Ermənilər bizim milli çörəyimiz lavaşı da oğurlamaq istəyirlər, deyilənə görə, YUNESKO-nun saytında bu haqda yazı soxuşdurublar. Guya lavaş milli erməni çörəyidir. Bizim Mədəniyyət və Turnik Nazirliyi isə dərhal işə başlayıb, oxlovu uzadıb YUNESKO-nun gözünü çıxardıblar, erməni yalanını ifşa ediblər.
Lakin kimsə təzədən girib YUNESKO-nun saytına, görüblər nazirlik yalan danışır, orda yenə də yazı qalır ki, lavaş erməni çörəyidir. Vay-vay… Bəs nə oldu? O cür qələbəni qeyd eləmişdik, bütün millət hazırlaşırdı Əbülfəs Qarayevi Azadlıq meydanında atıb-tutsun (Axırıncı dəfə atanda tutmamaq da olardı).
Nazirliyin bu münasibətlə yarıgülməli, yarıağlamalı açıqlaması var, deyir YUNESKO-ya desant qrupu göndərmişik, onlar qayıtsın, sizə dəqiq məlumat veriləcəkdir. Bir növ, lavaşın milliləşdirilməsi haqda “xəbərlər həddən artıq şişirdilibmiş” – Mark Tven demişkən.
Mənim özümün mövqeyim oxuculara maraqlıdırsa, uşaq vaxtından sacda bişən yuxanın ləzzətini görmüş bir insan olaraq heç vaxt lavaşın milli çörəyimiz olmasına şübhə etməmişəm. Bunun elmi səbəbini də izah edə bilərəm.
Məsələ ondadır ki, lavaş, yuxa texniki baxımdan köçəri xalqlara aid bir çörəkdir. Çünki bunu sacda – daşınan çörəkbişirmə alətində hazırlayırlar. Təndir qurmaq lazım deyil, yolüstü harda bir dəstə çör-çöp tapdınsa, yığ sacın altına, bişir. Qurudulmuş lavaşı saxlamaq, daşımaq da daha uyğundur, nəinki qalın çörəyi. Türklər tarixən köçəri xalqlar olublar, əkinçilikdən çox heyvandarlıqla dolanıblar və sacda çörək bişirmək onlara daha uyğun idi. Ermənilərin könüllü, kültür (mədəniyyət) olaraq köçəriliyi haqda tarixdə məlumat yoxdur. Onlarda lokal – dağa-arana köçmək kültürü də olmayıb.
Uzun sözün qısası, çörəyimizi yedikləri bəs deyil, hələ oğurluq da eləyirlər. Eləsinlər, onsuz ədalət yerini tapacaqdır. Ermənilər bu məsələdə o qədər xəstədirlər ki, hətta əriyi də “erməni meyvəsi” kimi qeydiyyatdan keçirməyə cəhd edirlər (Bu yoluxucu xəstəlik son illər bizə də keçir, misal üçün, narı Azərbaycan meyvəsi sayan xeyli adam var. Onlara necə deyəsən ki, dünya nar istehsalının böyük hissəsi Əfqanıstanın payına düşür? Çətindir. Heç Qafqazın az qala hər yerində bitən xarı-bülbülün “ancaq Şuşa ”propiskası” söhbətini aradan qaldıra bilmirik).
Həmçinin mənə görə hazırkı dünyada belə proseslərin yeganə düzgün yolu iqtisadi uğurlardır. Sadə desəm, lavaş onu yaxşı bişirənin, satanındır. O cümlədən dolma. Əgər bu gün heç Bakının özündə yaxşı dolma bişirib satan restoran yoxdursa, bunun bizim xörək olduğunu kimə başa salaq? Yaxşı bişir, dolma sənindir. Çərənləmək yox, iş görmək lazımdır.
YUNESKO-nun namərdliyi bir az adamın ürəyini ağrıdır. Pulu bizdən alırlar, Heydər Əliyev Fondu indiyə qədər YUNESKO proyektlərinə xeyli neft pulumuzu axıdıb, ancaq təşkilat ermənipərəst çıxdı. Çörəyimizin, lavaşımızın duzu yoxdur. Mən təklif edərdim YUNESKO-dan çıxaq. Qovaq nümayəndəsini. Mehriban Əliyeva da YUNESKO-nun xoşməramlı səfiri olmaqdan imtina eləsin. Ən azından, xəbərdarlıq olunmalıdır YUNESKO-ya. İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Biz YUNESKO-nu sıxsaq, məcbur olub Tac Mahalı da bizim adımıza keçirdərlər. Prinsipcə, elə bizimdir, çünki türk Baburlar sülaləsi tikdirib.
Sonda iqtisadçı dostumuz Natiq Cəfərlinin facebook-da müzakirəyə çıxartdığı daha bir milli məsələ haqda. Norveç hökuməti bizim Təhsil Nazirliyinə 2 milyon avro qrant verib təzəlikcə, bu pul Azərbaycanda peşə təhsilinin inkişafına yönələcəkmiş. İndi Natiq bəy sual edir ki, xaricdən maliyyələşən qara qüvvədən biri də bizim Təhsil Nazirliyi olurmu? Doğrudan da, Norveç, görəsən, niyə bizim daxili işlərimizə qarışır? Ayıb olsun Norveçə!