Ekspertlərin gözlədiyi kimi, OPEC son 15 il ərzində ən kritik hesab olunan toplantısında neftin ucuzlaşmasının qarşısını almaq istəmədi-kartel gündəlik hasilatı əvvəlki səviyyədə (30 milyon barrel) saxlamağı qərara alaraq dünya bazarlarında “qara qızıl”ın daha da ucuzlaşmasına səbəb oldu.
OPEC-in qərarı açıqlanan kimi neftin qiyməti daha 6 faiz aşağı endi və hazırda daha bir psixoloji baryerə – 70 dollara yaxınlaşmaqdadır.
Virtualaz.org saytı xəbər verir ki, gələn ilin yanvar ayına bağlanan müqavilələrdə isə WTI markalı yüngül neftin qiyməti hətta 70 dollardan da aşağı göstərilib. Bu, 2010-ci ildən bəri ən aşağı qiymətdir.
Analitiklər proqnozlaşdırır ki, ucuzlaşma davam edəcək və çox keçmədən neftin qiyməti 60 dollara qədər enəcək.
Bəs OPEC-in son qərarından udanlar və ən çox uduzanlar kim olacaq?
Bəzi qənaətlərə görə, Rusiyanı cəzalandırmaq məqsədi daşıyan, bəzilərinə görə isə son vaxtlar vüsət götürən “şist inqilabı”nın – laylar arasına yüksək təzyiqli su vuraraq parçalanma yaratmaqla neft-qaz hasilatının genişlənməsinin qarşısını almağa yönələn, yaxud dünyada iqtisadi geriləmənin nəticəsi hesab edilən bu ucuzlaşma hara qədər gedəcək?
OPEC-in hasilatı azaltmamaq qərarı 2015-ci ilin iyun ayına qədər qüvvədə olacaq. Bu isə o deməkdir ki, neftin qiymətinin artması üçün yaxın perspektivdə heç bir tutarlı səbəb yoxdur. Bu baxımdan qiymətlərin 60 dollara qədər enməsinə hazır olmaq lazımdır.
Analitiklər hesab edir ki, OPEC-in qərarından udanlar ilk növbədə başda Səudiyyə Ərəbistanı olmaqla Fars körfəzi ölkələridir. Bu ilin iyun ayından etibarən neftin 35 faiz ucuzlaşması qiymətlərin sərbəst formalaşmasına və Səudiyyə Krallığının bazarda payını saxlamağa imkan verir.
Səudiyyə Ərəbistanında və digər körfəz ölkələrində neftin maya dəyəri cüzi olduğuna görə ucuzlaşma onlara ciddi təsir etmir. Bu ölkələrdə neft hətta bir neçə metr dərinlikdən çıxır və qiymət nə qədər aşağı ensə də hasilatçı şirkətlər üçün biznes gəlirli olaraq qalacaq.
ABŞ-a da neftin ucuzlaşması şübhəsiz ki, iqtisadi baxımdan sərfəlidir. Bu, Birləşmiş Ştatların enerjiyə yönəldilən xərclərini xeyli azaldır. Amerikalı istehlakçılar da indi maşınlarına ucuz benzin töküb istədikləri qədər gəzə bilərlər. Həmçinin amerikalıların enerjiyə xərclədikləri pullar xeyli azalıb və bu da ölkədə iqtisadi inkişafa əlavə stimul verir.
Lakin ABŞ-da şist nefti emal edən şirkətlər müflis olmaq təhlükəsi qarşısındadır. Əgər neftin qiyməti 70 dollardan aşağı ensə, şist nefti emalı zərərli biznesə çevriləcək və bu texnologiyanı tətbiq edən şirkətlərin azı yarısı yaxın bir neçə ay ərzində müflis olacaq.
Elə ekspertlərin də bir çoxu hesab edir ki, Səudiyyə Ərəbistanının qiyməti endirməkdə məqsədi Amerikada şist nefti emalını sıradan çıxarmaq, beləliklə də gələcəkdə bazarda güclü rəqabətdən azad olmaqdır.
Digər tərəfdən, ABŞ, Meksika və Kanada kimi ölkələrdə ənənəvi texnologiyalarla neft hasilatı kifayət qədər baha başa gəlir və qiymətlərin düşməsi bu şirkətləri ciddi ziyana salır.
Neftin ucuzlaşmasının Rusiyanı iqtisadi baxımdan sarsıtmaq planlarının bir hissəsi olduğu haqda nəzəriyyələrin tərəfdarları isə daha çoxdur. Çünki Qərbin tətbiq etdiyi sanksiyaların nəticəsində ciddi iqtisadi itkilərlə üzləşən Rusiyada neftin kəskin ucuzlaşması iqtisadi kollapsa səbəb ola bilər.
Ərəb ölkələrində ucuzlaşma ciddi iqtisadi nəticələrə səbəb olmur. Bu ölkələrin ehtiyat fondlarında nəhəng məbləğlərdə vəsait var. Üstəlik Rusiyadan fərqli olaraq onlar nəhəng dövlət aparatını və 200 milyona yaxın əhalini dolandırmaq qayğısından uzaqdır. Ərəb ölkələrində əhalinin sayı azdır və dövlət aparatı böyük deyil.
Rusiya isə neftin pulu hesabına 40 milyonluq məmur ordusunu maaşla təmin etməli, əksəriyyəti dotasiyadan asılı olan regionları dolandırmalı, o cümlədən nəhəng hərbi xərcləri qarşılamalıdır.
Rusiyanın 2015-ci il üçün dövlət büdcəsində neftin bir barreli 96 dollardan hesablanıb. Maliyyə Nazirliyinin rəsmiləri deyirlər ki, OPEC-in qərarından sonra büdcə layihəsinə yenidən baxıb qiyməti 80 dollardan götürmək lazım gələcək.
