Həftənin cümə günlərinin qəribə bir mistikası var: çox vaxt yüksək vəzifələrə təyinatları da, hanısısa mənsəb yiyəsinin “vurulması” da bu günə təsadüf edir. Bir də həbslərE
Ölkədə həyata keçirilən siyasi motivli həbslərin çoxu, tam əksəriyyəti, xüsusilə də ən qalmaqallı ola biləcəkləri məhz həftənin cümə günü baş verir.
Başqa caniləri 724 yaxalayırlar, siyasi məhbusları isə həftənin cümə günləri.
Güman olunur ki, bu cür həbsləri ona görə həftənin sonunda edirlər ki, hadisə mediada ajiotaj doğurmasın – nə də olmasa, əksər KİV orqanları həftənin sonunda işləmirlər.
Ancaq bu versiyanın nə dərəcədə ciddi olub-olmaması mübahisə mövzusudur. Çünki hazırda elektron medianın hamısı və çap mediasının böyük hissəsi iqtidar komandasının inhisarındadır və onlar hər hansı bir qalmaqallı həbsə görə ajiotaj yaradası deyillər.
Belədirsə, nəyə görə ictimaiyyət tərəfindən tanınan şəxslərin – vəkillərin, jurnalistlərin, hüquq müdafiəçilərinin, siyasi funksionerlərin həbsləri məhz həftə sonrlarında baş verir? Müəmmalıdır.
Aydın olan odur ki, bu ölkədə heç bir həbs səbəbsiz olmur, anlaşılmazlıqdan, yanlışlıqdan baş vermir. Xüsusilə də siyasi motivli həbslər.
Bunlar planlaşdırılmış həbslərdir, uzun aylar həbs olunacaq adamların üzərində iş aparılır, dosye toplanır, torba tikilir, sonra iş başa gəlir.
Yadigar Sadıqovun fəaliyyətinin mərcək altına alınması 2013-cü ilin yanvarında başlanmışdı, həbsi iyunda baş verdi. “Dərzilər” bir torbanın üzərində altı ay işlədilər.
Leyla Yunus da uzun müddət müşahidə altında saxlandı. Hakimiyyət onun həbsinə addım-addım yaxınlaşdı, ictimai rəy tam hazırlandı və həbs, nəhayət, baş verəndə heç kəs təəccüblənmədi.
Xədicə İsmayılın əvvəl-axır həbs olunacağı şübhəsiz idi. Bir ilə yaxın idi ki, onu müxtəlif bəhanələrlə istintaqa çağırır, 7-8 saat sorğu-sual edir, ifadəsini alır, sonra sərbəst buraxırdılar.
Bir gün sorğu-sualdan sonra jurnalistin buraxılmayacağı gözlənilirdi və axırıncı dəfə istintaqa çağrılanda artıq sərbəst buraxılmayacağı onun özünə də, mediaya da öncədən bəlli idi.
Bu kimi həbslərlə müqayisədə yalnız Tofiq Yaqublunun və İlqar Məmmədovun həbsi plansız görünür. Onlar həmin o məşum gün İsmayıllıya getməsəydilər, hakimiyyətə bəhanə verməyəcəkdilər və bu tezlikdə həbs olunmayacaqdılar.
Ancaq Tofiq Yaqublu da, İlqar Məmmədov da çoxdan risk qrupundaydılar (bu qrupda olanlar çoxdur). Xüsusilə də İ.Məmmədov parlamentin tərkibi haqqında dediyi təhqiramiz sözə görə gücləndirilmiş müşahidə altındaydı, ilk fürsətdə götürülməliydi.
Sonuncu dəfə ilahiyyatçı Elşən Mustafaoğlunu həbs ediblər. Onu həftənin ortalarında həbs etsələr də, həbs xəbəri 5-ci günü axşam ictimailəşdirilib.
Bu şəxsin həbsi tam gözlənilməzdir. Onu tanıyanlar belə bir hadisənin baş verə biləcəyini güman etmirmişlər. Bir çoxları mediada açıqlama verərək onu müsbət reputasiyalı, mötədil din xadimi kimi xarakterizə edirlər.
Ancaq əl-əlbət, bir açıqlama olacaq və bilinəcək ki, ilahiyyatçını nəyə görə tutublar.
Əgər onu silah və ya narkotik maddə saxlamaqda ittiham etsələr, bu o demək olacaq ki, bu ittihamlar ilahiyyatçının saxlanması üçün bəhanədir, əsl səbəb başqadır, hər nədirsə, milli təhlükəsizliklə (yaxud hakimiyyətlə) bağlıdır.
Bəzən hakimiyyət qonşu dövlətlərlə açılışmamaq, münasibətləri gərginləşdirməmək üçün həbs olunanlara qarşı paralel, həm də qurama ittihamlar irəli sürür.
Birinə xarici dövlətlərin xeyrinə casusluq etmək ittihamı irəli sürmək, bunu sübut etmək, ittihamı sənədlərlə, dəlillərlə, etiraflarla, bütün iştirakçıların ifadələri ilə təsdiqləmək çətindir, amma yalançı hal şahidlərinin köməyi ilə silah və narkotik maddə ittihamını sübut etmək texniki işdir.
Bu səbəbdən ölkənin hüquq sistemində xaotiklik var. Həbslərin əsl səbəbləri ilə bəhanələr bir-birinə qarışdırılıb.
Bəlkə də bəzi siyasi məhbusların yol verdiyi cinayət tərkibli əməl ictimaiyyətə olduğu kimi açıqlansa və gerçəkdən sübuta yetirilsə, onları müdafiə edənlər bu qədər olmaz.
Ancaq belə görünür ki, həmin həbslərin bir çoxu sırf hakimiyyətin təhlükəsizliyi ilə bağlıdır. Yəni həbs olunanların fəaliyyəti heç də dövlətə, millətə, ictimaiyyətə qarşı yönəlməyib, hakimiyyətə qarşı olduğu üçün onlar cəmiyyətdən təcrid olunurlar.
Bu sahədə maksimum şəffaflıq, açıqlıq olmalıdır. Hər kəsin əsl suçu elan olunmalıdır, suçsuzlar isə azad edilməlidir. Onda siyasi məhbuslar kateqoriyası avtomatik aradan qalxar.