etiraz etmədiniz? Səsinizi çıxarmadınız? Amma başqa bir saytın, “Yeni Müsavat”a dəxli olmayan bir jurnalistin araşdırma yazısını dərc edən kimi “Əfqan məsumdur” dediniz, yazdınız. Onun bizi söyməsinin müqabilində biz sadəcə faktlara söykənən bir yazını təkrar çap etmişik. Vəssalam. Nə yazılıb o yazıda? Yazılıb ki, Ə.Muxtarlı Armen Karapetyan adlı erməni jurnalistlə birlikdə yazılar yazıb. Bu faktı inkar edən varmı? Axı o, özü bunu təsdiq edir. Erməniylə imzadaşlıq etmək, iş yoldaşı olmaq, eyni mənbədən pul qazanmaq, qucaqlaşmaq, öpüşmək, yeyib-içmək olar, bu, normaldır, demokratiyadır, amma bir qəzetçinin şahid olduğu hadisə barədə rəhbərlik etdiyi qəzetdə yazı çap etdirməsi Vətənə, xalqa xəyanətdi? Ya da kiminsə əcnəbi təşkilata “ermənipərəst” deməsi bütün dəyərlərə ziddi sayılmalıdır?
***
Azərbaycan onsuz da fərli ölkə deyil. Bir yandan da qaragüruhçular, siyasi barbarlar, “yarğısız infazçılar” bu ölkənin anasını ağladır. Nankorluq, yalan, nifrət, mənəvi korrupsiya da bir tərəfdən yeyib dağıdır ölkəni. Belə vəziyyətlərdə müxalifət meydana çıxır, ya hakimiyyətə iqtidar olur, ya ölkədəki situasiyaya. Amma bir iqtidara baxırsan, bir müxalifətə nəzər salırsan. Çaş-baş qalırsan. Sanki əkiz qardaşlara baxırsan…