İntihar – bütün dünyəvi dinlərdə böyük günah sayılır. Amma bəzən bu addımı atanlar çətin seçim etməli olurlar. Bəzən də adama elə gəlir ki, bu dünyanın dahiləri özünə çox şeyləri rəva bilirlər, hətta dünyanı könüllü olaraq tərk etməyi də… Tarixdə öz iradəsi ilə dünyasını dəyişən çoxlu dahi və məşhur insanlar var. Müxtəlif səbəblərdən bu aktı tək deyil, öz həyat yoldaşları ilə həyata keçirən cütlüklər də tarixin yaddaşında qalmaqdadır. Analitik.az belə cütlüklərdən bir neçəsini təqdim edir.
Şahzadə Rudolf və Mariya Vemera
1889-ci ildə bu cütlüyün ölümü 19-cu əsrin ən müəmmalı və faciəli məhəbbət əhvalatlarından biri olaraq qalır. Yanvarın 31-də Avstriyanın 31 yaşlı vəliəhdi və onun 18 yaşlı sevgilisi ovçuluq qəsrində heç bir səbəb olmadan özlərini güllələyərək öldürdülər. Onların cəsədləri yalnız bir müddət keçdikdən sonra tapıldı. Mariya saçları çiyinlərinə tökülmüş halda taxtın üstündə uzanmışdı, Rudolf isə yanında yarımoturmuş vəziyyətdə idi. Tarixçilər faciənin əsas səbəbini cütlüyün rəsmən evlənməsinin mümkün olmaması ilə izah edirlər, şünki Rudolf artıq ailəli idi. Digər versiyalar isə ciddi-cəhdlə rədd edilərək gizlədildi. Çünki bu faktlar Qabsburqlar ailəsinin şərəfinə kölgə sala bilərdi. Dolaşan bir çox şaiyələrlə yanaşı, şahzadənin sadəcə, həyatdan bezdiyi və darıxdığından özünü güllələdiyi də deyilirdi.
Stefan Sveyd və həyat yoldaşı Şarlotta
“Altmışdan sonra həyatı yenidən başlamaq çətinliyi. Düz yolla getməyə can atmayanda , dolanbac həmişə daha cəlbedici görünür.” Bu sözlər Stefan Sveydin “Ürək səbirsizliyi” əsərindəndir. Nasistlərin labüd qələbəsinə inanan Stefan Sveyd 1942-ci il fevralın 22-ində Petropolis (Braziliya) şəhərində ümidsizliyə qapılaraq, arvadı Şarlotta ilə birlikdə böyük dozada yuxu dərmanı içərək, intihar edir. Pirl Harber olayından və Sinqapurun məğlubiyyətindən sonra Sveyd, dünyada şər qüvvələrin qalib gələcəyini zənn edir və belə dünyada yaşamaq istəmədiyi üçün həyatdan getmək qərarına gəlir. Arvadı etiraz etmir və onun taleyini bölüşməyə razılıq verir. Ər-arvad ölümlərindən öncə on üç məktub yazıblar. Şarlotta öz hərəkətinə bəraət qazandıraraq, bu addımın həm özü , həm də Stefan üçün çıxış yolu olduğunu söyləmişdi. Yazıçının qadını uzun illər astma xəstəliyindən əziyyət çəkib. Sveyd isə belə yazmışdı : “Altmış yaşdan sonra həyatı yenidən yaşamaq üçün adama xüsusi güc lazım olur. Mənsə illərdi vətəndən kənarda bütün qüvvəmi tükətmişəm. Bir də ki, ən yaxşısı, dik başla mövcudluğa son qoymaqdır. Bütün dostlarımı salamlayıram. Qoy onlara uzun gecədən sonra günəşi görmək nəsib olsun. Mən isə həddən ziyadə səbirsizəm və onlardan öncə bu həyatı tərk edirəm. ”
Bu cütlüyün ölüm anında bir-birini qucaqlaması səhnəsi o gecənin səhəri bütün qəzetlərin ilk səhifəsini “bəzəyirdi”. Erix Maria Remark bu faciəni özünün “Cənnətdə kölgələr” romanında əks etdirir: “Əgər onlar həmin axşam ürəklərini boşaltmağa adam tapsaydılar, bu faciə bəlkə də baş verməzdi …”
“Adamlar arasında tənhalıqdan betər bir şey yoxdur ”, bu sözlər Stefan Sveydin faciədən 20 il əvvəl yazdığı “Yad qadının məktubları” əsərindəndir. Ölümündən əvvəl Şarlotta sevimli itlərinə də zəhər verərək öldürmüşdü.
