Azərbaycan elminin ən böyük problemlərindən biri də yaş amili ilə bağlıdır. Söz yox ki, alim hər yaşda dəyərlidir, amma bugün gənc kadrlarla yaşlı elmi nəsil arasında balans pozuntusu kifayət qədər hiss olunur. Az qala hər institut və elmi təşkilatda təqaüd yaşını adlayan alimlər üstünlük təşkil edir. Hətta funksionerlər və təşkilat rəhbərlərinin arasında gənc kadrlara demək olar ki, rast gəlinmir. Modern.az-ınElmlər Akademiyasının institut direktorlarının yaşı barəsində apardığı kiçik araşdırma da bunu təsdiqləyir.
Kibernetika İnstitutunun direktoru akademik Telman Əliyev elmimizin yaşlı nümayəndələrindəndir. Alimin gələn il 80 yaşı tamam olacaq.
Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitunun direktoru professor Yaqub Mahmudov isə həmkarından bir neçə yaş kiçikdir. Həm də Milli Məclisin deputatı olan tarixçi alim üzümüzə gələn il 76 yaşını qeyd edəcək.
Elm aləminin qocaman alimlərindən daha birisi akademik Tofiq Hacıyev isə bu il 78 yaşını qeyd etdi. Qeyd edək ki, dilçi alim məhz 78 yaşında akademiyanın Dilçilik İnstitutunun direktoru təyin edilib.
Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyevin gələn il akademiya səviyyəsində 75 illik yubileyi qeyd ediləcək.
Kimya təmayüllü başqa elmi qurum – Polimer Materialları İnstitutunun direktoru professor Akif Əzizovun gələn il 73 yaşı tamam olacaq.
Kataliz və Qeyri-kimya İnstitutunun direktoru professor Dilqəm Tağıyevhəmkarlarından nisbətən “gəncdir”. Professorun gələn il 67 yaşı tamam olacaq. Neft və Kimya prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasovun isə 62 yaşı var.
Radiasiya Problemləri İnstitutunun direktoru akademik Adil Qəribov kimyaçı həmkarından 2 yaş böyükdür. O gələn il yubiley ilini – 65-ci ad gününü qeyd edəcək.
Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov da Adil Qəribovla həmyaşıddır.
Humanitar yönlü institute direktorlarının da yaşları bir-birinə yaxındır. Fəlsəfə və Hüquq İnstitutunun direktoru professor İlham Məmmədzadənin 61, Şərqşünaslıq İnstitunun direktoru professor Gövhər Baxşəliyevanın isə 60 yaşı var.
Nizami adına Ədəbiyyat İnstitutunun direktoru və akademiyanın vitse-prezidenti akademik İsa Həbibbəylinin isə bir neçə gün bundan əvvəl 65 yaşı tamam oldu.
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova gələn il 70 yaşını qeyd edəcək.
Folklorm İnstitutunun direktoru professor Muxtar İmanov üçün də gələn il yubiley yaşı ilə əlamətdar olacaq. Folklorşünas alimin 60 yaşı tamam olacaq.
İqtisadiyyat İnstitutunun direktoru professor Nazim İmanov da Muxtar müəllimlə eyni yaşdadır. Onun da gələn il 60 yaşı tamam olacaq.
Belə hiss olunur ki, akademiyada ən gənc direktor gələn il 50 yaşı tamam olacaq Memarlıq və Mədəniyyət İnstitutunun direktoru Ərtegin Vahabzadədir.
Ən yaşlı institut direktorları isə Mikrobiologiya İnstitunun direktoru professorMəmməd Salmanovdur. Alim ömrünün 83-cü ilinə qədəm qoymaqdadır.
Ən nəhayət ötən il AMEA-ın prezidenti təyin edilən akademik Akif Əlizadə də Geologiya və Geofizika İnstitutunun direktoru vəzifəsində qaldığından onu da ən yaşlı direktorlar siyahısında göstərmək olar. Akademikin hazırda 80 yaşı var.