Bu gün Türkiyədə ən genişmiqyaslı rüşvət və korrupsiya əməliyyatının həyata keçirilməsinin 1 ili tamam olur. Türkiyə tarixi 2013-cü ilin 17 dekabrını unutmayacaq.
Pul sayan maşınlar, kassalar, saxlanılan nazir uşaqları, azərbaycanlı iş adamı, polislər…
Virtualaz.org saytı bu tarixi hadisələrin xronologiyasını təqdim edir.
Son bir ildir Türkiyənin gündəminə oturan və dövlətin demək olar ki, daxili və xarici siyasətinə tam şəkildə təsir edən 17 dekabr əməliyyatında nələr baş veri?
17.12.2013. Səhər saatları…
Türkiyə Cümhuriyyət prokuroru (baş prokuror) Cəlal Kara və Mehmet Yüzgeçin təlimatı ilə xeyli sayda insanın saxlanılması ilə nəticələnən əməliyyat başladı. Saxlanılan şəxslərə qarşı “rüşvət, vəzifədən sui-istifadə etmə, saxta sənədlərin hazırlanması” maddələri ilə ittihamlar irəli sürüldü.
Əməliyyata İstanbul Respublika baş prokuroru vəkili Zəkəriyyə Öz nəzarət edirdi.
Əməliyyatlar zamanı keçmiş daxili işlər naziri Muammer Gülərin oğlu Barış Gülər, iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Saleh Kaan Çağlayan, ekologiya və şəhərsalma üzrə nazir Ərdoğan Bayraktarın oğlu Abdullah Oğuz Bayraktar, “Halkbank”ın baş direktoru Süleyman Aslan, iş adamları Əli Ağaoğlu, Rza Zərrab və Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir də aralarında olmaqla 89 nəfər saxlanıldı.
Həbs olunan nazir uşaqları…
Nazir uşaqları Barış Gülər və Saleh Kaan Çağlayan, iş adamı Rza Zərrab və “Halkbank”ın müdiri Süleyman Aslanın da aralarında olduğu 26 nəfər həbs edildi. Nazir oğlu Abdullah Oğuz Bayraktar, iş adamı Əli Ağaoğlu, Fatih bələdiyyəsinin rəhbəri M.Dəmir və digər saxlanılan şəxslər sərbəst buraxıldı.
Həbs edilənlər ayrı-ayrı günlərdə sərbəst buraxıldı. Əməliyyatlar zamanı saxlanılan bir nömrəli şəxslər – Rza Zərrab, Barış Gülər, Saleh Kaan Çağlayan isə fevralın 28-də azadlığa çıxdı.
Ərdoğan hökumətinin əks-hücumu
Hadisələr baş verərkən Türkiyənin baş naziri, indiki prezident Rəcəb Tayyib Ərdoğan bu əməliyyatı hakim partiya olan AKP-ni və ölkə iqtisadiyyatını hədəf alan siyasi bir əməliyyat və sui-qəsd kimi qiymətləndirdi. Ərdoğan bu əməliyyatların Fətullah Gülənin lideri olduğu “camaat” tərəfindən planlaşdırılıb həyata keçirildiyini bildirdi.
Və bundan sonra Türkiyədə “paralel dövlət” adlı əməliyyatlar başladı. 17 dekabr əməliyyatının əmrini verənlərə, icra edənlərə, ümumiyyətlə, “Gülən camaatı”na qarşı açıq şəkildə müharibə elan edildi.
Yayılan səs yazıları və nazirlərin istefası
Əməliyyatlardan sonra hökumətin “Gülən camaatı”na qarşı mübarizəsinin başladığı günlərdə aralarında Ərdoğanın və ailə üzvlərinin, bəzi nazirlərin də olduğu bir çox hökumət nümayəndələrinin səs yazıları internetdə yayıldı. Səs yazılarından gündəmə bomba kimi düşəni isə Ərdoğanla oğlu Bilal arasında olduğu iddia edilən “sıfırlama danışığı” oldu.
Avropa işləri üzrə nazir Egemen Bağış yayılan səs yazılarından sonra vəzifəsindən uzaqlaşdırıldı. Daxili işlər naziri Muammer Gülər, iqtisadiyyat naziri Zəfər Çağlayan, ekologiya və şəhərsalma üzrə nazir Ərdoğan Bayraktar isə nazir vəzifələrindən istefa verdilər.
Həmin ilin 25 dekabrında nələr oldu?!
