Dünyada jurnalistlərin həbsinə görə dövlətlərin siyahısı çıxarılıb, burada Azərbaycan ilk onluqdadır. Eritreya, Efiopiya, Vyetnam, Suriya, Misir və Birmadan sonra 7-ci yerdə qərar tutmuşuq. Yaxşı göstəricidir, dövlətimizin adının planetdə tanıdılması baxımından vətənpərvərlikdir, bütün azərbaycansevərləri, başda Əflatun Amaşov olmaqla təbrik edirəm. Doğrudan da Mətbuat Şurasının yaradılmasından ötən 10-12 ildə xeyli qabağa getmişik, artıq ilk onluqda daimi yerimiz vardır.
Ancaq hesab edirəm cənab prezident jurnalist həbsi sahəsinə məsul şəxsləri cəzalandırmalıdır. Yeddinci yer bizim adımıza layiq deyildir. Axı biz, çiçəklənməkdə olan uca bayraq dirəkli Azərbaycanımız hər sahədə dünya lideri olmağa, analoqsuzluğa öyrəncəliyik! Bir növ adətkərdə olmuşuq – bir anekdotda deyilən kimi. Bəlkə də beş-on baş jurnalisti artıq tutsaydılar indi dünya lideri idik. Bizim Eritreyadan nə əskikliyimiz var axı?! Heç Eritreyada 2015-ci il Avropa oyunları da olmayacaq.
Hərçənd, siyahıda bir müsbət cəhət var, o da qardaş Türkiyə Cümhuriyyətinin (respublika sözü bu saat Azərbaycana necə konfet kimi yaraşırsa cümhuriyyət sözü də Türkiyəmizi bəzəyir) bizdən dərhal sonra – səkkizinci yerdə gəlməsidir. Bir millət iki dövlət! Ayrılmaz dostlarıq biz, Birgə vurur qəlbimiz! Ümid edirəm korrupsiya reytinqində də iki qardaş dövlət bir yerdə olarlar, çoxlu sevinərik, Bakı-Tiflis-Ceyhan kəmərinə minib dombalaq aşarıq!
Ermənistanın ilk onluqda yoxluğu da sevindiricidir. Bunun əsas səbəbi odur ki, orda əhali qalmayıbdır, hamısı kasıbçılıq üzündən qaçıb gedibdir. Jurnalistlər, onları həbs edəcək şəxslər yoxdur, ta nə yer tutacaqsan?
Yeri gəlmişkən, dünyadakı ermənipərəst qüvvələr bizim belə siyahılarda liderliyimizi qəbul eləmək istəmirlər, vaxtaşırı qərar, bəyanat verirlər ki, siyasi dustaqlar buraxılsın. Bu siyahıda Avropa Məhkəməsindən tutmuş Avropa Şurasına, Amerikadan Britaniyaya qədər çoxlu qurum və dövlət vardır. Məncə onlara ən yaxşı cavabı Strasburqda kürkü oğurlanan Səməd Seyidov veribdir.
Bildiyiniz kimi, Səməd müəllim Avropa Şurası Parlament Assambleyasında dövlətimizi təmsil edir. Təmsil edir deyəndə, yəni, bu da bir növ orda təmsil yazır – Krılovun “Qurd və quzu”, Ezopun “Eşşək və dovşan”, Hikmət Ziyanın “Nankor cücə” və sairə əsərlərində olduğu kimi.
Nə isə, çox ədəbiyyata getməyək, Səməd müəllimin dahiyanə çıxışından sitata baxaq: “İnsan haqları məsələsi hər hansı qurum, o cümlədən Avropa Şurası tərəfindən təzyiq alətinə çevrilməməlidir”. Sitatın sonu.
Gördünüzmü? Mən deyəndə bu adamın kürkündə birə var idi, o üzdən kimyəvi təmizləməyə verib, oğurlanması yalan idi – heç kim inanmırdı. Səməd müəllim görkəmli şəxsiyyətdir. Onun sözlərindən belə çıxır ki, hər hansı dövlət istəsə vətəndaşlarını basıb əzə bilər, günahsız insanları zindana doldurar, hətta onların piyindən sabun bişirər, ancaq buna görə o dövlətə təzyiq lazım deyil. Bəs nə lazımdır? Əlbəttə, tərifləmək, mükafat vermək lazımdır! Nümayəndə heyətinin başçısına isə təzə kürk alınıb hədiyyə edilsə lap mərifətli olar.
Tək bununla qurtarmır. Səməd müəllim deyib ki, xaricdə bəziləri Azərbaycanı… öz ölkələrində reytinqlərini qaldırmaq üçün tənqid edirlər. Misal üçün, Barak Obama keçən ay Azərbaycanda insan hüquqlarının durumunu tənqid edəndən sonra bunun reytinqini ölçüblər, məlum olub 150 faizdir. Bütün amerikalılar yalvarır ki, Barak müəllim, sən kimi istəyirsən onun canı (birbaşa Mişel yazmayıblar, çünki ortada bir Danimarka söhbəti var), təzədən, mümkündürsə lap ömürlük prezident ol. Deyirlər sənin ki o Azərbaycan deyilən analoqu olmayan respublikanı tənqid eləməyə cürətin çatıbdır, sən lazım gəlsə Moskvanı da alarsan.