“Bizim dinimizdə deyilir ki, savaşanlarla savaşın”.
Xəbər verdiyimiz kimi, dünən Fransada “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücum olub.
Bu terror aktı qurbanlarının sayı artıq 12-yə çatıb. İddia olunur ki, redaksiyaya hücumun səbəbi qazetdə yer alan İslam dini və Məhəmməd Peyğəmbəri təhqir edən karikaturalar olub.
Şahidlərdən birinin sözlərinə görə, hücum edən şəxslərdən biri “Peyğəmbərin intiqamı alındı”, “Allahu Əkbər” deyə qışqırıb. Hadisənin dini zəmində baş verməsi barədə məlumat yayılıb.
Bu gün dünyada Allah adı ilə törədilən bu tipli terror aktları, İŞİD-in törətdiyi əməllər islam dinin nüfuzuna böyük zərbə vurmaqdadır.
Azərbaycanın tanınmış ilahiyyatçısı Elşad Miri baş verənləri Oxu.Az-a şərh edib.
İlahiyyatçının sözlərinə görə, islam dini sülh deməkdir:
“İslam dini heç kimə icazə verilmir ki, haqsız yerə bir insanı öldürsün. Ümid edirəm ki, bu hadisə Avropada – müsəlmanların ən çox yaşadığı yerlərdən biri Fransada İslama qarşı təxribata çevrilməyəcək. Bizim dinimizdə deyilir ki, savaşanlarla savaşın”.
İlahiyyatçı bildirib ki, İŞİD ekstremistlərinin törətdikləri dəhşətli qətllərdən sonra Avropa ölkələrində islamafobiya məsələsi gündəmə gəlib, belə bir hadisə isə Avropa ölkələrində İslamafobiyanı daha da gücləndirəcək:
“Bu, bəlkə də Avropada bir oyundur, orada yaşayan müsəlmanlarla qeyri-müsəlmanlar arasında bəzi məsələlər gündəmə gətirilib. Bu, müsəlmanları yaşadığı ölkələrdən çıxarmaq üçün bir üsuldur. Kim ki, “Allahu əkbər” deyib adam öldürürsə bunu dinlə bağlamaq düzgün deyil.
Lakin, Fransada “Peyğəmbərin intiqamı alındı” deyə satirik jurnalın redaksiyasının əməkdaşlarının güllələnməsi digər ölkələrdə İslam dini və Məhəmməd Peyğəmbəri təhqir edən karikaturaların yaradılıb yayılmasına səbəb olacaq. Bu hadisədən bəzi qüvvələr istifadə edəcək”.