Adolf Hitler və Yeva Braun
İkinci dünya müharibəsinin barbaşa səbəbkarı və onun arvadı müharibənin son günlərində – 1945-ci ildə aprel ayının 30-da 15:30-da, İmperiya dəftərxanasında quraşdırılmış yeraltı bunkerdə intihar ediblər. Ölümün nədən baş verdiyi indiyədək məlum deyil – bir versiyaya görə onlar zəhər içərək canlarına qəsd ediblər, digər versiyaya görə isə ağızlarına açılan güllənin təsirindən dünyalarını dəyişiblər. Onların meyitləri özlərinin vəsiyyətinə görə xidmətçiləri tərəfindən yandırılıb. Rəsmi sovet versiyasına ğörə cəsədlərin külü tapılaraq məhv edilib. Hitlerin çənə sümüyünün üzərində güllə yarası olan bir hissəsi isə FTX-nin arxivlərində saxlanılır. Hitlerin cəsədi tapılandan sonra 8 ay səyahət edib – bu fraqmentlərin məhz ona aid olmasına dəqiq əmin olmaq lazım idi. Onlar 1970-ci ilədək Maqdeburq şəhərində saxlanılıb, amma bu hərbi şəhərciyin almanlara verilməsi ilə bağlı, məbədin neonasistlərin ibadət obyektinə çevrilə bilcəyindən qorxaraq, qalıqlardan birdəfəlik imtina etmək qərara alınır. Hitlerin ölümü ətrafında çoxlu əfsanələr gəzir. Fürerin möcüzə nəticəsində sağ qalaraq, Latın Amerikasına qaçdığı, onun əvəzinə isə oxşarının ölməsi haqda şaiyələr yayılmışdı. Hazırda amerikalı alimlər ümumiyyətlə, çənə sümüyünün fraqmentinin kişi cinsinə mənsubiyyətinə şübhə edirlər.
Artur və Sintiya
Anoloji hadisə 1983-cü il Londonda baş verdi. Yazıçı Artur Köstler və arvadı Sintiya yuxu dərmanı içərək, həyatlarına son qoydular. Arturu əlində bir qədəh konyak kürsüdə oturmuş, Sintiyanı isə çarpayıda uzanmış vəziyyətdə tapdılar. Hər ikisi artıq dünyalarını dəyişmişdi. Yazı makinasının üzərindəki kağızda xidmətçi qadından polis çağırmaq xahiş olunurdu. Artur qoca və ölümcül xəstə idi: neçə il idi ki, qan xərçəngindən əziyyət çəkirdi. Arvadı Sintiya isə əksinə, cavan və sağlam idi. Yazıçı öz ölümünü qabaqcadan planlaşdırmışdı. Bütün işlərini qaydaya qoymuş, dostlarına məktub yazmışdı. Bir qədər əvvəlsə “Eksiz” cəmiyyətinə (ləyaqətli ölüm hüququ uğrunda cəmiyyət) özv yazılmışdı. Cox güman ki bu addımı atmağı yazıçıya bu cəmiyyətdə məsləhət görmüşdülər. Dostlarına ünvanladığı məktubda Artur deyirdi : “Həyatda qalan dostlarıma və ən əsası Sintiyaya verəcəyim acını düşünmək belə istəmirəm. ” Lakin qadın öz qərarını verir: elə həmin günün səhəri sevimli itlərini zəhərləyərək, ərinin məktubuna qısa bir əlavə edir: “Ürəyim həyat eşqiylə çırpınsa da, Artursuz yaşaya bilmərəm.” Onların son söhbətlərinin şahidi yoxdur. Çox güman ki, ərinin huşunu itirdiyini görən Sintiya da dərman içərək, özünə qəsd edib. Yazıçının arvadını ölümə sövq etməsi versiyası isə tamamilə əsassızdır.