Redaksiyaya zəng gəlir, mən cavab verəsi oluram. Rabitə xəttinin o başındakı adam təmkinli, zabitəli səslə deyir, baş redaktorla birləşdirin. Amma baş redaktor redaksiyada yoxdur. Deyir, onda bir yetkili şəxs cavab versin. “Buyur”, deyirəm. Adam buyurur: “Sizi məhkəməyə verirəm”. Deyirəm: “Çox gözəl, nəyə görə?” Adam: “Mənim şəklimi vermisiz, “İŞİD-ə 1500 manat pul atan oğlana dair xəbərdə”. Mən: “Bu məsələni həll etmişdik axı. Zəng elədiniz, biz də şəkli çıxardıq”. Adam: “Yox, dediyim sözləri də qəzetə yazmışdınız”.
Qəribə adamdır. İŞİD tərəfindən tanınıb cəzalandırılacağından qorxaraq, redaksiyaya zəng edib, dönə-dönə yalvarıb, yaxarıb, şəklin ona məxsus olmadığını deyib, dediklərinin qəzetə yazılmasını istəyib, şəkli qəzetdən çıxarılandan sonra zəng vurub təşəkkürünü bildirib, məmnunluğunu dilə gətirib, “çox sağ olun” birini bir qəpikdən döşəyib, indi aralıq sakitləşib deyə məhkəmədən danışır.
Təmkinli olmağa çalışıram: “İndi nə məsələdir?” Adam əmin-arxayın şəkildə, əkə-bükə vəkillər kimi dilə gəlir: “O materialları toplamışam. Başqa saytlar da sizdən kopyalayıb vermişdilər, onları da yığmışam. Məhkəməyə müraciət edəcəm”. Mən: “Lap yaxşı, get ver məhkəməyə. Haqqındır”. Adam: “Bəli, elə edəcəyəm”. Mən: “İndi biz nə edək? O məhkəmə, o sən. Daha vaxtımızı niyə alırsan? Yaxşı, hələlik”. Adam: “Yox ey, bir dəqiqə, bir dəqiqə…”. Mən: “Oldu, məhkəmədə görüşərik”.
Belə deyib də sağollaşıram. Çünki vaxt qıtlığı var, İŞİD-in iştəkləri barədə xəbərlər dolub-daşır. Rabitə kəsiləndən sonra ağlıma gəlir ki, heyf, türkün sözü, adamın dilinin altındakı paxlanı çıxarmasını gözləmədim, yəqin ki, bazarlıq təklif edəcək, bizi məhkəməyə verməməsi üçün azı 1500 (bəlkə də daha çox) manat pul istəyəcəkdi. Başqa nə olsun? Qəzeti məhkəməyə verirsən, sonra da zəng edib, çənə-boğaza çıxırsan…
Əməkdaşlar belə bir versiya irəli sürürlər ki, İŞİD-ə 1500 manatlıq kələk gələn oğlanla redaksiyaya zəng vuran şəxs yəqin ki, eyni adamdır, o da dolanışığın yolunu elə tapıb.
Əslində o xəbər ilk yayılanda dünyanı lərzəyə salan bir terror qruplaşmasına fırıldaq gəlməyi bacaran həmyerlimizlə qürur duyanlar çox idi. Çoxları riqqətə gəlmişdi, necə fərasətli, itibeyinli, geniş zəka sahibi olduğumuzun (millət olaraq) parlaq nümunəsi ortada idi. Amma nə biləsən, adam sonra valın o üzünü çevirəcək.
Söz yox, fərasətli camaatıq, yeri gəlsə qorxmazıq da, döyüşkənik də. Amma bir xasiyyətimiz var ki, unikaldır, dünya üzərində analoqumuz yoxdur. (Bəlkə də var, bilmirik). Bu da bizim intriqaya, parçalanmaya, daxili didişməyə meylli olmağımızla bağlıdır. 18-ci əsrdə balaca bir coğrafiyada 7 dövlət (xanlıq) yaratmış xan babalarımızın varisləriyik axı! Urra! Və bu heç.
İndi də xəbər gəlir ki, azərbaycanlılar İŞİD-i parçalayır. Buna heç kim təəccüblənmir, hamı qəribə bir anlayışla, hətta məmnunluqla qarşılayır. Sanki belə olmalıdır. Bir simsar adam var, deyir ki, azərbaycanlıların Suriyaya, İraqa gedib İŞİD-ə qoşulduqlarını eşidəndən bəri məhz bu xəbəri gözləyir. Onun fikrincə, hələ bu harasıdır, Bağdadinin İŞİD-nin yerində 3-4 dənə Müasir İŞİD, Klassik İŞİD, Bütöv İŞİD yaranacaq, onların yarısı iqtidaryönlü, yarısı müxalifətyönlü olacaq, konstruktiv və destruktiv İŞİD-lər bir-biri ilə vuruşacaq və ən ümdəsi, bütün İŞİD-lərdə azərbaycanlılar yüksək səviyyədə, rəhbərlikdə təmsil olunacaqlar.
Yəni bu, bizim camaatın fitrətində var, belə olmalıdır. Bütövlük nədir, bilik nədir, vəhdət nədir, elə şey olarmı?
İmtahan üçün üç azərbaycanlını uzaq bir yerə, Kanadaya, Çiliyə, Yaponiyaya göndərək. Yox, ora çox yaxındır, orbitə, kosmosa göndərək, qayıdıb gələndə üçü də bir-biri ilə küsülü qayıdıb gəlməsələr, nə deyirsiniz, deyin. Hətta gələn dəfə yeni bir ekipaj yığılanda mütləq biri deyəcək ki, köhnə heyətdən filankəs gedirsə, mən getmirəm.
Aradan 100 il keçəcək, 2114-cü ildə bu yazı üç azərbaycanlının əlinə düşsə, biri deyəcək, müəllif yaxşı yazıb, biri deyəcək, xeyr, çox pis yazıb, üçüncü heç nə deməyəcək, bazlıqdan-zaddan danışacaq.