Neçə illərdir mövcud hakimiyyətin din siyasəti zaman-zaman mediada ciddi tənqidlərə məruz qalır. Bütün bunlar səbəbsiz deyil, problemlər var və hakimiyyət o problemləri məşhur düyünü kəsməklə həll edən Qordi kimi həll edir.
Ancaq hər dəfə dünyaya səs salan terror aktları baş verəndə adam hiss edir ki, ölkənin din siyasətinə yeni baxışla, tənqidi səpkidə olsa belə, anlayışla yanaşmaq lazımdır.
Ölkəmiz elə bir coğrafiyada yerləşir ki, burada bir çox qüdrətli ölkələrin siyasi, iqtisadi və dini maraqları eyni zamanda toqquşur.
Gizlətməyək, bu ölkədə müxtəlif dini təriqətlərin hökmran mövqedə olmasına çalışan xarici dövlətlər var. Bir ara hətta xristian missionerlər sərbəst şəkildə küçələrdə insanların qabağına çıxır, onları öz dini sektalarına dəvət edirdilər. Bu sektaların şəhərin mərkəzində ofisləri, fəallar qrupu vardı və tam sərbəstlik əldə etmişdilər, qorxusuz-ürküsüz təbliğat aparır, ədəbiyyat yayır, yeni-yeni üzvlər cəlb edir, sıralarını genişləndirirdilər.
Heç nə boşuna deyildi. İnsanları hansısa dinə, təriqətə dəvət edən qrupların hamısının arxasında ciddi maliyyə qaynağı və mərkəzlər vardı. Bütün təlimatlar ordan gəlirdi. Azərbycan krişnaitlərdən tutmuş Yəhova şahidlərinə, nurçulara, sələfilərə, radikal şiə məzhəblərinə qədər, müxtəlif sektaları böyütmək, gücləndirmək istəyən dairələrə münbit məkan kimi görünürdü.
Sonralar hakimiyyət onların milli təhlükəsizliyə təhlükə törətdiklərini görərək (yaxud zənn edərək), müxtəlif inzibati-hüquqi üsullarla onların əl-ayağını yığdı. Din sektorunun total nəzarət altına alınması prosesi baş verdi.
Çünki bariz şəkildə ortaya çıxmışdı ki, əgər bir ölkədə dövlət dinə nəzarət etmirsə, çox keçmədən din dövlətə nəzarət edəcək.
Buralar bəlkə geopolitik baxımdan Avropa sayıla bilər, ancaq dinin dövlətdən hələ yüz il öncə ayrıldığı Avropa deyil. Nə qədər olmasa da, bura şərqqdir. Klassik ifadəylə desək, şərq incə məsələ olsa da, din sektorundakı siyasətdə incə üsullar effektsiz olur, yeri gələndə sərt tədbirlər görülməlidir ki, millətin başı salamat olsun.
Mahiyyət etibarilə Azərbaycan xalqı başqa dinlərə və millətlərə qarşı tolerant ovqata malikdir. Xaricdən sirayət edən yad, radikal ideologiyalar olmasa, xalqımız çoxmillətli, çoxdinli bir cəmiyyətdə dinc, yanaşı, problemsiz yaşamağa qabildir.
Ancaq qonşu ölkələrdən buraya “əsl dini dünyagörüş” ixrac etmək istəyən dairələr insanları öz təsirlərinə salaraq, ölkədə dözülməz dini mühit yaratmaq, özlərindən olmayanlara nifrətlə yanaşan qruplar yaradıb fəallaşdırmaq xətti götürürlər. Millətin, dövlətin təhlükəsizliyi üçün cavabdeh olan rəsmi strukturlar bir qədər boş tərpənsələr, sayıqlığı əldən versələr, ölkənin çıxılmaz bir girdaba girməsi texniki işdir.
Çünki özləri sırf totalitar ideyalar yayan, hər cür azadlıqlara qarşı olan məzhəblər demokratik dəyərlərdən, insan haqlarına dair konvensiyaların tələblərindən gen-bol bəhrələnirlər, öz fəaliyyətləri üçün əlverişli şərait yaratmağa çalışırlar.
Heç kəsə sirr deyil, son vaxtlar təhlükəsizlik orqanları tərəfindən müxtəlif radikal dini təriqətlərin, ekstremist təşkilatların fəalları həbsə alınıb. Bir neçə il öncə olsaydı, hüquq müdafiəçiləri onların adını siyasi məhbus siyahılarına salardılar. Ancaq son bir ildə belə bir tendensiya yoxdur. Bu şəxslərin həbsi əslində müəyyən dərəcədə siyasi motivlərə dayansa da, hamı bilir ki, onların fəaliyyətinin demokratiyanın “d”-si ilə əlaqəsi yoxdur, onlar ölkədə şəriət rejimi qurmaq istəyən və öz niyyətlərinə terror aktlarıyla, insanları qırıb-çatmaq, qorxutmaq hesabına yetmək istəyən qüvvələrə mənsubdurlar.
Bu cür radikal təriqətlər din pərdəsinə bürünərək dünyaya meydan oxuyur, dini gözdən salırlar. Əksər müsəlman dövlətlərində mövcud hakimiyyətlər teokratik-şəriət rejimi yaratmaq istəyən qüvvələrə qarşı mübarizə aparırlar.
Başqa yol yoxdur. O təriqətlər hədəflərinə çatsalar, müxtəlif ölkələrdə şəriət rejimləri bərqərar etsələr, neçə yüz ilin demokratik nailiyyətləri bir neçə ilin içində puç olub gedər, bəşər əhli yenidən quldarlıq rejiminə qayıdar.
Hazırda dünya üzərində açılmış yeni cəbhə xətti xristianlarla müsəlmanlar arasında yox, şəriət rejimi bərqərar etmək istəyən radikal dini təşkilatlarlarla dünyəvi dövlət quruluşunu müdafiə edənlərin arasına keçirilməlidir.