Bunun adı psixoloji terrordur. 10-15 il öncə onlar bunu sərəncamlarında olan qəzetlərdə edirdilər. İndi sosial şəbəkələrə keçiblər.
Artıq o qəzetlər yoxdur, hamısı bağlanıb, yalnız biri qalıb. 15 il əvvəl isə çox idilər. Hamısı da demək olar ki, eyni şeyi yazırdılar.
Tez-tez olurdu ki, o qəzetlər yuxarıdan komanda alır, hakimiyyətin və öz mürşidlərinin rəqiblərinin üzərinə hücuma keçir, onları nələrdəsə “ifşa” edirdilər.
Onların, o qəzetlərin heç birinin tirajı çox deyildi. Hətta eləsi vardı ki, müstəqil olduğu vaxt yığdığı 30 minlik tirajını sırf AXCP-yə siyasi dəstək verəndən sonra sürətlə itirmişdi.
Amma çox idilər və rəqiblərə hücum zamanı “urra-urra” xoru yarada bilirdilər. “Afərin, Əli Kərimli” manşeti ilə çıxanları vardı. Mərhum Elçibəyi ömrünün son aylarında, son günlərində, hətta son saatlarında belə təhqir edənlər də oldu.
O zaman bu qara-qışqırıqdan çəkinənlər, özlərini onların hədəfinə çıxarmaq istəməyənlər də çox idi. Mediada, ictimaiyyət arasında “yurdçular” adı altında tanınan qrupun əsdirdiyi psixoloji terror bir müddət beləcə davam etdi.
2003-cü ildən sonra isə bu güruhun media – holdinqi iflasa uğradı. İqtidardan gələn pullar kəsildi, başını öz hesabına saxlamaq istəyən qəzetlər zəiflədi, beləliklə, AXCP-nin inhisarında olan qəzetlər bir-birinin ardınca bağlandı, sıradan çıxdı.
O vaxtkı “terrorçu”ların tam əksəriyyəti ora-bura dağıldılar, iqtidar düşərgəsinə keçərək, özlərinə karyera quranlar, QHT sektoruna adlayaraq siyasətdən, AXCP-dən uzaqlaşanlar, mühacirətə gedənlər, aktiv siyasətdən tamamilə çəkilənlər oldu.
Bir sözlə, siyasi arenada psixoloji terror tətbiq edənlərin köhnə qvardiyası tamamilə dağılıb getdi.
İndi ortada yeni qvardiya var – gənc qvardiya. Bunların əlində qəzet yoxdur. İndi qəzet işlətmək bahalı işdir, ən uzağı birini saxlamaq, işlətmək olar. Əvəzində sosial şəbəkə deyilən bir şey var. Burada hər adam bir qəzetdir.
Hazırda ölkənin siyasi arenasında psixoloji terrordan istifadə edənlərin yeni kontingenti sosial şəbələrdə at oynadır. Onlar mütəşəkkildirlər, şəbəkədirlər, bir mərkəzdən idarə olunurlar və yenə də rəqib hesab etdikləri şəxslərin üzərinə kütləvi hücuma keçirlər.
Kim onlara qarşıdır, kim onların liderini tənqid edir, kim onlara rəqibdir – anındaca düşmən elan olunur və hücum başlayır.
Bu cür kütləvi hücuma məruz qalmamaq üçün bir çoxları susur, çalışır ki, özünü “gənc qvardiya”nın hədəfinə çıxarmasın. Abrına qısılaraq susan, bəzi məqamlarda geri çəkilən şəxslərin sırasında siyasətçilər, ictimai xadimlər, ziyalılar da var.
Hamı yazıçı Əli Əkbər deyil ki, söyülməkdən, təhqir olunmaqdan çəkinməyə və sözünü həmişə qızıl-qırmızı deyə və yeri gələndə daha sərt cavablar verə. Çox adam həya edir, səviyyəsini gözləyir.
İndilikdə AXCP-nin gənc üzvlərinin yeritdiyi bu taktika işə yarayır. Ancaq olur ki, daş qayaya rast gəlir.
Bu cür, psioxoloji terrorla üstünlük qazanmaq istəyənlərin, hamını susduraraq öz böyüklüklərini göstərməyə çalışanların ən güclü tərəfləri xor təşkil edə bilmələridirsə, zəif tərəfləri də “iqnor”a məruz qalmalarıdır.
Sosial şəbəkə istifadəçilərinə hamıdan çox “dostluq” təklifləri göndərən bu sekta üzvləri hamıdan çox da “dostluq”dan qovulanlardır. Onlarla mübarizənin ən effektiv üsulu sosial şəbəkəni sırf partiya təbliğatı tribunasına çevirənləri “dostluğa” qəbul etməmək və ya onları “dostluq”dan çıxarmaqdır.
Belə olanda yalnız bir-birinin yazdıqlarını oxuyacaq, özləri deyib, özləri eşidəcəklər. Zatən, proses ona doğru gedir. Artıq hər mövzunu mütləq siyasiləşdirən, öz liderlərini tərifləyib göyə qaldıran, onun rəqiblərini yerin dibinə soxan, sosial şəbəkədə psixoloji terror mühiti yaradan adamların yazdıqları çoxlarına xoş deyil.
Yazının əvvəlində “terrorçular”ın köhnə qvardiyasından bəhs etdik, indi onlar yoxdurlar, amma psixoloji terror mühiti və “gənc qvardiya”çılar var. Belədirsə, bu “siyasət”in haradan, kimdən qaynaqlandığını təxmin etmək çətin deyil.