Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ vitse-prezidenti Cozef Baydenə zəng edərək Birləşmiş Ştatların Krıma qarşı tətbiq etdiyi yeni iqtisadi sanksiyalara görə təşəkkür edib.
Virtualaz.org saytı xəbər verir ki, Poroşenko ABŞ prezidenti Barak Obama tərəfindən Krıma qarşı ciddi iqtisadi məhdudiyyətləri də nəzərdə tutan qanunu imzalamasını Ukraynanın azadlıq və müstəqilliyini dəstəkləmək baxımından mühüm addım olduğunu bildirib.
Obamanın ötən həftə imzaladığı qanuna əsasən Amerika mallarının və xidmətlərinin yarımada ərazisində yayılması qadağandır. Həmçinin ABŞ hüquqi və fiziki şəxsləri Krım ərazisində hər hansı biznes qura, Krımda yaşayanlarla işgüzar təmaslar yarada bilməzlər.
Obama bəyan edib ki, qanunun məqsədi regionda bizneslə məşğul olan Amerika korporasiyalarına situasiyanı izah etmək və Birləşmiş Ştatların Krımın ilhaqını qəbul etmədiyini göstərməkdir.
Bu qanun ABŞ-ın keçmiş sovet respublikaları ərazisində işğal olunmuş ərazilərə dair yol verdiyi növbəti ikili standartdır. Belə ki, ABŞ Krıma qarşı sərt iqtisadi sanksiyalar tətbiq etsə də Ermənistanın işğalı aıtında olan Dağlıq Qarabağa 20 ildir heç bir iqtisadi məhdudiyyət tətbiq etməyib. Əksinə, ABŞ hər il öz büdcəsindən Dağlıq Qarabağa ayrıca iqtisadi yardım da ayırır. ABŞ vətəndaşı olan varlı erməilər Dağlıq Qarabağı vergidən yayınmaq və çirkli pullarını yumaq üçün geniş istifadə edirlər.
ABŞ şirkətlərinin Azərbaycanın işğal altındakı ərazilərində biznes fəaliyyətinə də məhdudiyyət qoyulmur. Habelə amerikalıların Dağlıq Qarabağa turist kimi gəlməsini məhdudlaşdıran qanun da mövcud deyil. Belə olan halda Azərbaycan ABŞ-ın siyasətinə niyə etibar etməlidir?