Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 2,72 dollar ucuzlaşaraq 66,15 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 2,28 dollar azalaraq 70,15 dollar olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən FaktXəbər-ə verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,16 dollar bahalaşaraq 74,52 dollar təşkil edib.
Bloomberg” xəbər agentliyi isə bu arada həyəcan təbili çalaraq, neftin qiymətinin ucuzlaşaraq 2008-ci il maliyyə böhranında bəri ən aşağı həddə düşdüyünü və bu prosesin daha da sürətlənə biləcəyini açıqlayıb.
FaktXəbər-in məlumatına görə, agentlik bir barelinin 40 dollardan da aşağı qiymətə enəcəyini istisna etmir. Mütəxəssislər bildirir ki, əgər söylənilən proqnoz özünü doğrultsa, onda dünyanın maliyyə sistemində böhran müşahidə oluna bilər. Bununla yanaşı, sözügedən proses bir sıra ölkələrin valyutasının düşməsinə, həmçinin müxtəlif dövlətlərin defoltuna səbəb ola bilər.
Qeyd edək ki, bir neçə gün əvvəl OPEK toplantısında Səudiyyə Ərəbistanının etirazı ilə hasilatın azaldılmaması vəziyyəti daha da dramatikləşdirib. Və məh bunun nəticəsidir ki, son azalmalarla birlikdə “qara qızıl”ın qiymətinin il ərzində enməsi 37%-ə bərabərdir.
Mütəxəssislər tam əminliklə bildirirlər ki, OPEK-in və Səudiyyə Ərəbistanının hasilatı azaltmaması ilə bağlı qərar ABŞ hökumətinin istəyidir. Səbəb isə Rusiyanın çökdürülməsidir. Amma bu, təkcə Rusiyanın deyil, eyni zamanda Azərbaycan, Nigeriya, İran və Venesuela kimi iqtisadiyyatı neft üzərində qurulan ölkələrə də ciddi şəkildə təsir göstərəcək.