Siyasətçilər haqqında ən geniş yayılmış fikirlərdən, oxumuş adamların bəzən “trivial”, bəzən də “klişe” adlandırdığı, öz dilimizdə desək isə, çeynənmiş ifadələrdən biri təxminən belədir: “Əsl siyasətçi odur ki, düzgün proqnozlar versin, ancaq proqnozu yanlış çıxanda, bunu ağıllı-başlı izah edib vəziyyətdən çıxsın”.
Əslində bu sözü kimin, hansı siyasətçinin dilə gətirdiyini deyə bilərəm, amma o adamdan o qədər çox sitat gətirirlər ki, artıq bu işin ləzzəti qalmayıb. Bircə onu demək olar ki, həmin siyasətçi çox bacarıqlı adam olub, özü çalışıb ki, az proqnoz versin və beləliklə də proqnozunun niyə yanlış çıxması barədə uzun-uzadı izahat verəsi olmasın.
Amma son illər artıq proqnozunun yanlış çıxmasına görə siyasiləri qınayan, divara dirəyən, haqq-hesab tələb edən yoxdur. Çünki ortada daha qlobal məsələlər var.
Keçən ilin bu günüydü, Türkiyənin gündəminə “Rüşvət qalmaqalı” deyilən bir bomba düşmüşdü. Xeyli “yaralanan” vardı, dörd nazirin vələdinin adı rüşvətxorluq olaylarına qarışmışdı. O vaxtkı baş nazirin oğlunun da adı siyahıda idi, üstəlik, adamın özünün səs yazıları yayılmışdı.
Yerli və xarici analitiklər, jurnalistlər deyirdilər ki, bitdi, artıq baş nazir bu işdən qıvrılıb çıxa bilməz, o öz postundan getməli olacaq.
Burda bir hovur “stop” edərək, qeyd edək ki, keçən ilin bu vədələri verilən proqnozların içində yüzdəyüz doğrulanı məhz o oldu: baş nazir Ərdoğan gerçəkdən də postundan getdi, prezident seçildi, Çankaya köşkünə çıxdı.
Ancaq keçən ilin bu günü də, ondan sonrakı günlər də, hətta aylar da çox gərgin keçdi. Ölkədə elə bir tuthatut vardı ki, sanasan, dövlət çevrilişi olmuşdu. Üç-dörd gündən sonra tuthatut əməliyyatı aparanların özlərinin qovhaqovu başlandı. Adı bu işə qarışan nə qədər polis, prokuror, hakim, məmur vardısa, hamısı cələkləyib qapının dalına qoydular. Bir xeylisini tutdular.
Daha sonra 17 dekabr günü tutulanların buraxılması prosesi başlandı. Nəhayət, onların hamısını buraxdılar, amma artıq vələdlərin tutulması ataların vəzifələrinin əldən çıxmasına səbəb olmuşdu, ona görə də işdən götürülən nazirləri yenidən öz postlarına bərpa etmədilər, türkün sözü, yazıq oldu onlara.
Budur, hadisənin ildönümüdür, amma qardaş ölkədə yenə tuthatutdur – yenə də həmin haqq-hesaba görə. Bu dəfə keçən il tutulanların barəsində ilk xəbərləri yazıb ölkə və dünya ictimaiyyətinə çatdıranları tuturlar. Onlar “yandaş media”ymış, tərəf tuturmuşlar.
Bu cür hadisə və proseslər tələb edir ki, uğurlu siyasətçi haqqında deyimiş klassik təriflərə yenidən baxılsın.
Belə çıxır, əsl siyasətçi odur ki, impiçmentinə səbəb ola biləcək ittihamlardan yaxasını qurtararaq, onu ittiham edənlərin özlərini ittiham edə və zərərsizləşdirə bilsin.
Dünyada az-az belə siyasətçi var. Demokratik ölkələrdə bir nəfər də belə siyasətçi tapa bilməzsən. Onlarda adı çıxanın canı çıxır. Hətta bu cür siyasətçilərə heç diktatura rejimlərində də rast gəlmək mümkün deyil. Çünki diktaturalarda zatən hökmdar-siyasətçiyə qarşı ittiham irəli sürən ola bilməz, olsa da, sümüyünü şir qəfəsindən yığışdırarlar, ya da topun ağzına bağlayıb külünü göyə sovurarlar.
Amma Türkiyə kimi yarıdemokratik-yarıavtoritar ölkələrdən hərdən bu cür təşəbbüslərlə çıxış edənlər tapılır. İntəhası, bu da həmişə umulan nəticəni vermir. Siyasətçi bərk adam çıxanda qayıdıb qisas alır. Bir neçə gündür Türkiyədə baş verən tutquların adını “qisas əməliyyatı” qoyanlar yanılmırlar.
Yaxşı, “rüşvət qalmaqalı”nda iştirak edən, adı keçən sonuncu şəxslər də tutulacaq, bəs sonra nə olacaq? Elə çıxacaq ki, ayaqqabı qutularında tapılan milyonlar, sıfırlanan milyardlar-filan hamısı əfsanəymiş? Belə şey yerli-dibli olmayıbmış?
Bəli, əsl siyasətçi odur ki, sudan quru çıxa bilsin, hətta yaş çıxsa da, quru olduğunu camaatın boynuna qoymağı bacarsın, bundan daha ötəsi, ona yaş deyənlərin özünü tutub islatsın, yaş yuyub quru sərsin.
Bizim Siyavuş Novruzov da hələ durub Amerikayla dalaşır. Yetişmək lazımdır.