“Yeni Müsavat”ın yubiley tədbirlərinin qeyri-rəsmi hissəsi də çox yüksək səviyyədə keçdi, hər şey gözəl idi. Qəzet rəhbərliyi imkanları nəzərə alıb indiki heyətlə yanaşı keçmiş “Yeni Müsavat”çıların bir qrupunu və oxucularımızın təmsilçisi kimi bır sıra dəyərli insanları tədbirə dəvət etmişdi, səmimi atmosfer, toy-düyün ab-havası, kəsəsi, Azərbaycanın çağdaş mətbuatının aparıcı nümayəndəsinin adına layiq törən idi…
Ancaq tədbir boyu yeri görünənlər də vardı – qəzetimizin köşə yazarı Tofiq Yaqublu onlardan biriydi. Daha bir ay keçəcək və Tofiq bəyin məhbusluq həyatının 2-ci ili tamamlanacaq. “Yeni Müsavat”ın 25 illik tarixinin iki ilini məhbəs həyatı yaşadı qələm dostumuz, sevimli həmkarımız. Bu illərdə imkan tapan kimi köşələr yazdı, qələmi yerə qoymadı..
Tofiq Yaqublu elə bir insandır ki, yazmasa, olmur. Necə ki, hələ Qarabağ savaşına könüllü qatılanda yolüstü Goran stansiyasındaca 4 dəftər götürmüşdü-döyüş günlərindən yazmaq üçün. O dəftərlərinin üstündə adını, ev ünvanını göstəribmiş, evdə olmadığı üçün əmisi oğlunun iş nömrəsini qoyubmuş ki, döyüşdə ölsə, həmin dəftərləri görənlər evinə çatdırsınlar, arada itib-batmasın…Sözə, yazıya verdiyi dəyərin nümunəsidir. Əlində silah alanda belə, qələm-dəftəri olub Tofiq bəyin.
2013-cü ilin yanvarında İsmayıllıya gedəndə də məqsədi bir olmuşdu: yazmaq. Tofiq bəy 2013-cü il yanvarın 23-də, yerli hakimiyyətdən narazı əhali “Çıraq” otelini və icra başçısının evini yandırandan bir gün sonra İsmayıllıya gedib. Saat 16:00-da ora çatıb, maşından düşüb orada toplaşmış jurnalistlərə yaxınlaşıb, ancaq polis ondan rayonu tərk etməyi tələb edib, o da Bakıya dönüb. Buna görə 5 il həbs?!
Ölkə başçısı dəfələrlə məmurları vətəndaşların taleyinə həssas yanaşmağa, məmur övladlarını cızığından çıxmamağa çağırıb. İsmayıllı olaylarına görə sabiq nazir Füzuli Ələkbərov, onun icra başçısı olan qardaşı, digərləri cəzalandırıldı. Məntiqlə Tofiq Yaqublu və digərləri dövlətçilik üçün etdiklərinə görə mükafatlandırılmalıydı…
****
Bu günlərdə bir şad xəbər aldıq, Tofiq Yaqublunun ortancıl övladı-Nərgiz xanım ailə qurub. Xoşbəxt olsunlar! Düzdür, həm Tofiq bəy, həm də övladları illərin sərt sınaqlarına dəfələrlə tuş gəldikləri üçün belə anları da taleyin yazısı sayıb təbii qəbul edirlər, özlərinə dərd eləmirlər. Ancaq axı belə olmamalıydı. Tofiq Yaqublu o insanlardandır ki, kirayə yaşayan ailəsini, iki azyaşlı qızını evdə qoyub könüllü Qarabağa getmişdi. Körpəliyində övladlarını düşünmədən Vətən savaşına yollanan bir insanın bu gün ən azı övladının toyunda iştirak etmək haqqı vardı. Tofiq Yaqublu o insanlardandır ki, düşmən arxasına keçib biri polkovnik olmaqla (!) 5 erməni hərbçini məhv edib, bu qəhrəmanlığına görə adı iki dəfə Milli Qəhrəmanlığa təqdim olunub. Düşmən helikopterini vuran əsgərimizi mükafatlandırırıqsa, erməni polkovnikini məhv edən mayor Yaqublu həbsdə olmamalıdır.
Deyirlər ilin sonunda əfv veriləcək. Bütün məhbus ailələri kimi Tofiq bəyin də ailəsinin gözləntiləri var. Çox yaxşı olar ki, böyük amnistiya verilsin, Azərbaycan yeni həyata başlasın, məhbussuz ölkə kimi düşmənə göz dağı versin. iqtidar daha çox ölkə vətəndaşlarınınm rəyini nəzərə aldığını deyir. Əgər Avropadan gələn müraciətlər ölkənin daxili işlərinə müdaxilə kimi qarşılanırsa, onda icazə verin bir müraciəti də biz edək. Bir günlük də olsa, “Azərbaycanın Avropası” olaq. Yazarı həbsdə olan qəzetin hər bir həmkarının məncə, buna haqqı var: Tofiq bəyin, həmkarımızın azadlığa buraxılmasını istəyirik. İstəyirsiniz bunun adını əfv müraciəti qoyun, istəyirsiniz xahiş, təmənna, təki Tofiq bəy azadlığına qovuşsun. Mən əminəm ki, Avropadakı bəzi dairlər, hakimiyyət demişkən, ermənipərəstlər üçün Tofiq Yaqublu kimi Qarabağ döyüşçüsünün həbsdə yox, zindanda olması daha çox vacibdir, erməniyə güllə atıb deyə…
Bir dəfə də yazmışam. Tofiq bəyin “Yeni Müsavat”da çap olunan tarixi yazıları – gündəlikləri yarımçıq qalıb. Düşmənlə üzbəüz səngərdə daim yazdığı gündəliklər. Hansı ki, Tofiq Yaqublu Rauf Arifoğlunun təklifindən sonra döyüş xatirələrini yazmağa başlamışdı.
Mayor rütbəli yazarımızla bizi hələ çox sınaqlar gözləyir. Qarabağ savaşı bitməyib. Tofiq bəy kimi oğullar bu Vətən, bu dövlət üçün çox-çox gərəlidir. Əminəm ki, savaş başlasa, yenə də Tofiq bəy ilk könüllülərdən olacaq. Yolüstü Goran stansiyasından 4 dəftər də alacaq-döyüş səlnaməsini yazmaq üçün…