Lakin Rusiya rəhbərliyinin qiymətin 80 dollar səviyyəsində qalacağına hələ də inanmasını izah etmək mümkün deyil. Rusiyanın Ehtiyat Fondunda cəmi 3,9 trilyon rubl var. İşlər bu cür getsə, fonddan 500 milyard rubl xərcləmək lazım gələcək. Bundan əvvəl isə Maliyyə Nazirliyi 120 milyard rublluq antiböhran fondunu tükətməyə hazırlaşır. Nazirlik neftin ucuzlaşması nəticəsində gələn il büdcənin itkilərinin azı 1 trilyon rubl olacağını proqnozlaşdırır.
Bununla belə Rusiya hökumətinin iqtisadiyyat blokunda ümid edirlər ki, qiymətlər tezliklə üzü yuxarı qalxmağa başlayacaq.
Lakin Rusiyadan başqa qiymətlərin yenidən 100 dollara çatacağına inananlar çox azdır. OPEC-in son qərarından sonra Rusiya valyuta birjalarında dollar və avro kəskin bahalaşıb, dollar 50 rublu, avro 62 rublu keçib. Əgər tendensiya bu cür davam etsə, Mərkəzi Bank ehtiyat valyuta fondundakı vəsaitlərin bir hissəsini də rublun devalvasiyasını əngəlləmək üçün sərf etməli olacaq.
Rusiyanın neft şirkətləri isə hələlik bizneslərinin ziyana gedəcəyini düşünmürlər. “LUKoil”un vitse-prezidenti Leonid Fedun deyib ki, şirkət neftin qiymətinin 25 dollara enməsinə davam gətirə bilər.
“Rosneft” isə emal etdiyi neftin maya dəyərinin cüzi – 4 dollar olduğunu bildirir və ucuzlaşmadan narahat olmadığını bildirir. Lakin əksər Rusiya şirkətləri qiymətin 80 dollar səviyyəsində qalması halında belə investisiya layihələrini yarıbayarı ixtisar etməli olacaqlar.
Digər tərəfdən, Sibirdə neft emal edən Rusiya şirkətləri indi Qərbdən avadanlıqlar idxal edə bilmirlər və hasilatda çətinlik çəkməyə başlayıblar.
Şübhəsiz ki, OPEC-in toplantısını Azərbaycan hökumətinin iqtisadiyyat blokunda da yaxından izləyirdilər və kartelin hasilatı azaltmamaq qərarı Bakıda da sevinclə qarşılanmayıb.
Azərbaycan büdcəsini əsasən neft gəlirləri ilə dolduran ölkələrdən biridir və ucuzlaşmadan narahat olmaya bilməz. Hökumət gələn ilin büdcəsində neftin qiymətini 90 dollardan hesablayıb. Nəzərdə tutulur ki, qiymət yenidən qalxmasa çatışmayan vəsait Dövlət Neft Fondundan götürüləcək.
Prinsipcə Azərbaycanın yaxın perspektiv üçün ucuzlaşmadan ciddi narahat olmağa səbəbi yoxdur. Neft Fondunda büdcə kəsirinə yol verməmək üçün kifayət qədər vəsait var. Əgər ucuzlaşma uzunmüddətli olmayacaqsa, Azərbaycana bunun ziyanı elə də çox olmayacaq.
Lakin ucuzlaşma digər mühüm məsələni – Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılmasını bir daha önə çıxarır. Bu, prezident İlham Əliyevin iqtisadi strategiyasının başlıca prinsipidir və son illər qeyri-neft sektorunda müşahidə edilən sürətli artım tempi həmin strategiyanın artıq ciddi nəticələr verdiyini göstərir.
Neftin qiymətinin həmişə 100 dollardan yuxarı qalacağına ümid etmək sadəlövhlük olardı və iqtisadiyyatı bahalı neft amilinin üzərində qurmaq tamamilə yanlış taktikadır. Çünki son ucuzlaşma tendensiyasından da göründüyü kimi, neftin kəskin bahalaşması kimi hansısa siyasi planlara görə kəskin ucuzlaşması da mümkündür. Deməli, Azərbaycan öz iqtisadiyyatını mümkün qədər tez neft asılılığından qurtarmaq siyasətini yürütməkdə tamamilə haqlı idi.
Bununla belə, Beynəlxalq Valyuta Fondu xəbərdarlıq edir ki, Azərbaycan neftdən asılılığın azaldılması istənilən səviyyədə deyil. Hökumət bu istiqamətdə daha ciddi nəticələr əldə etmək üçün korrupsiyaya qarşı sistemli mübarizə aparmalı və ticarəti liberallaşdırmalı, yəni inhisarçılığı aradan qaldırmalıdır.
İndi neftin qiymətinin ən azı yaxın yarım il ərzində 60-70 dollar həddində qalacağına dair güclü dəlillərin mövcud olduğu bir vaxtda Azərbaycan hökuməti çevik istisadi islahatlar paketi hazırlayıb həyata keçirməyə başlaya bilər. Bu islahatlar paketi xarici investisiyalar üçün daha münbit şəraiti, korrupsiyanın azaldılmasını, ticarətdə liberallaşmanı və inhisarçılığın aradan qaldırılmasını, kiçik və orta sahibkarlığın inkişafı üçün yeni proqramları nəzərdə tuta bilərdi. Bir halda ki “Azərbaycan 2020: Gələcəyə baxış” konsepsiyasında neftdən asılı olmayan iqtisadiyyata nail olmaq başlıca prinsipdir, o zaman neftin indiki ucuzlaşması radikal iqtisadi islahatlar üçün yaxşı fürsət deyilmi?