Türkiyə tarixinin ən böyük rüşvət və korrupsiya əməliyyatları zamanı polis tərəfindən ələ keçirilən nağd pullar və qızıllar sahiblərinə geri qaytarılıb.
Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2013-cü il, dekabrın 17-də Türkiyədə həyata keçirilən rüşvət və korrupsiya əməliyyatları zamanı azərbaycanlı iş adamı Rza Zərrab və Türkiyənin keçmiş daxili işlər naziri Muammer Gülərin oğlu Barış Gülərin evindən çıxan pullar və qızıllar faizi ilə birlikdə özlərinə geri qaytarılıb.
Əməliyyatlar zamanı Rza Zərrabın evindən və ofsindən götürülüən 1 milyon türk lirəsi (təxminən 370 min manat), 800 min avro, 60 min dollar və 2 kiloqram qızıl faizi ilə birlikdə geri qaytarılıb.
Bir ildən çoxdur ki, polis tərəfindən götürülən və banka qoyulan pulu Rza Zərrabın adamı Abdullah Happani alıb. 2 vəkil və 2 mühafizəçi ilə Türkiyə Ədliyyə Nazirliyinə gedən A.Happani qızıl və nağd pulları çamadan və çantalarda aparıb. A.Happani jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.
Rza Zərrabın qızıl və nağd pulları 1 il ərzində “Vakıfbank”da saxlanılıb. Bu il ərzində məbləğin üstünə 55 min türk lirəsi (təxminən 200 min manat) faiz gəlib. Azərbaycanlı milyarder bu məbləği “Qızılay” yardım təşkilatına bağışlayıb.
Əməliyyatlar zamanı nağd pulu müsadirə olunanlardan biri olan keçmiş daxili işlər nazirinin oğlu Barış Gülərin evindən çıxan 400 bin türk lirəsi (təxmiən 150 min manat), 320 min avro, 90 min dolar nağd pul geri qaytarılıb. Keçmiş nazirin oğlu pulunu nağd almayıb. Onun pulu digər bankda olan hesabına köçürülüb. B.Gülər də buna görə 20 faiz gəlir əldə edib.
Xatırladaq ki, qalmaqallı əməliyyatlardan sonra o zamankı baş nazir, indiki prezident Rəcəb Tayyib Ərdoğan və hökumət nümayəndələri bu pulların əməliyyatları həyata keçirən polislər tərəfindən evlərə qoyulduğunu demişdilər.
Qeyd edək ki, əməliyyatlarda iştirak edən polislər hökumətin əks-hücum qismində həyata keçirdiyi “paralel dövlət” əməliyyatları zamanı həbs edildi və ya vəzifədən uzaqlaşdırıldı.