“Siseron” – İkinci dünya müharibəsi dövründə alman kəşfiyyatının ən qiymətli agentinin təxəllüsüdür. Bu, Ankaradakı Britaniya səfirliyinin birinci katibinin sürücüsü işləyən, sonra isə Türkiyədə Böyük Britaniya səfirinin otaq xidmətçisi olan albaniyalı Elyas Bazna idi. O, bir çox məxfi sənədlərin fotosurətlərini alman kəşfiyyatına çatdırıb. Bunlar düzgün strateji məlumatlar idilər. Lakin Hitler ona lazımi əhəmiyyət vermirdi. Üstəlik bunu ingilislərin dezinformasiyası sayırdı. Nasist liderlərinin Siserona və onun təqdim etdikləri sənədlərə münasibəti çox qəribə idi. Bir tərəfdən, onlar verilmiş məlumatın həqiqiliyinə inanırdılar, digər tərəfdən isə heç cür başa düşə bilmirdilər ki, belə çox məxfi sənədlər adi nökərin əlinə necə düşə bilər. Nəticədə onlar Siseronun müttəfiq dövlətlərin hərbi planları haqqında ötürdüyü sənədlərdən demək olar ki, faydalana bilmirdilər. Mark Tulliy Siseron (eramızdan əvvəl 106-43-ci illərdə) Qədim Romada natiq və böyük siyasi xadim olmuşdu. Onun adı natiqlik qabiliyyətinin rəmzi sayılır. Bu sürüçü, ev xidmətçisi Elyas Bazna ilk dəfə Britaniyaya aid sənədlərin fotolentini təqdim edərkən, Almaniyanın Türkiyədəki səfiri Fon Papen elə sarsılmışdı ki, informasiyanın dəyərinə görə onu “Siseron” adlandırmışdı.
Agent “Siseron”
Neytral Türkiyə – səssiz müharibə
1943-ci ilin yanvarında Adanada Çörçillin Türkiyə prezidenti İnönü ilə məxfi görüşü keçirildi. Burada Türkiyənin təhlükəsizliyinin təmin edilməsi haqqında məsələ və Orta Şərqdəki ən böyük Britaniya arsenallarında silah tədarükü müzakirə olundu. Görüşdə Britaniya İmperiyasının baş qərargahının rəisi general Alan Bruk və Xarici İşlər nazirinin köməkçisi Aleksandr Kadoqan iştirak edirdi. Noyabrın 22-də isə Ruzvelt, Çörçill və Çan Каyşi Qahirədə yığışıb, Yaponiyaya qarşı gələcək əməliyyatlar haqqında məsələni həll etdilər. Bir həftə sonra Tehranda, üç müttəfiq dövlətlərin başçılarının – Ruzvelt, Çörçil və Stalinin iştirakı ilə konfrans başladı, orada Stalin hələ də ikinci cəbhənin açılmaması üçün narazı olduğunu bildirdi. Stalin israr edirdi ki, müdaxilə Qərbi Avropada başlasın, prezident Ruzvelt onun arqumentləri ilə razılaşmağa meylli idi. Sovet nümayəndələrini bir qədər sakitləşdirmək üçün, Çörçill “Overlord” planı haqqında onlara məlumat verdi. Overlord, şərti olaraq, Normandiyaya hücum planını belə adlandırılmışdı. Bəzi məlumatlara görə, məhz Tehranda Fransa ərazisinə atılacaq desantın tarixi təxminən müəyyən edilib. Sonra Ruzvelt və Çörçillin yenidən Qahirədə görüşü keçirildi. Burada Türkiyənin müharibəyə daxil olması üzrə hazırlıqların ilkin tədbirləri qismində 7 min nəfər ingilis hərbi heyətinin türk aerodromlarında yerləşdirilməsi məsələsi müzakirə olundu. Və hətta düşünmək belə qorxulu idi ki, bütün bu görüşlərin bir çox təfərrüatları və “Overlord”un təxmini əməliyyatları demək olar ki, dərhal almanlara məlum olub.
Türkiyə rəsmən II Dünya müharibəsi ərzində neytrallığını saxlayırdı. Almaniyanın ona rəğbət bəsləmiş Ankaranı öz xeyrinə müharibəyə cəlb etmək cəhdləri baş tutmamışdı. 1942-1943-ci ilin qışında Türkiyə hökuməti Stalinqrad döyüşünün gedişini diqqətlə izləyirdi və vuruşmanın nəticəsini gözləyirdi. Şəhərin təslim olunacağı halda, Türkiyə Almaniya tərəfindən müharibəyə qoşulacaqdı. Stalinqrad isə tab gətirdi. Bundan başqa, Almaniyaya ağır məğlubiyyət zərbəsi vurdu, Vermaxt görünməmiş itkilər verdi. Türkiyənin müharibəyə qatılması qeyri-müəyyən müddətə təxirə salındı. O zamanlar ki, bir-birinə düşmən olan dövlətlər Avropa meydanlarında və Asiya çöllərində bir-birini qırırdılar, Ankarada Dünya müharibəsində iştirak edən bütün ölkələrin səfirlikləri fəaliyyətə başladılar. Dünyəvi tədbir və rəsmi qəbullarda düşmən ölkələrin diplomatları bir-birini nümayişkaranə şəkildə görməməyə üstünlük verirdilər. Amma sakit otaqlarda başqa müharibə gedirdi: atəş səsləri, partlayışlar və hücumlar olmadan. Ankaranın neytral və sakit qucağında dünyanın bütün nəhənglərinin qızğın kəşfiyyat mübarizəsi gedirdi. Bu barədə ingilis səfirliyinin katibi Duqlas Baskın yanında işləyən Elyas Bazna yaxşı xəbərdar idi.
Nökər necə casusa çevrildi?
Elyas Bazna Priştində anadan olub və əslən albaniyalı idi. Birinci Dünya müharibəsi ərəfəsində ailə, çətin vəziyyət üzündən Türkiyəyə köçüb və Ankarada yaşamağa başlayıb.Elyas həmişə varlanmaq istəyində olub. O, bir çox peşələrdə özünü sınayıb, bağ sulayan, sürücü, fotoqraf, hətta müğənni olaraq işləyib, lakin bu məşğələlərin heç biri ona var-dövlət vəd etmirdi. Axırda Elyas – xarici səfirlikdə qulluqçu olaraq işə başladı. Bazna ABŞ, Yuqoslaviya, Alman, İngilis səfirliklərində təcrübəsini artıraraq, karyera pilləsində yüksəlməyi düşünürdü. Bir dəfə Duqlas Baskın otağını yığışdıranda Elyas diqqət yetirdi ki, səfir hansısa sənədləri masaya qoydu və stolun yeşiyini açıq qoyub, otaqdan çıxdı. Marağını gizlədə bilməyən Elyas, təbii ki müəyyən məqsəd güdərək, masanın siyirtməsini açdı. