Yəqin hörmətli oxucuların yadında olar, hardasa 10 gün qabaq mən Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin İsveçrənin Bazel şəhərində görüşü haqda yazmışdım. Qeyd etmişdim ki, bu görüş bəşəriyyət tarixində ilk dəfədir. İlk dəfədir bizim nazirlər (nə fərqi, Ərmənistan da bizim torpaqdır) Bazeldə görüşürlər, indiyə qədər heç vaxt Bazeldə görüşməyiblər. Bunun özü Qarabağ münaqişəsinin həllində irəliyə doğru çox uzun bir addım idi. Hətta mən indiyə qədər nazirlərimizin görüşmədiyi şəhərlərin əlifba sırasını da çıxardıb yazdım, misal üçün, Məmmədyarov və Vartanyanın Kolumbiyanın Barrankabermexa şəhərində görüşmədiklərini göstərdim. Halbuki, bəlkə orda görüşsələr dava yatardı.
İndi bunu niyə yada salıram? Araya bəzi jurnalistlərin həbsi, neftin qiymətinin tərsi, hökumətimizin doymayan nəfsi tipli mövzular düşdü, mən Bazel görüşünə diqqət yetirmədim. Sən demə, görüş heç olmayıbdır! Dəhşətdir. Düzü, mən bu halda ATƏT Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik müəllimin yalançısı oldum, çünki Məmmədyarovla Bostanyanın Bazeldə görüşəcəyini mənə Uorlik xəbər vermişdi. Deyən gərək, dəqiq məlumatın yoxdursa milləti niyə umsuq edirsən, ay Sem dayının belindən gələn filan-filan olmuşun balası? (Bu saat cənab prezident Amerikanı, amerikalıları söyənlərə qəşəng mükafatlar verir, dedim qabağa düşüm).
Beləcə, Uorlikin yalanına görə münaqişə tənzimlənmədi. Qaçqınlarımız isə çox qəzəbləndilər. Örnək üçün, kəlbəcərli qaçqınları göstərə bilərəm. Onlar Gəncə-Murov-Kəlbəcər avtomobil yolunun üstündə durub gözləyirdilər ki, Bazel görüşü bitsin, torpaqlarına dönsünlər. Ta görüş olmayanda kəlbəcərlilər hirsləndilər, tutub orda bir icra başçısını qapazaltı elədilər.
Mən də türk satiriki Əziz Nesinin bir hekayəsinin qəhrəmanına bənzədim. Həmin hekayə jurnalistin qəzeti bağlatdırmasından bəhs eləyirdi. Bir gün bu jurnalistə polis naziri ilə intervü tapşırılır, təsadüfən bu, həmin gün məşhur quldurdan da intervü alır. Müsahibələrin sual-cavablarını qarışdırır, nəticədə qəzetdə polis naziri ilə intervünün birinci sualı belə olur: “Siz ilk cinayəti törədəndə neçə yaşınız var idi?”. Quldurla intervü isə belə başlayır: “Ölkəmizdə ictimai asayişi qorumaq üçün nə edirsiniz?” Ardını da bu yöndə təxmin eləməyə çalışın. İkinci dəfə isə jurnalistə tapşırıq verilir ki, getsin aeroporta, hansısa dövlətin xarici işlər naziri gəlir, ondan intervü alsın. Həmin gün bu qardaş qonorar alıbmış, gedir oturur kafedə, yeyir-içir, fikirləşir ki, əşşi, onsuz nazir nə deyəsidir, standart söhbətlər olur, hava limanına getməyin anlamı yoxdur. Elə kafedə nazirlə intervü uydurur: mən ona belə dedim, o mənə belə dedi və sairə… İntervünü gətirir redaksiyaya, yazı qəzetdə çıxır, amma məlum olur ki, nazirin səfəri ümumiyyətlə təxirə salınıb. Böyük ehtimalla o jurnalistin əməyini də hörmətdən Uorlik kimisi salıbdır.
Sözümün canı nədir? Açığı, jurnalistlərin hamısını tutub zindana salıblar, o vaxtdan bəri sözümüzün elə bir canı-cəsədi də qalmayıbdır. Hökumətə nə deyə bilərik? Heç nə: can sağlığı, uzun ömür, məhəbbət, keyf, eyş-işrət… “Hər kəs yüz il yaşamasa, Günah onun özündədir” tipli poeziyası, “El üçün ağlayan göz kor olar” kimi ata sözləri olan millətin qəzetçisi də özünə oxşamalıdır. Üstəlik, millət yaman çoxbilmiş olubdur, nə yazsan deyirlər: “Əşşi, onu bilirik, ayrı söhbət elə”. Bəlkə də bu saat Obama və Putin planetin gələn ilki siyasi-ictimai durumunu proqnozlaşdırmaqda çətinlik çəkirlər, ancaq bizim çayxanada domino oynayan elə ağsaqqallar var 4-cü minilliyin axırlarında Nebula ulduzunun Saturnun halqalarına təsiri, o zaman Gəncənin icra başçısı kim olacaq – bu haqda mühazirə oxuyurlar.
Hələlik hava haqda məlumat verənləri tutmurlar, ona görə, uca xalqımız, bu aralar qalın geyinin, soyuqdur.