“Bakıda rəzalət: qardaş iki bacısını zorladı – ŞOK”, “Azərbaycanda qardaş bacısını yatağa saldı və…”, “Bakıda oğul atasının gözlərini çıxardı”, “Cazibədar model alt paltarı reklamında” və sair bu tipli xəbər başlıqları demək olar ki, hər gün müxtəlif saytlarda qarşımıza çıxır. Adətən, belə yazılara baxış sayı 10 minin üstündə olur və bu vəziyyətlə bağlı istər oxucular, istər mütəxəssislər narazılıqlarını dilə gətirsələr də, kriminal, habelə açıq-saçıq başlıqlı xəbərlərə maraq azalmaq bilmir.
İlahiyyatçı, Media Təqib Mərkəzinin Azərbaycan üzrə baş direktoru Elşad MiriLent.az-a açıqlamasında Azərbaycanın elektron mediasında əsasən 2 saytın açıq-saçıq, insanları vahiməyə salan xəbər başlıqlarının seçilməsində xüsusi rolu olduğunu bildirdi: “Biz hazırda həmin saytların adlarını açıqlaya bilmirik. Amma ola bilsin ki, gələcəkdə bu cür xəbər başlıqlarına geninə-boluna üstünlük verən saytların adını açıqladıq. Konkret olaraq isə onu deyə bilərəm ki, Azərbaycanda iki sayt var ki, məhz bu işdə lokomotiv rolunu oynayır. Yerdə qalan, təxminən yetmişə yaxın sayt isə həmin iki saytın təqdim etdiyi xəbərlərin nöqtə-vergülünə belə toxunmadan, “copy-paste” etməklə öz saytlarına yerləşdirir. Demək olar ki, başlıqları da dəyişmirlər. Media Təqib Mərkəzi olaraq biz bir dəfə belə faktla rastlaşmışıq. Xəbərin başlığındakı səhvi görmədən, başlığı olduğu kimi saxlayıblar. Mətnin içərisində baxanda görürsən ki, başlıq səhvdir”.
Elşad Miri hətta bir neçə saytın məqsədyönlü şəkildə baxılma saylarını şişirtdiyini də açıqladı: “Biz həm “Google”, həm də özümüzün axtarış motorları vasitəsilə həmin xəbərlərin oxunma sayına baxmaq imkanımız olmadığı üçün, bir qayda olaraq görüntülənmə sayına baxırıq. Hərdən görürsən ki, bir neçə sayt bu rəqəmləri məqsədyönlü şəkildə şişirtməklə məşğul olur. Aydın məsələdir ki, saytlar buna reytinq üçün əl atırlar. Bundan başqa, tək bizdə deyil, dünyanın bir çox ölkəsində sosial vəziyyəti yaxşı olmayan insanların, oxucuların müraciət etdiyi mövzular əsasən, şou-biznes, kriminal və açıq-saçıq başlıqlı xəbərlərdir.
Ancaq bunlarla bərabər, iki faktı diqqətinizə çatdırmaq istəyirəm. Cəbhədə erməni vertolyotunun vurulması bütün bu qəbildən olan xəbərləri üstələdi. Həm də Media Təqib Mərkəzi “CNN Türk” telekanalının xəbər aparıcısının bu hadisə ilə əlaqədar xəbərində “Dağlıq Qarabağ Respublikası” ifadəsi işlətməsi faktını aşkarladı və biz bunu paylaşdıq. Bundan sonra bir neçə yerli telekanal bizə istinadla bu xəbəri yayımlayandan sonra bu ən populyar xəbərə çevrildi. Həmin görüntü də ən çox izlənmə sayı qazandı”.
Media eksperti Zeynal Məmmədli dünya mediasında bu prosesin getdiyini söyləsə də, ölkəmizdə daha təhlükəli hal aldığını qeyd etdi: “Medianın ticariləşməsi, kommersiyallaşması qorxulu axın kimi bütün dünyada genişlənib. Özəlliklə, sosial şəbəkələrin ortaya çıxması, insanların birdən-birə müəllifə çevrilməsi faktını göstərə bilərik. İstər-istəməz də qara kütləyə xas olan keyfiyyətlər mediaya da yol açır. Onsuz da medianın əvvəldən bu xasiyyəti var idi. Məsələn, mediada cəmiyyətin fikrini aktual məsələlərdən yayındırmaq istəyirsənsə sən o cür materiallar verirdin. Təsadüfi deyil ki, ortalıqda “Sarı media” var və “Bulvar mediası” var. Biri heyvani hissləri inkişaf etdirirsə, “Sarı media” isə bir şeyə maraq oyadır. Artıq onun üçün doğru yox, materialı satmaq önəmlidir. Və bu da istər-istəməz bütövlükdə mediaya çıxır. Bu məsələ dünyada xarakterik olsa da, Azərbaycanda özəlliklə xarakterikdir. Çünki Azərbaycanda buna öncədən dözüm aşılaya biləcək nümunələr yoxdur. Media Azərbaycan xalqının gözündə elə bir yüksək səviyyəyə qalxmamışdı, həmişə doğrunu söyləməmişdi, həmişə ona faydalı bilgi verməmişdi ki, ona bağlılıq qalaydı. Necə ki, insan siqaretə bağlı qalır, o cür də kütlə buna bağlı qalsın. Bu bir xəstəlikdir və bu xəstəlik çox qorxulu xəstəlikdir. Obrazlı desəm, bu ölümlə də nəticələnə bilər”.
