Millət vəkili: ” Dünyanın başqa heç bir yerində siyasi partiya müxalifət olmaq uğrunda mübarizə aparmır”
AXCP-nin nəzarətindəki qəzet və bu partiyanın təmsilçiləri dekabrın 13-də Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla 17 siyasi partiyanın sədrinin görüşünü hakimiyyətin oyunu adlandırmaqda davam edir. Bildirirlər ki, orada iştirak edənlər müxalifət partiyaları deyillər.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirdi ki, bu görüş ümumən pozitiv siyasi hadisə idi: “Uzun illərdən sonra hakimiyyət təmsilçisi, müxalifət və digər siyasi partiyalar bir masa arxasında əyləşərək problemi müzakirə edirdilər. Nəticə nə olacaq, indilikdə bunu kənara qoymaq lazımdır. 20 ildir Ermənistan-Azərbaycan münaqişəsi danışıqlar masası arxasında müzakirə olunur, nəticə yoxdur. Amma beynəlxalq aləm, iri dövlətlər masa arxasında əyləşməyin özünü pozitiv hesab edirlər. Biz masa arxasında əyləşməyin özünü pozitiv hesab edirik ki, bu, Azərbaycanın problemlərinin həllində yeni müstəvi aça bilər. Nə dərəcədə irəliləyəcək, bunlar başqa bir şeylərdir. Görüşdə iştirak edən partiya sədri kimi məni və partiyamızı narahat edən məsələləri cənab Əli Həsənovun diqqətinə çatdırdıq. Əli Həsənov da qeyd edirsə ki, bu proses davam edəcək, bu özü müsbət haldır. Biz həmin görüşdə şəxsimiz üçün, partiyamız üçün bir şeylər istəmirdik, biz cəmiyyət üçün istəyirdik. Bəyanat şəklində səsləndirdiklərimizi hakimiyyət təmsilçisinə birbaşa görüşdə deyirik. Bu, olduqca müsbət tendensiyadır, başlanğıcdır. Mən istərdim 13 dekabr görüşündə iştirak etməyən partiyalar da iştirak etsinlər. Partiyaların gücü, yanaşması eyni olmadığı kimi onların istək və arzuları da fərqlidir. Hər kəs istəyinin, sözünün məsuliyyətini özü müəyyənləşdirir. Biz sözümüzün məsuliyyətini müəyyənləşdirən bir partiya kimi iki məsələni gündəliyə çıxardıq. Davamlı və predmetli dialoq, bu proses digər siyasi partiyaların da iştirakı ilə başlamalıdır. İkinci məsələ isə siyasi məhbuslar məsələsi idi”.
İ.Ağazadə AXCP təmsilçilərinin Əli Həsənovla görüşdə müxalifət partiyalarının iştirak etmədiyi, görüşdə iştirak edənlərin hakimiyyətin cib müxalifəti olduğu barədə dediklərinə də münasibət bildirdi. O qeyd etdi ki, dünyanın heç bir yerində siyasi partiyalardan bu cür məntiqsiz və əbləh yanaşma görməyib: “Bu adamlar müxalifət olmaq uğrunda savaş açırlar. Dünyanın başqa heç bir yerində siyasi partiya müxalifət olmaq uğrunda mübarizə aparmır. Siyasi partiyalar iqtidar olmaq uğrunda mübarizə aparır. Azərbaycanda isə son illərdə dəhşətli bir təcrübə cəmiyyətə sırınır ki, kim müxalifətdir, kim müxalifət deyil. Mən parlamentdə, görüşlərdə, beynəlxalq əlaqələrimizdə də Azərbaycan insanını narahat edən problemləri müzakirə predmetinə çıxarıb həlli yollarını göstərirəm. Haqqında danışdığınız adamlar isə müxalifət brendi uğrunda bir ömür yaşamaq istəyirlərsə, açıq bəyan etsinlər ki, biz iqtidar olmaq istəmirik, biz müxalifətçilik uğrunda savaşırıq. Onların yanaşması nəticə etibarilə hakimiyyətin mövqeyini möhkəmlədir. Bu tipli yanaşmalar bitməyincə Azərbaycanda normal yanaşma ilə siyasi mübarizə sərgiləmək olmayacaq. Müxalifətsənsə buyur, sözünü de, iş gör.
Sözdən o tərəfə keçə bilmirsənsə bizim də dediyimiz sözdür, ancaq biz iş görməyə çalışırıq və görürük. Mənim siyasi ritorikamda sənin siyasi ritorikandakı tərbiyəsiz ifadələr olmayacaq. Hesab edirsənsə ki, hardasa səngər var və sən də o səngərdə mübarizə aparırsan, buyur göstər görək hardadır bu səngər. Azərbaycanda sözdən qəhrəman olmaq istəyənlər ortaya çıxıb. Əbləh və məntiqsiz yanaşmalara son verilməsə, müxalifət bir addım yerindən tərpənməyəcək”.
Musavat.com