Müharibə keçən ayın bu günü başlandı. Atışma bir quru sözün üstündə düşdü. Əslində o söz o qədər də quru sayılmaz, çünki “ermənipərəst” sözü bizim ölkədə söyüş kimi bir şeydir.
Məsələn, şəxsən mənə “monqolpərəst”, “xoxolpərəst”, yaxud “hindupərəst”, “yaponpərəst” desələr, cırnamaram, deyərəm, bəli, düz deyirsiniz, mənim o millətlərə hörmətim var. Amma “ermənipərəst” desələr, xətrimə dəyər, hirslənərəm, deyərəm, niyə ermənipərəst oluram, ermənilər mənim bütün sülaləmin evini yandırıblar.
Təkcə mən yox, atasının, özünün, qohumlarının evi ermənilər tərəfindən yandırılmış, dağıdılmış, qohumları öldürülmüş, torpağı yağmalanmış istənilən azərbaycanlı öz üstünə “ermənipərəst” damğası götürməz. Bəlkə bir-iki kosmopolit şəhər uşağı çıxa, deyələr, nə fərqi var, hər millətin yaxşısı, pisi var, odey, dostum Tatulun heç bir günahı yoxdur…
Acı fakt belədir, əgər bir millət ən zəhləsi gedən adama “erməni” deyirsə, demək, “ermənipərəst” sözünü də söyüş yerinə işlətmək olar. Amma məsələn, bu sözü polyaka, rusa, latışa, çexə, estona desən, o avtomatik olaraq söyüş olmaqdan çıxır, olur, tutaq ki, mənə “yaponpərəst” deyilməsi kimi bir şey. Heç adları çəkilən millətlər də “ermənipərəst” sözünə görə özlərini təhqir olunmuş saymazlar, hətta qürur duya-duya deyərlər ki, düzdür, biz hələ 1988-ci ildən ermənipərəstik.
İncəlik burdadır, talışa “ermənipərəst” desən, hiddətlənər, latışa desən, qürur duyar. Çünki Qarabağda həlak olan həmvətənlərimizin içində çoxlu talış var, amma latış yoxdur.
Bax, radikal müxalifət qrupu ilə qəzetimizin arasındakı müharibə həmin səfeh sözün üstündə başladı. Bizimkilər o sözə sırf azərbaycanlı qafası, düşüncəsi ilə yanaşdılar, “ermənipərəst”likdə təqsirləndirilən çexləri azərbaycanlıların yerinə qoyub cırnadılar, dava saldılar, iş gəlib çıxdı “petux-petux” mərhələsinə.
Çexlər isə əksinə, cırnamadılar, hələ təsdiq də etdilər ki, çoxdan ermənipərəstdirlər. Onların yerinə bizimkilər dalaşdılar, savaş qızışdı.
Əvvəlcə söz-güllə savaşı getdi, sonra qovğa açıqlama-qumbara atışları ilə davam etdi, daha sonra ortaya müsahibə-artilleriya atəşı girdi, arada köşə-bombalamalar da oldu. İndi kütləvi qırğın silahından – kollaj-vakuum bombalarından istifadə olunur.
Qarı və qatı düşmənlər baş redaktorumuzun şəklini ünlü homoseksualların şəklinin arasında kollaj edərək yayıblar, guya onu biabır ediblər. Rauf kişi isə özü şəxsən həmin fotonu götürüb, beş-altı cümlənin müşayiəti ilə yayıb. Ona görə özü yayıb ki, bu sarıdan əndişəsi yoxdur.
Adətən, homoseksuallar belə bir ittihamla üzləşəndə çox həyəcanlanırlar, dərhal inkar edirlər, tez-tələsik mətbuat konfransı keçirirlər, kimisə məhkəmə ilə hədələyirlər, hətta arada cumub evlənirlər də (el arasında bunun adı “eşşəyi öldürüb adını üstündən götürmək”dir).
Ancaq cinsi orientasiyası normal, psixi sağlamlığı yerində olan adama, istəyirsən, gündə yüz dəfə, siz də məni bağışlayın, “qoluboy”, “mavi”, “blyu” de, vecinə olmayacaq. Hətta elə arsız adam ola bilər ki, deyər, bəylər, etimad göstərirsiniz, şərəf verirsiniz, amma təəssüf ki, mən elə deyiləm, heterəm, betərəm, amma buyam.
Elə adamlar da var ki, əslində, türkün sözü, cinsəl tərcih baxımından çoxluğa aiddirlər, yəni normal kişidirlər, di gəl, onlara “petux” deyəndə nəyə görəsə yaraşır və onlar bu yaraşıqdan xəbərdar olduqları üçün cırnayırlar.
Bu günlərdə özünə yaxşı mənada “petux” deyən bir nəfər də görmüşəm. O, bir tanınmış şair-yazıçıdır, yazışırdıq, təsirli bir söhbət edirdik, gördüm, o başda kövrəlib, dedim, a bəy, bir az toxtaq ol. O da eynən belə yazdı: “Mənə baş qoşma, petux-şeyəm, belə durumlarda ağlayıram”.
Əsas məsələ odur ki, cinsi orientasiya və psixi sağlamlıq baxımından normal olasan. Ondan sonra nə deyirlər, desinlər, gəyirməyin qulunca dəxli yoxdur.
O qədimlərdə olub, güldən ağır sözlərə görə adamlar bir-birini duelə çağırıblar, amma indi birinə “petux” deyiləndə fikir vermir.
Çexlərin ünvanına səslənən “ermənipərəst” sözünə də fikir vermək lazım deyildi. Amma bu, I dünya müharibəsinin başlanmasına səbəb olan Ferdinandın öldürülməsi kimi bir şey oldu. Yəni bəhanə…