25 dekabrda bu dəfə başqa bir əməliyyat başladı. Prokuror Muammer Akkaş tərəfindən icra edilən istintaqda 96 nəfərə qarşı ittihamlar irəli sürüldü. İttihamlar arasında cinayət törətmək məqsədilə təşkilat qurmaq, idarə etmək, saxta sənəd hazırlamaq və rüşvət almaq epizodları da var idi.
M.Akkaş aralarında nəzarətə alınmış bir çox iş adamlarının da olduğu 41 nəfərin siyahısını hazırladı. Məhkəmə bəzi iş adamlarının əmlakına həbs qoydu. Prokuror Ərdoğanın oğlunu da şübhəli şəxs qismində ifadə verməyə dəvət etdi. Lakin hüquq-mühafizə orqanları prokurorun bu tapşırığını icra etmədi. Həmin prokuror vəzifəsindən uzaqlaşdırıldı. Ərdoğanın oğlu ifadəsini yeni təyin olunan prokurora fevralın 5-də verdi.
Türkiyə hüquq-mühafizə orqanlarında kütləvi dəyişikliklər
17 dekabr əməliyyatlarından sonra hüquq-mühafizə orqanlarında gözlənilməz dəyişikliklər edildi. 18 dekabrda aralarında rüşvət və korrupsiya əməliyyatını həyata keçirən 5 şöbə müdiri də olmaqla xeyli sayda polis vəzifədən qovuldu.
Yanvarın 6-da Ankara Təhlükəsizlik Müdirliyində gecə yarısı kütləvi vəzifə dəyişiklikləri oldu. 350 polisin yeri dəyişdirildi. Yanvarın 8-də 15 bölgənin təhlükəsizlik idarələrinin müdirləri vəzifədən uzaqlaşdırıldı. 24 bölgəyə yeni müdir təyin edildi.
Yanvarın 22-də Ankara Təhlükəsizlik Müdirliyində 470 polis, müdir köməkçilərinin və məmurların vəzifəsi dəyişdirildi.
17 dekabr əməliyyatlarının göstərişini verən Cəlal Kara və Mehmet Yüzgeçin də vəzifəsi dəyişdirildi. Onlar başqa şəhərlərə göndərildi.
25 dekabr istintaq işi prokuror Muammer Akkaşdan alındı. Muammer Akkaş Türkiyə Ədliyyə Nazirliyinin binası qarşısında mətbuata “istintaq işini davam etdirməyimin qarşısı alındı” deyərək gündəmə bomba kimi düşən açıqlama verdi.
Lakin İstanbul Cümhuriyyət baş prokuroru Turan Çolakkadı dərhal keçirdiyi mətbuat konfransında prokuror Akkaşı istintaq sirrini yaymaqda günahlandırdı.
Yanvarın 16-da İstanbul Cümhuriyyət baş prokuroru Turan Çolakkadı daxil olmaqla 19 prokuror və bir hakimin yeri dəyişdirildi.
İstanbul Cümhuriyyət Prokurorluğu təxminən 11 ay davam edən araşdırmadan sonra 17 dekabr əməliyyatları ilə bağlı “lazımi sübutların toplanmadığı, təqsirləndirilən şəxslərin hər hansı bir təşkilat qurmağa cəhd və cinayət əməllərinin olmaması” haqda məlumat yaydı.
İki gün əvvəl müxalifət tərəfindən 17 dekabr əməliyyatlarının yenidən araşdırılmaı ilə bağlı Türkiyə hökumətinə müraciət edildi. Lakin bu müraciət rədd olundu.
17 dekabr əməliyyatlarının Azərbaycana təsiri…
Bu əməliyyatlardan sonra Ərdoğan hökuməti “Gülən camaatı”na qarşı mübarizəyə başladığını elan etdi. Bu mübarizə təkcə Türkiyə daxilində yox xaricə də sıçradı. Ərdoğan bir çox ölkələrin liderləri ilə görüşərək camaata məxsus olan liseylərin və kursların bağlanılması tələbini irəli sürdü. Dünyanın 150-dən çox ölkəsinə təhsil mərkəzləri açan camaata məxsus lisey və kurslar Azərbaycanda da fəaliyyət göstərir. Ərdoğanın Bakıya rəsmi səfərindən sonra türk liseyləri və “Araz kursları”nın fəaliyyəti dayandırıldı.
Qeyd edək ki, Ərdoğanın bu liseylərin bağlanması xahşi ilə prezident İlham Əliyevə müraciət etməsi rəsmi mətbuat orqanları tərəfindən də gündəmə gətirilmişdi…