Zeynal Məmmədli vəziyyətdən çıxış yolunun insanlara lazımlı materialı yüksək peşəkarlıqla, dolğun və onların anlayacağı dildə təqdim etməkdə görür: “Tədricən insanların anlayışını, marağını qaldırmaq lazımdır. Kütləni publikaya, publikanı yoldaşa, yoldaşı dosta, dostu qardaşa çevirmək lazımdır. Bu uzun bir prosesdir. Amma gerçək media olmaq istəyirsənsə, bun məhkumsan. Azərbaycan mediası “Oxucu yoxdur” deyir, amma bu bəhanədir. Yəni bizdə elə sərbəst reklam bazarı varmı ki, sözün əsl mənasında ondan ötrü yarışmağa dəysin? Bir də ən vacibi söz və mətbuat azadlığıdır. Söz və mətbuat azadlığı sözün əsl mənasında, öcəşmək, qarşıdurma, müxalifət-iqtidar mübarizəsi kimi qavramaq mənasında yox, cəmiyyətin bütün kəsimlərinin özünü ifadə etmək mənasında formalaşmalıdır. Əgər bu belə olsa, həmin xəstəlik xeyli zəifləyəcək”.
Psixoloq, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov insanların kriminal və seks mövzusunda xəbərləri oxuduqdan sonra bir qayda olaraq məmnunluq, ani həzz duyğusunu keçirdiyini dedi: “Alman filosofu Karl Yaspers deyirdi ki, zaman gələcək əsrin sonunda insanlar sekslə məşğul olmaqdan daha çox onun haqqında danışacaqlar. Bizim insanlar da daha çox bu mövzuda danışmağı, bu mövzulu xəbərləri oxumağı, izləməyi xoşlayırlar. Bu da düşüncənin transformasiyası ilə bağlıdır. İnsanlar ani həzz istəyirlər. O dəqiqə oxuyum, həzz alım, qurtardı-getdi. Başlıqda kiminsə alt paltarı ilə bağlı bir başlıq qoymaq kifayət edir ki, həmin xəbər oxunsun. Bu insanların ani həzzə köklənməsi, ani ləzzət almağa fokuslanması ilə bağlı olan problemdir. Bu gün ailədaxili problemlərdən biri də tərəflər arasında intim məsələdir. Bu sirr deyil, sadəcə zaman-zaman bu məsələləri qabartmamağa çalışırıq. Yenə deyirəm ki, insanlar o cür xəbərləri, mövzuları oxuyarkən ani həzz, ləzzət alırlar. O cümlədən kriminal xəbərlər olsun. Kriminal xəbərləri oxuyanlar şüur altı olaraq düşünür ki, bu hadisə mənim həyatımda baş verməyib, bunu mən etməmişəm, mən bundan ziyan çəkməmişəm. Fərd özünü orda görməyəndə şüur altı bir məmnunluq duyğusu yaranır. Kriminal xəbər qorxulu, həm də təhlükəli bir xəbərdir. Bir insan baş kəsmə xəbərindəki fotoya, videoya niyə baxsın? Çünki o həmin görüntülərə baxaraq düşünür ki, orda başı kəsilən mənim yaxınım, qohumlarım deyil. Bu düşüncənin istiqamətlənməsi ilə bağlı bir problemdir.
Məsələn, 20 il əvvəl vəziyyət tamam fərqli idi. Yadıma gəlir Sovet ensiklopediyasının 9-cu cildində bir lüt qadın şəkli vardı. Kitabxanada həmin ensiklopediya tapılmırdı. Ensiklopediyanı da götürənlər də yeniyetmələr idi. Ancaq bu gün 7-8 yaşında uşaqlar artıq intim həyat haqda məlumatlıdırlar. Normal bir şey yazırsan oxumurlar. Gərək yazı hökmən qıcıq oyatsın”.
Ailem.az saytının baş redaktoru Anar Gəraylı isə saytların oxucunu cəlb etmək üçün müxtəlif üsullardan istifadə etməsinə normal baxır: “İnternet medianın mövcudluğu əsasən reklam üzərindədir. Reklam almaq üçün də kapitalizmin şərtlərinə uyğunlaşmalısan. Bu şərtlər də bazarda birinciliyə iddia etmək, ən çox oxunan olmaqdır. Bu baxımdan saytların oxucunu cəlb etmək üçün müxtəlif üsullardan istifadə etməsi tamamilə normaldır. İnsanların beyinlərində müəyyən “açar sözlər” var və həmin sözlərə istinad edəndə oxucular xəbərə avtomatik reaksiya göstərir. Bu “açar sözlər”i doğru seçmək və yerində işlətmək oxucunun da, bizim də marağımızdadır.
“Açar sözlər”in əsasən intim və kriminal mövzuları ehtiva etməsinin səbəblərini araşdırmaq isə mediadan çox sosioloqların və antropoloqların işidir. Bu məsələyə sırf azərbaycanlılar tənqid etmək prizmasından yanaşmağı doğru hesab eləmirəm. Çünki intim, seks və kriminal mövzular bütün dünyada ən çox oxunanlardır. Məşhurların yaşayışı, onların şəxsi və intim həyatı və s. kimi xəbərlər dünyanın istənilən ölkəsində ən çox maraq doğuran mövzulardır. Azərbaycan mediası bu məqama dəfələrlə özünütənqid baxımından yanaşıb, bu anomaliyanı kritik edib. Ancaq mövcud bazar iqtisadiyyatı bu məsələyə birmənalı yanaşmağa imkan vermir. Saytlar əsasən oxucuların tələblərinə uyğun formalaşdırıldığı üçün təklif də həmin “açar sözlər” üzərində formalaşdırılır”.