Müsavatın sabiq başqanı İsa Qəmbərlə Hikmət Hacızadə arasında facebook-da virtual bir dialoq olub. İsa bəyin “bəlkə biz də insan haqlarının fundamental, universal və faydalı dəyər olduğunu qəbul edək, tətbiq edək və Azərbaycanımızı inkişaf etdirək” fikrinin qarşılığında Hikmət bəy ona belə bir sual ünvanlayıb: “Bəlkə insan azadlıqlarını partiyada da tətbiq edək, “onlar iqtidara işləyir” gözəl ideyaları kənara qoyaq?”
Bəziləri bu “dueli” əlüstü və sevincək Müsavat əleyhinə, guya partiyada təməl azadlıqların boğulmasının əyani təsdiqi kimi tirajlayıblar. Halbuki, Hikmət bəy sualı bir az kateqorik şəkildə qoysa da, insan haqlarına az-maz elə Müsavatda əməl olunduğunu bilir. Başqan seçkilərinin azad və ədalətli keçdiyini bəyan edənlərdən biri də keçmiş “Qubadçı” Hikmət bəyin özüdür.
Hikmət Hacızadənin əslən şəkili olduğunu unudub da onu sözlərində quru ittiham axtarmaq əlbəttə ki, yanlışdır. Əminik, bəy öz sözünü ənənəvi sarkazmla, bir az da içdən Müsavatın mövcud durumuna səmimi şəkildə acıyaraq söyləyib. Hər halda, Azərbaycanda az-çox demokratik prinsiplərə riayət edən tək partiya varsa, yenə Müsavatdır. Müsavatı lağa qoyanlar öncə bir özlərinə və partiyalarına baxsınlar və görsünlər ki, hansı gündədirlər.
İstənilən ölkənin demokratik imicini isə demokratik hakimiyyətlə yanaşı, demokratik müxalifət formalaşdırır. Məşhur deyim necədi: xarici siyasət daxili siyasətin davamıdır. Yəni ölkənin beynəlxalq nüfuzu ilk növbədə daxildə aparılan siyasətdən, təməl azadlıqlara nə dərəcədə önəm verilməsinə bağlı sayılır.
“Daxil” dedikdə əslində hakimiyyət, müxalifət və cəmiyyət “üçbucağı” nəzərdə tutulur – amma hərənin fərqli məsuliyyət payı ilə təbii ki. Hərgah, ölkələrdə demokratiyanın yoxluğuna görə əsas sorumlu qüvvə tədricən öz taleyinə daha çox biganə olan toplumlar hesab edilməkdədir.
Beləliklə, güclü dövlət = güclü demokratik hakimiyyət + güclü demokratik müxalifət + güclü cəmiyyət. Bəs, Azərbaycanda ciddi siyasi firqələr arasında daxili demokratiyaya ən çox ehtiyacı olan təşkilat hansıdır? Əlbəttə ki, YAP. Bu partiyaya söz-fikir azadlığı gəlsə, ondan nə qalar bəs? Yəqin ki, keçmiş kompartiyadan nə qalmışdısa təxminən o.
İkinci yerdə AXCP-dir. Bəli-bəli. İllərdir cəbhəçilərin “Şərqin günəşi” adlandırdıqları şəxsin avtoritar idarəçiliyi altında olan bu partiya hələ Müsavatın çıxdığı sınaqların 1/4-dən çıxmayıb. Müsavat kimi daxili ilkin seçkilər (praymerz) belə keçirməyib. İndi orada sədr dəyişikliyini, Əli Kərimlinin liderlikdən imtina edib, İsa Qəmbər kimi kənara çəkilməsini təsəvvürə gətirin.
İsa Qəmbər Müsavatı obrazlı şəkildə “içindən qurd çıxan nar”a bənzətmişdi, Əli Kərimli getsə, AXCP-dən Allah bilir nə çıxacaq. Bu təşkilatda daxili demokratiyanın hansı səviyyədə olduğunu Kərimlinin Müsavata təzəcə transfer edən müşaviri Şakir Abbasovun şok açıqlamalarından bir daha görmədikmi?
Məsələ də ondadır ki, partiya bir mini-dövlətdi, orada ədalətli münasibətlər sistemi qura bilməyən lider ölkə miqyasında bunu heç bacarmaz. Nəzərə alsaq ki, müxalifət gələcəyin iqtidarıdır, o halda partiyadaxili plüralizmin və demokratiyanın milli dövlət maraqları baxımından dəyəri ikiqat artar.
Biz də neçə vaxtdı elə onu deyir və yazırıq ki, bu gün mediaya qənim kəsilən, onun aparıcı nəşrini hədəf seçən bir partiya başçısı ölkə sükanı arxasına keçsə, möcüzə baş verməyəcək və indiki hakimiyyətdən faktiki, heç nə ilə fərqlənməyən, hətta daha sərt kurs seçiləcək…
***
Sərlövhəyə çıxarılan sula gəlincə, bizcə, hakimiyyət və müxalifət bu məsələdə bir-birini Azərbaycan naminə, onun nüfuzu naminə tamamlamalıdır. Hakimiyyətin minimum görəvi odur ki, müxalifətin, azad fikrin və mətbuatın axırını çıxmağa çalışmaqla ölkədə totalitar idarəçiliyin mövcudluğu haqda beynəlxalq miqyasda ölkə haqda daşlaşmış neqativ rəy yaratmasın, özü ilə birgə dövləti hədəfə gətirməsin.
Müxalifət isə ölkəni hakimiyyətdən daha yaxşı idarə edə biləcəyini isbatlayan parlaq və praktik örnəklər ortaya qoymağı bacarmalıdır – hakim qüvvənin hansı siyasət yürütməsindən asılı olmayaraq. Tutaq ki, iqtidarın seçkiləri saxtalaşdırması partiyalarda avtoritar idarəçiliyə bəhanə ola bilməz. Sən qüsursuz seçki keçir, bununla həm örnək ol və iqtidarı utandır, həm də hakimiyyətə ondan daha layiqli olduğunu göstər. Balıq bilməsə də, xaliq biləcək. Elə xalq da.
Biləcək və dəyərləndirəcəklər.