Dekabrın 16-da musavat.com saytı olaraq, «Azərbaycanlı gənc İŞİD-ə kələk gəldi» başlığı altında xəbər vermişdik.
Bu xəbər təsadüfən qarşımıza çıxmışdı. Bu təsadüf isə özü ilə müxtəlif suallar və hadisələr yaratdı.
İlk olaraq xəbərdən bəhs edək. Ehtiram İslamov adlı azərbaycanlı gənc Türkiyəyə gedib. İstanbul şəhərində İŞİD-ə bağlı olan şəxslərlə əlaqə yaradıb. Onlara bildirib ki, o da İŞİD-ə qoşularaq, döyüşmək istəyir.
Amma maddi imkansızlıqdan əziyyət çəkir. Bu və bu kimi bəhanələrlə İŞİD üzvlərindən 1500 dollar məbləğində pul alıb. Bir müddət sonra isə yenidən onlarla əlaqəyə girib və özü ilə birlikdə daha 11 nəfər azərbaycanlının İŞİD-ə qoşulmaq istədiyini deyib. Ona görə də daha çox pula ehtiyacı olduğunu bildirib.
Bu dəfə isə Ehtiramın sözlərindən şübhələnən İŞİD-çilər ona pul göndərməkdən vaz geçiblər. Ondan şübhələndiklərini anlayan Ehtiram isə yoxa çıxıb.
Biz bu xəbəri Türkiyənin Takvahaber.com saytından tərcümə edərək, yayımlamışdıq. Həmin xəbərdə adıçəkilən və İŞİD-çilərə kələk gəldiyi iddia edilən azərbaycanlının fotosunu da yaymışdılar. Həmin fotonu təbii ki, biz də yayımladıq.
Və həminb xəbərin yayılmasından 10-15 dəqiqə sonra redaksiyamıza sürəkli telefon zəngləri gəlməyə başladı. Adını açıqlamaq istəməyən şəxs iddia etdi ki, o, fotosu yayımlanan gəncin xalasıoğludur. O, bu məsələnin həmin şəxslə heç bir əlaqəsinin olmadığını bildirərək, xahiş etdi ki, həmin fotonu yayımlamayaq.
Uzunmüddətli telefon danışıqlarımızdan sonra bildirdik ki, həmin şəxsin özü bizimlə əlaqə qurmalıdır. Bir müddət sonra yenidən redaksiyamıza telefon zəngi daxil oldu.
Bu dəfə isə həmin şəxs özü bizimlə danışdı (özü bunu iddia etdi – red). Və bunları söylədi: «O xəbərdə gedən fotodakı şəxs mənəm. Amma ad mənim adım deyil. Mən ümumiyyətlə, Almaniyada yaşayıram, burada da oxuyuram. O sayt vəhabilərin saytıdır. Bunu da qəsdən ediblər. Mənim fotomu yanlış yaymısınız. Xahiş edirəm ki, fotomu siləsiniz».
Bizimlə əlaqə quran şəxsin adı bizə məlumdur. Və sözləri inandırıcı göründüyü üçün fotonu xəbərin içindən sildik və bu məsələni daha da dərindən araşdırmaq qərarına gəldik.
İlk olaraq xəbəri yayımlayan takvahaber.com saytını bir az araşdırdıq. Saytın adından da bəlli olur ki, mənbə sələfilərə yaxındır. Məlum yazını yazan şəxsin imzası da bunu sübut edir: Ebu İbrahim el Türki…
Bundan əlavə yazıda İŞİD-lə bağlı digər saytlarda gedən məlumatlardan fərqli olaraq, İŞİD-in adı «İslam Dövləti» olaraq qeyd edilib və onların terror təşkilatı olması ilə bağlı bir cümlə də yazılmayıb. Və buradan belə bir qənaətə gəlmək olur ki, xəbər dəqiq mənbələrə istinad edilir.
Araşdırmalarımızdan sonra məlum oldu ki, Türkiyə mətbuatında bu xəbəri takvahaber.com-dan başqa bir neçə sayt da yayımlayıb. Onlar da məlum xəbəri əsasən bu başlıqla dərc ediblər: “Uyanık Azeri IŞİD’i dolandırdı”.
Məlum xəbərdəki fotonun sahibi, onun şəklinin bu xəbərdə necə yer alması ilə bağlı suala belə cavab verdi: «Bu, şərdir. Qəsdən edilib. Nə üçün etdiklərini isə bilmirəm. Bildiyim budur ki, mənim bu hadisə ilə heç bir əlaqəm yoxdur».
Hər kəs İŞİD terror təşkilatının qəddarlığından xəbərdardır. Bu gəncin sonu da hər kəsi narahat edir. Axı, İŞİD-in insanlara qarşı qəddarlığı göz qabağındadır. Onların bir düşüncəsi var: Ya onların yanındasan, ya düşmənsən… Onlar isə düşmənlərinin amansızca başını kəsirlər. Bundan əlavə istənilən şəxsin İŞİD-lə belə rahat əlaqəyə girməsi də artıq müəyyən təhlükələrdən xəbər verir.
Məsələ ilə bağlı dini ekspert Kənan Rövşənoğlu ilə danışdıq. Ekspert bildirdi ki, bu məsələnin bu formada yayılması İŞİD-in artıq çox rahat şəkildə hərəkət edə bilməsindən xəbər verir: «Məsələnin maraqlı tərəfi bundan ibarətdir ki, İŞİD artıq özünün mətbuat orqanlarına sahibdir. İstənilən təsadüfi şəxs, onlarla rahat şəkildə əlaqə yarada və onlardan pul ala bilir. Bu hadisə də bu formada baş verib. Sadəcə, adıçəkilən şəxs, yaranmış situasiyadan istifadə edib və pul qazanıb. Amma bu, hər zaman belə olmur.
Azərbaycanda və bir çox ölkələrdə maddi durumu zəif olan şəxslər var ki, belə bir məbləğlər qarşılığında onlara qoşulurlar. Çox rahat şəkildə sosial şəbəkələr vasitəsi ilə onlarla əlaqəyə girirlər və döyüşmək üçün İŞİD-ə qatılırlar. Bütün bunlar həm də İŞİD-in pul cəhətdən problemi olmadığını göstərir. İŞİD dünyada ən varlı terror təşkilatları sırasında ilk yerlərdən birini tutur. Amma bu məsələ o qədər də sadə deyil. İŞİD-ə qoşulan həmin şəxsləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə 8 il müddətində həbs gözləyir».