Ötən gün axşam saat 22 radələrində Qax rayonu ərazisində ağır yol qəza hadisəsi baş verib. Hadisə nəticəsində 2 qardaş dünyasını dəyişib.
Milli.Az Kanal S-ə istinadən bildirir ki, hadisə Qax rayonunun Qum kəndi ərazisində baş verib. Qəza zamanı Qum kənd sakini, 57 yaşlı Fətəli Hüseynov kənd istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Zərbə nəticəsində sürücü, onun həyat yoldaşı, 54 yaşlı Sevda Hüseynova və sürücünün qardaşı, 69 yaşlı Tarix Hüseynov avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Ətrafdakıların köməyi ilə yaralılar deformasiyaya uğramış avtomobildən çıxarılaraq hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.
Məlumatlara görə, sürücü xəstəxanaya aparılarkən aldığı ağır xəsarətlərdən elə yolda dünyasını dəyişib. Onun qardaşı Tarix Hüseynov isə xəstəxanada vəfat edib. Sürücünün həyat yoldaşı Sevda Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri ilə cərrahiyyə şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, qəzaya düşənlər qohumlarının şəhərdə keçirilən toy mərasimindən kəndə qayıdırlarmış. Hadisə zamanı sürücünün içkili olması və avtomobili sürətli idarə etməsi ehtimal olunur. Faktla bağlı Qax RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.