Dünyaya ən böyük təhlükə-təhdid qismində ilk yerə sözsüz ki, artıq terror keçib. Əgər bu təhlükə ən sakit ölkələrdən olan uzaq Avstraliyanı da haqlaya bildisə, demək, digər məmləkətlər, o cümlədən də Azərbaycan qat-qat tədbirli tərpənməlidir. “Şər deməsən, xeyir gəlməz”. Biz təhlükəyə əslində daha yaxınıq, nəinki Avstraliya. Bəlli səbəblərdən.
Avstraliyadakı olayın ardınca Pakistanda hərbi məktəbə hücum edildi və 142 uşaq-yeniyetmə qətlə yetirildi. Bu müdhiş və qan donduran hadisə ən birinci elə terrorun tüğyan elədiyi bölgənin ölkələrini öz başlarına ciddi çarə qılmaq və qayğılanmaq zorunda qoyur.
Yeri gəlmişkən, qətliamla bağlı Pakistanda 3, Türkiyədə isə 1 günlük matəm elan edildi. Məntiqli və yaxşı olardı ki, Azərbaycan da 1 günlük hüzn elan edib dost Pakistan xalqı ilə həmrəylik nümayiş etdirəydi. Hə halda, gərək unutmayaq ki, Pakistan Türkiyədən sonra ölkəmizin ən sadiq və səmimi müttəfiqidir. Ölkəmizin müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan dövlət də Pakistandır.
Bundan əlavə, Ankara kimi İslamabad da Ermənistanla bu günədək diplomatik münasibətlər qurmayıb. İslamabad həmçinin, dəfələrlə bəyan edib ki, yeni Qarabağ savaşı başlayarsa, o, Azərbaycanın yanında olacaq və bizə hər cür, o cümlədən hərbi köməyini əsirgəməyəcək. Qısası, bu ölkə bizə həqiqi mənada bütün əməkdaşlıq sahələri üzrə çox isti və qardaş münasibətlərdədir.
Belədirsə, biz də yeni qlobal təhlükələrə qarşı mübarizdə öz azsaylı sadiq müttəfiqlərimizin yanında olmağı, onların dərdlərini bölüşməyi bacarmalıyıq. Doğru, Azərbaycan Pakistan kimi böyük, nüvə dövləti deyil. Ancaq dost ehsanatının və həmrəyliyin irisi-xırdası olmaz. Əsas – bacardığın köməyi əsirgəməməkdir.
Məsələn, kim mane olurdu ki, bir neçə yaralı Pakistan şagirdini müalicə üçün Bakıya gətirək. Qoy, “sağ olun, ehtiyacımız yoxdur” desinlər, amma jestin özü nəyə desən dəyər(di) axı. Necə ki, qardaş Türkiyə bir neçə yaralı əsgərimizin yüksək səviyyədə müalicəsini öz üzərinə götürdü və sözünü tutdu.
Türkiyənin 1 günlük matəm jestini isə Pakistan xalqı yəqin ki, uzun müddət unutmayacaq. Bu lütfə biz də layiq ola bilərdik. Təəssüf, şansı qaçırdıq. 1 günlük matəmi Türkiyə qədər bizə önəmli müttəfiqimizə çox gördük.
Amma terrorun hər üzünə tuş gəlmiş Azərbaycan bununla həm də erməni terroru və işğalına qarşı olduğunu dünyaya əyani nümayiş etdirər, eyni zamanda dost-müttəfiqlərinə sədaqətini, onları layiqincə qiymətləndirdiyini göstərmiş olardı. Belə jestlərin həm də düşmənə özünəməxsus güc nümayişi kimi siyasi əhəmiyyəti də yox deyil.
İş də ondadır ki, Azərbaycan dost-müttəfiqlərinin qədrini indi ikiqat-üçqat bilməlidir. Çünki bizim Qarabağ, işğal dərdimiz də var. Onsuz da dünyada dostumuz, simsarımız çox deyil. Hətta üzdə bizə dost qiyafəsində görünənlərin əksəriyyəti bel bağlayası dövlətlər deyil – müstəqilliyimizi 8-ci sırada tanıyan İran kimi.
Əlbəttə ki, terrorla mübarizə aparmaq əlahiddə bir dövlət üçün qeyri-mümkün məsələdir. Çünki söhbət yeri-yurdu, mənzil-qərargahı bilinməyən virtual təhlükədən gedir. Üstəgəl, terrorçular elmin-texnikanın, texnologiyanın inkişafını məharətlə mənimsəyən, ondan təbliğatda lazımınca istifadə edən qüvvələrdir. Bura son vaxtlar onların genişlənən maliyyə imkanlarını da əlavə eləsək, potensial hədənin miqyası təsəvvürə gələr.
Bu xüsusda istisna deyil ki, İŞİD tipli təşkilatlar hələ uzun müddət bölgəni, dünyanı həyəcanda saxlayacaqlar. Artıq bəzi Qərb siyasətçiləri və analitikləri bu haqda açıq xəbərdarlıqlar etməyə başlayıblar. Belə vəziyyətdə, ən əvvəl region dövlətlərinin qarşılıqlı əməkdaşlığı, operativ kəşfiyyat-informasiya mübadiləsinin zəruriliyi önə çıxır.
Region dövlətlərinin üzərinə isə bu yöndə məxsusi missiya düşür. 2015 bu mənada dost-müttəfiq dövlətlərin hamısı, bütövlükdə sivil dünya üçün ən sərt sınaq ili, hətta dönüş ili olacaq. Terrora qarşı birlik, koordinasiya yetərli və çevik olmayacaqsa, altını hər bir ölkə və onu xalqı ayrı-ayrılıqda çəkməli olacaq təbii ki.