Mən şir ürəyindən yazmışdım. Sən demə, bunların heç bir yazılıq da canı yoxmuş. Bircə tənqidi yazıya belə dözümləri çatmadı, operativ şəkildə özü də partiyanın birinci şəxsi tərəfindən cavab verdilər. Əslində bu, müxalifət, demokratik düşərgə adına iddia edənin fəlakəti, faciəsidir, ölkəni yönətmək iddiasında olan partiya sədrinin psevdonimlə cavab yazısı yazmaq məcburiyyətində qalması…
Çünki ətrafda kimsə qalmayıb. Müavinləri, Məclis və Rəyasət Heyətinin üzvləri vardı, adlarını sadalamaqla bitən deyil, hamısı gedib. Fədakar cəbhəçilər, ömrünü bu yola fəda deyənlər vardı, tərk edib onu. Son bir neçə ilə qədər arxasında olan sadə insanlar da artıq nə baş verdiyinin fərqindədir, indi kimsə “uca xalq” nağıllarına inanmır. Artıq yazmağa, lideri müdafiə etməyə yazar da tapa bilmirlər. İllərini əvəzolunmaz liderin müdafiəsinə həsr edən həmkarlarımız da artıq bezikib fərqli ünvanlarda başlarını aşağı salıb işləri ilə məşğuldurlar. Odur ki, özü qələmə sarılıb, psevdonimlə “cavab atəşləri” açır. Elçibəyin yoxluğundan sonra İsa Qəmbərin kölgəsində sıxılırdı, başqan dəyişikliyindən sonra artıq “vahid lider” olduğuna özünü inandırmağa çalışır. Qalır bir problem: Rauf Arifoğlunu, “Yeni Müsavat”ı da “zərərsizləşdirsin”, ən azı hakimiyyətə bağlasın…Prezidentlik iddiasında olanın məram-məqsədinə baxın siz Allah…
Unutmayıb gərək ki. Müxalifətə ən sarsıdıcı zərbə məhz 2005-ci ilin 26 noyabrındakı “Qələbə”də dəydi. Bu zərbəni məhz o vurdu, “gecəni burda qalacağıq, uca xalqım” deyib on minlərlə fədakar insanın əli silahlıların ayaqları altında əzilməsinə şərait yaratdığına görə. İndi günahı “Yeni Müsavat”da arayıb-axtarır, bu sətirlərin müəllifinə “niyə filankəslərdən yaza bilmirsiniz” sualını ünvanlayır.
Əvvəla, kimdən nə yazıb-yazmamaq hər bir media orqanının, yaxud jurnalistin səlahiyyətidir, bu, bir partiya tapşırığı, ya öhdəliyi deyil. İkinci də elə meydanlarda hətta müxalifətin digər kəsimlərinin iradəsini nəzərə almadan fasiləsiz aksiya qərarı verilməsinin məntiqi nəticəsidir bizim hamıdan yaza bilməməyimiz. Yüzlərlə insanın sarsılmasına, ağır xəsarət almasına, həbsə düşməsinə, ölkədən didərgin salınmasına həm də bədahətən fasiləsiz aksiya qərarı verən keçmiş lider, indiki “köşə yazarı” baiskar oldu. Həmin gün bəlkə də hakimiyyətə razılaşdırılmamış aksiyaya gedilməsi lazım idi, onun sayəsində buna nail oldu. Müxalifət indiyədək özünə gələ bilmir, mitinqə bir neçə yüz adam çıxarır. Onun sayəsində…
***
Ətrafında qalanlardan biri vaxtilə yazırdı ki, tıxacda qaldığı üçün mənim köşəmi məcburən oxuyub. Amma demə, həmkarımız nəinki köşələrimi, hətta feysbuk statuslarımı da oxuyurmuş. Öz aləmində məni aşağılamağa çalışıb. Yazıb ki, ay haray, baxın, azərbaycanlı jurnalist Elşad Paşasoy türkiyəli deputat Atilla Kayadan Kəlbəcər girovlarının azadlığı naminə hökumətin hərəkətə keçməsi üçün gərəkəni etməyi xahiş edib. Bəli, belə bir xahişi etmişəm, “Atilla bəy, mən sizdən jurnalist kimi yox, Azərbaycan vətəndaşı kimi xahiş edirəm” deyərək.
Dəyərli Atilla bəy də deyib ki, indiyədək bu barədə müraciət almayıb, ancaq qarşıdakı iclaslarda Kəlbəcər girovlarının azad olunmasına dəstək vermək üçün parlament tribunasından hökumətə səslənəcək. Bunun nəyi pisdir?! Bir vətəndaş olaraq üzərimə düşəni etməyə çalışmışam. Mənimçün öncə Vətən var, sonra jurnalistika. Əgər siz Dilqəmlə Şahbazın erməni girovluğunda qalmasını da Əliyev iqtidarının suçu sayır, bundan zövq alırsınızsa, öz işinizdir. Kəlbəcər girovları ilə bağlı mənim yazdığım köşə, xəbər, rəy yazılarına, statuslarıma da baxın, özünüz də yazdığınızı ortaya qoyun, əgər varsa…
Və sonda bir xatırlatmamı da edim. Nəinki Əli Kərimlini tənqid etməyə, hətta onun “Yeni Müsavat”a qarşı qoyduğu tabunu götürməyə də şir ürəyi lazımdır. Bunu AXCP-nin çox dəyər verdiyim funksioneri ilə söhbətdən sonra bir daha dəqiqləşdirdim. Həmin funksionerdən müsahibə istəyəndə “”Yeni Müsavat”a danışsam, mənim AXCP-də qalıb-qalmamaq məsələmi partiyada müzakirəyə çıxaracaqlar” dedi.
Bax, fəlakət budur! Sonra da deyirlər niyə Əli bəyin prezidentliyini istəmirsiniz. Hələ Əli Kərimli prezident deyil, onun qadağasını cəbhədaşları, illərini bu partiyaya vermiş insanlar belə aşa bilmir. Demokratiyanız budurmu, ay şir ürəklilər?! Budursa, ürəyinizə quzu kəsək. Kəsəsi, bir yazılıq canı olanlar bir jurnalist yazısını da sinirə bilmədi…