Bu yaxında Ümumi Daxili Məhsul haqda bir rəqəm oxudum, ürəyim qana döndü, heç yadımdan çıxmır. Yazılmışdı ki, 2014-cü ildə Azərbaycanda ÜDM-in artımı 2 faiz olmuşdur.
Məncə, biz buna görə Artur müəllimi – hörmətli baş nazirimizi istefa verməyə çağırmalıyıq. Necə yəni 2 faiz? Uca xalqımız buna öyrəşməyibdir. Bizdə ÜDM həmişə 30-40 faiz artırdı, ən ölüsü 10 faiz olurdu, yəni həmişə ikirəqəmli idi. Bəs indi nədən birrəqəmli olubdur?
Birrəqəmli demişkən, bu mövzuda çox yaxşı Şəki lətifəsi var, heyf mentalitet senzurası imkan vermir tam yazaq. Ancaq hər halda, ucundan-qulağından yazaq, hörmətli oxucular özləri anlayacaqdır.
Demək, bir venesiyalı tacir olur, alver edə-edə gəlir çıxır Şəkiyə, görür burda baş meydanda bir nəfər göyərçin satır, özü də bərkdən reklam edir: “Tək qanadlı uçan göyərçin! Gəlin, alın, qalmadı! Axırıncıdır! Dünyanın möcüzəsi!” Sonra göyərçini atır havaya, quş doğrudan da tək qanadla uçur. Venesiyalı bundan bir cüt alır, aparır doğma məmləkətinə, orda camaatı yığır, deyir baxın görün analoqu olmayan Azərbaycandan nə gətirmişəm, hələ orda müxtəlif səviyyəli yol qovşaqları da var, ancaq bu ayrı mövzudur, inşallah, növbəti səfərimdə danışaram. (Mən də yazaram, əziz və hörmətli oxucular – Z.H.).
Uzun sözün qısası, tacir quşu atır göyə, ancaq quş iki qanadla uçur. Neçə dəfə təkrarlasa eyni hal olur, aldatdığı üçün camaat bunu qapazlayır. Tacir fikirləşir yəqin şəkili məni aldadıb, prinsipə girir, quşları götürür qayıdır Şəkiyə. Gəlir həmin quşsatanı tapır, deyir niyə məni aldatmısan. Şəkili göyərçinləri buraxır havaya, quşlar tək qanadla uçur. Venesiyalı özü uçurdur, yenə tək qanadla… Tacirin gözü kəlləsinə çıxır, deyir, bu necə olur, burda nə fırıldaq var. Satıcı gülüb deyir: “Fırıldaq-zad yoxdur, haindi bura Şəkidir, bir qanadı ilə uçur, bir qanadı ilə də… özünü qoruyur”. Yəqin anladınız söhbət nədən gedir, anlayanlar anlamayanlara danışsın, məndən bu qədər.
Bax, narahatlıq doğuran odur ki, neftin qiyməti düşsə, yainki bu səviyyədə qalsa bizim iqtisadiyyatımız, yapist rejimimiz tək qanadla uçan o göyərçinin vəziyyətində olmayacaqmı? ÜDM 2 faiz artırsa, biz bununla necə bütün Qafqazın lideri ola bilərik? Seçki saxtalaşdıran müəllimə və direktorlar yarmarkadan geydirmə şubanı nə ilə alacaqlar? Yaltaq jurnalistlər “Vətənpərvərlik və Üstüaçıq rayon icra hakimi Gülbala müəllimin İsa bulağı sevgisi” mövzusunda elmi-bədii, publisistik-mazoxist, geopolitik-lirik, bioloji-psixodelik oçerkləri necə yazacaqlar? Yaltaqlıq, yalançılıq, hər cür dəyyusluğun inkişafı ilə ÜDM artımı arasında düz mütənasib riyazi əlaqə vardır, əmin olun. Əlbəttə, bizimki kimi ölkələrdə, yoxsa normal, sivil dövlətlərdə ÜDM artar, azalar, camaat da buna görə faciə yaşamaz.
Sözgəlişi, bayaq Artur müəllimin adını çəkdim, yazını yazdığım anda isə şıdırğı bələdiyyə seçkisi gedirdi, hərə bir yanda qutuya bülleten basırdı və birdən ağlıma yeni fikir gəldi. Hətta “evrika” qışqırıb hamamdan çıxdım! (Hamam demişkən, bu yaxında Bakıda bir marşrut avtobusunda inanılmaz mənzərə gördüm: sürücü eyni anda bir əli ilə qalıq qaytarır, o biri əli ilə tum çırtlayır, başını çiyninə yapışdırıb telefonla danışır, siqaret çəkir, üstəlik, ayağını vannaya qoymuşdu! Deyir ayağımda ağrı var, gərək gün ərzində isti suda olsun. Möhtəşəm avtobus idi). Bəs ağlıma gələn fikir nə idi, onu dərhal yazım, yoxsa az qala yadımdan çıxmışdı: bələdiyyə seçkiləri bizim seçki sisteminin “Artur Rasizadəsi”dir.
Deputatxana seçkilərinə hələ ad tapmamışam, elmi araşdırmalar davam edir. Prezident seçkilərinin adı üzərində ümumiyyətlə fikirləşmirəm, çünki öz adı necə gözəldir, necə yaraşıqlıdır, bəh-bəh, bəyənməyənə Kürdəxanıda hazır kamera var, məncə, risk eləməyək.