Açığı, mənim indiki məktəbli uşaqlara yazığım gəlir. Örnək üçün, biz ekskursiya üçün Azıx mağarasına, muzeyə-filana gedirdik, indiki məktəblilər isə “Park Bulvar”a gedirlər. Ciddi sözümdür. Bu yaxında bir məktəbin yanında pul yığılıb marşrutdan çıxarılan avtobus gördüm. Avtobusun içərisi balaca-balaca uşaqlarla dolu idi. Uşağın birindən soruşdum ki, səfər haradır. Balaca oğlan sevinə-sevinə, bir az da əda ilə “Bulvara gedirik” söylədi. Məktəblinin bulvarda nə öyrənəcəyini, hansı həyat dərsi alacağını düşündüm. Bəlkə belə yaxşıdır?
Söz düşmüşkən, həmin məktəbin yolunun üstündə qəssab dükanı da var. Hər gün ordan yüzlərlə uşaq keçir, qəssab isə dana, qoyun, hinduşka kəsir. Çox vaxt kəsilən heyvanların başı, ayaqları səkiyə – məktəblilərin gözü qabağına düzülür. Bir ara istədim etirazımı mədəni şəkildə qəssaba çatdırım, sonra mətbuatımızın vəziyyəti, türmədəki jurnalistlər yadıma düşdü, vaz keçdim. Qəssab istəsə mənim də başımı kəsib səkiyə qoya bilər, hökumət jurnalistlərə qarşı belə mühit yaradıb, nə etiraz edəsiyəm?
Həm də fikirləşdim uşaqlar elə qəssab dükanının kəlləpaça eksponatlarını, əyani dərs vəsaitlərini görsələr yaxşıdır. Təkcə zoologiya, biologiya dərslərinə hazırlaşmaq üçün yox. Bəlkə o dərslər lazım da deyil. Səkiyə düzülən dana kəllələri bizim uşaqlara ictimai münasibətləri, hansı ölkədə yaşayacaqlarını öyrətmək üçün lazımdır.
Onlara çox mənasız dərslər keçirlər. Biz uşaq olanda da elə fərli dərsliklər yox idi, ancaq hər halda həyat, reallıq baxımından indikindən çox yaxşı idi. Örnək üçün, uşaqlığımda dostluğun necə önəmli olduğunu Lev Tolstoyun “İki yoldaş” təmsilindən öyrənmişdim. Yəqin yadınızda olar, iki dost meşədə ayı ilə qarşılaşırdı, biri qaçıb ağaca çıxırdı, dostunu darda qoyurdu. Əməyin, zəhmətin önəmini başqa bir əhvalatdan – deyəsən nağıl idi – öyrənmişdik. O əhvalatda kişi oğlunun zəhmətlə qazandığı pulları alova atırdı.
Sözü bu qədər uzaqdan gətirməyimin mənası var, əslində dərsliklər, uşaqlara necə tərbiyə vermək mövzusunda ağsaqqallıq eləməyə qəti həvəsim yoxdur. Hətta bu təlim-tərbiyə məsələsində uşaqları bir qədər özbaşına buraxmaq tərəfdarıyam (Bu ayrı mövzudur, başqa vaxt yazaram). Sadəcə, son vaxtlar Rusiyaya qoyulan embarqolar, neftin ucuzlaşması mənə uşaq vaxtı məktəbdə öyrəndiyim bir gözəl əsəri xatırlatdı. Bu, əslində tək Rusiyaya aid deyil, elə Azərbaycana da aiddir. Yapistlər nə qədər “neftin qiyməti düşsə də hiss etməyəcəyik” desələr inanmayın. Əvvəla, hiss edirlər – ÜDM artımı bu il cəmi 2 faiz olub. Hardadır o ikirəqəmli artım faizləri? Ey gidi dünya… ÜDM reklamları də beləcə çezdi getdi. Gələn ilki büdcədə neftin qiyməti 90 dollardan hesablanıb, indiki neft qiyməti isə bundan 30 dollar azdır. Düşə-düşə də gedir. İstidir deyə büdcə zəhmətkeşləri yaranı hiss eləmir. Çox yox, 6 ay qiymət belə qalsın, TV-də Mətanət Əliverdiyevaya qoşulub şpaqat açan xeyli zəhmətkeş olacaq.
Hə, nəhayət əsər… Bu, Puşkinin bir rus nağılı əsasında yazdığı “Balıqçı və balıq nağılı” şeiridir. Qısa süjeti belədir ki, balıqçı qarısı ilə daxmada yaşayır, bunların sınıq bir təknəsi də var. Bir gün qoca qızıl balıq tutur, balıq danışır, deyir məndən nə istəsən verərəm, amma qocanın balığa yazığı gəlir, suya buraxır. Gəlib bunu qarısına danışır. Qarı acgöz olur, deyir başın xarabdır, heç olmazsa təzə təknə istəyərdin. Qoca gedib balığı təzədən tutur, təknə istəyir. Bu minvalla, qızıl balıq qarının çoxlu arzularını yerinə yetirir, hətta qarı axırda çariçə – bir növ, birinci ledi olur. Amma göz doymur. Gəlin ardını Mirmehdi Seyidzadənin gözəl tərcüməsində oxuyaq:
“Qoca baş endirib söylədi ki: ”Sən,
Ey balıqlar şahı, mənə rəhm elə,
Neyləyim, qudurub qarı, qəzəblə
Deyir, istəmirəm padşahlıq etmək,
Dənizlər sultanı olum mən gərək.
Dəryalar içində qəsrim qurulsun,
Qızıl balıq gərək nökərim olsun”.
Səs-səmir çıxmadı qızıl balıqdan,
Çırpıb quyruğunu yox oldu haman.
Sahildə dayanıb qoca bir müddət
Gözlədi, gözlədi, getdi nəhayət.
Gördü köhnə qazma önündə yenə
Oturmuş qarısı, yanında təknə”.
Bax, neft dənizdən çıxan həmin qızıl balıq idi. Ola bilər “çərxi-fələk tərsinə dövran edəndə” heç o sınıq təknə də tapılmasın.