2014-cü ilin son akkordu saxta seçkilərlə vuruldu. Normal məmləkətlərdə, lap elə qardaş Türkiyədə ölkə ictimai-siyasi həyatını əməllicə silkələyən bələdiyyə seçkiləri Azərbaycanda indiyədək görünməmiş şəkildə sönük keçdi. Ona görə ki, bizdə istənilən qəbildən olan seçkilər həyatımızda və taleyimizdə hansısa rol oynamaq şansını çoxdan itirib.
Bunun günahı əlbəttə ki, ilk növbədə xalqı seçkilərdən iyrəndirən, seçki anlayışını kökündən təhrif edən hakim qüvvə və 20 ildir onun təlimatı ilə hərəkət edən MSK-nın üzərindədir. Hamı bilir ki, Azərbaycanda xalqın yox, yalnız superseçicinin iradəsini həlledici olduğundan, vaxt itirib səsvermə məntəqəsinə getməyə ehtiyac yoxdur…
Konkret 23 dekabr seçkilərinə gəlincə, bu seçkilərin demokratik standartlardan uzaq olduğunu təsdiqləyən faktlardan biri də Avropa Şurasının onu müşahidə eləməkdən imtinası oldu. Düz də elədi. Nəticələri iki ay öncə bəlli olan “seçkiləri” izləməyə nə lüzum? Bu seçkilərin necə keçdiyi minlərlə kilometr uzaqlardan da aydın görünürsə, əziyyət çəkib gəlməyin anlamı qalırmı?
Məsələ də ondadır ki, Azərbaycan xalqı kimi Qərb institutları da belə psevdoseçkilərdən çoxdan bezib, onlardan ötrü bu seçkilər maraq kəsb eləmir. Maraq kəsb etməyən, heç nəyi dəyişməyən seçkiləri isə müşahidə yox, lap uzaqlardan sadəcə, seyr eləmək kifayətdir.
Bu seçkilərdən hələ ki, bezməyən, usanmayan yalnızca bir qüvvə qalıb – o da hakimiyyətdir. Hələ ki, beynəlxalq ictimaiyyətin bizdəki seçkilər haqda nə düşündüyü onu qayğılandırmır. Amma nahaq yerə. Çünki təcrübə göstərir ki, Qərbin təzyiqləri və sanksiyaları adətən o, hökumətləri dürüst seçkilərə inandıra bilmədiyinə əmin olduqdan sonra başlayır…
İqtidardakılar heç cür anlamaq istəmirlər ki, elektoratın seçkilərə ölən (olan) marağı onların saxtalaşdırılması ilə birbaşa əlaqəlidir. Doğru, bəzən demokratik ölkələrdə də seçici fəallığı yüksək olmur. Ancaq Azərbaycan kimi avtoritar dövlətlərdəki passivlik bir neçə mühüm və prinsipial özəlliyi ilə fərqlənir.
Əvvəla, demokratik ölkələrdəki passivlik də demokratik xarakterlidir. Çünki Azərbaycandan fərqli olaraq normal ölkələrdə seçki yarışının bütün demokratik şərtlərinə lap başlanğıcdan səsvermə gününədək tamamilə əməl edilir, o sırada seçki marafonunun bərabər rəqabətliliyi, ədalətliliyi təmin olunur (müxalifətə yetərli efir vaxtının ayrılması, söz, ifadə və toplaşmaq azadlıqlarının bərqərar edilməsi və s.). Ən önəmlisi, bütün səviyyələrdən olan seçkilər Ali İcra Hakimiyyətinin, yerli “padşahların” nəzarətindən və mümkün müdaxiləsindən kənarda həyata keçirilir. Və bu şərtlər daxilində hətta bələdiyyə seçkiləri ölkə siyasi həyatında ciddi hadisəyə çevrilir – seçici aktivliyi yüksək olmasa da.
Başqa sözlə, demokratik ölkələrdəki passivlik bizdəki kimi, heç də seçkiyə inamsızlıqdan qaynaqlanmır. Bizdəki o acı gerçəkdən qaynaqlanır ki, bir ölkədə yerli seçkilərə hiylə qatılırsa, iri seçkilər – parlament və prezident seçkiləri də yüzdə yüz saxtalaşdırılır. Ölkədə xroniki azad və ədalətli seçki çatışmazlığının nəyə gətirdiyini isə ərəb ölkələrində davam edən qanlı vətəndaş müharibələrindən əyani görünür. Elə isə dayanmaq, düşünmək, bəd vərdişlərdən imtina eləmək zamanı deyilmi?
Deyilə bilər ki, ABŞ-ın müttəfiqlərindən olan neft ölkəsi Səudiyyə Ərəbistanında, digər bəzi ölkələrdə də normal, legitim seçkilər keçirilmir. Ancaq burası Azərbaycan – Səudiyyə kimi nefti olsa belə, Avropa məkanının bir parçası, Avropa Şurasının üzv ölkəsi, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin varisi olan məmləkət, nəhayət, Avropanın ağzının içi.
Yəni kimsə düşünürsə ki, uzun müddət ərəb krallarına tanınan lükslər Bakıya da davamlı şəkildə tanınacaq, yanılır. O səbəbə bəlkə arada-bərədə dürüst seçki məşqi də edəsiniz?! Yararı var.