Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller bildirib ki, “Cənub axını” qaz kəməri layihəsinin tikintisinin dayandırılması əslində Avropa bazarında işləmək üçün yeni modelin tətbiqi yönündə addımdır.
Virtualaz.org saytı xəbər verir ki, A.Miller prezident Vladimir Putinin Ankaraya səfəri zamanı elan etdiyi, hələ də beynəlxalq gündəmin əsas mövzularından biri kimi qalan sensasion qərarı “Vesti”yə şərh edərkən bu haqda bildirib.
A.Millerin sözlərinə görə, “Qazprom” təxminən “Cənub axını”nın gücündə yeni qaz kəmərini Türkiyəyə çəkəcək. Nəticədə Ukraynanın Rusiya qazının tranziti baxımından əhəmiyyəti sıfra bərabər olacaq.
A.Miller həmçinin “Qazprom”un taktikasında ciddi dəyişiklik edildiyini, Rusiyanın qazı Avropada birbaşa istehlakçılara yox, Türkiyənin Yunanıstanla sərhədində satacağını bildirib. O deyib ki, yeni kəmərlə nəql olunacaq qaz Türkiyə-Yunanıstan sərhədində satılacaq.
“Bilirsinizmi, əgər alıcı istəyirsə ki malı onun evinə çatdırsınlar, o zaman görünür, o, geyinib mağazaya getməli, qışda isə daha qalın geyinməlidir. Əlbəttə, bu zaman özü ilə üçüncü enerji paketini (Avropa İttifaqının enerji paketi nəzərdə tutulur-red.) götürə bilər. Əsas məsələ odur ki, paket boş olmasın. Bizim nümunəmizdə isə mağaza qazın təhvil verildiyi meydança, ticarət meydançasıdır” – deyə A.Miller bildirib.
“Qazprom”un rəhbəri xatırladıb ki, Rusiya qazının Avropaya istiqamətlənməklə yeni marşrutla Qara dənizin dibindən Türkiyəyə nəqli, “Cənub axını” kəmərinin marşrutunun dəyişdirilməsi iki prezidentin – Putinin və Ərdoğanın qərarıdır.
A.Millerin sözlərinə görə, “Qazprom” bu qərardan ziyana düşməyib. “Cənub axını” layihəsinə 4 milyard dollar yatırılıb, həmin vəsaitə qazın Krasnodar vilayətinə nəqli üçün kəmər və kompressor stansiyası tikilib. Bütün bu infrastruktur boşa getməyəcək və Türkiyəyə çəkiləcək yeni kəmər üçün istifadə olunacaq.
Bolqarıstan isə “Cənub axını”nın dayandırılmasından 3 milyard avro investisiyadan, həmçinin ildə 18 milyard kubmetr qaz nəqlinə görə tranzit gəlirlərindən məhrum olacaq.
“Çünki Rusiya qazı Makedoniya və Yunanıstan üçün Türkiyə üzərindən nəql ediləcək. Türkiyə isə qazandı. Avropa İttifaqı, Avropa Komissiyası sadəcə olaraq Türkiyəyə qaz ventilini hədiyyə etdi. Və mən hesab edirəm ki, Türkiyə bu şansdan Avropa ilə ikitərəfli danışıqlarda yararlanacaq. Rusiya isə qaz biznesində yeni strateji tərəfdaş əldə etdi” – deyə Miller əlavə edib.
“Qazprom” rəhbəri gələcəkdə Ukrayna üzərindən qaz tranzitini dayandıracaqlarını, Avropaya qazın “Şimal axını” kəməri və Türkiyədən çəkiləcək yeni kəmərlə ötürüləcəyini deyib: “Ukraynanın daxili tələbatı üçün lazım olan həcmdə qazı isə əlbəttə ki, nəql edəcəyik”.
Virtualaz.org qeyd edir ki, Putinin “Cənub axını”nın istiqamətini dəyişdirməsi və Türkiyəyə Qara dənizin dibindən yeni iri qaz kəmərinin çəkilməsinə dair razılaşma Azərbaycan qazının tranzitinə və satış bazarına da birbaşa təsir edəcək. Çünki Millerin də dediyi kimi, Türkiyəyə çəkiləcək yeni kəmərlə nəql olunacaq Rusiya qazı Yunanıstanla sərhəddə satışa çıxarılacaq. TANAP-la nəql olunacaq “Şahdəniz” qazı da Avropaya Yunanıstan üzərindən çıxmalıdır.
Bundan əvvəl ARDNŞ Azərbaycan qazının Yunanıstanda əlverişli satış bazarına malik olmaq üçün bu ölkənin qaz kəmərləri sisteminə nəzarət edən DESFA şirkətini 450 milyon avroya almağa razılıq vermişdi. Lakin bu günlərdə Avropa Komissiyası bildirdi ki, DESFA-nın səhmlərinin üçdə ikisinin ARDNŞ-ə satılmasına dair bağlanmış müqaviləni təsdiqləməyə bilər. Çünki bu sövdələşmə ARDNŞ-in Yunanıstan qaz bazarında inhisarçıya çevrilməsinə səbəb olacaq.
İndi isə vəziyyət radikal şəkildə dəyişir. Rusiya yeni marşrutla Türkiyə üzərindən Yunanıstan sərhədinə böyük həcmdə qaz çıxaracaq və deməli, qiymətləri də diqtə etmiş olacaq. Azərbaycan TANAP-la Türkiyə üzərindən Avropaya ildə 10 milyard kubmetr qaz nəql etməyə hazırlaşırdısa, Rusiyanın planları ildə 40-60 milyard kubmetrdir.
Digər tərəfdən, Türkiyə həm daxili tələbatını ödəmək üçün qazı Rusiyadan, deməli, həm də rəqabət nəticəsində başqa təchizatçılardan ucuz ala biləcək, həm tranzit şərtlərini diqtə edəcək. Yəni Avropa İttifaqının “Cənub axını”na qarşı təzyiqlərinin nəticələrindən bütün parametrlər üzrə udan tərəf ancaq Türkiyədir. Rusiya isə çox şey itirmir və Türkiyəni yeni qaz tərəfdaşı kimi öz tərəfinə çəkərək siyasi dividendlər əldə edir.
Azərbaycan isə belə görünür ki, Avrasiya regionunda enerji kartlarını büsbütün qarışdıran bu qərardan sonra mövqelərini əldən verməmək üçün enerji strategiyasında düzəlişlər edə bilər. Məsələn, Azərbaycan üçün indi Mərkəzi Avropa ölkələrinə, məsələn, Macarıstana qaz satmaq imkanı yaranır.
Əvvəl “Cənub axı”nın istiqaməti Macarıstana idi və Azərbaycan Mərkəzi Avropada Rusiyanın bazarına girə bilməzdi. İndi isə vəziyyət dəyişib – Rusiya yeni kəmərlə Avropaya cənubdan daxil olmağa hazırlaşır.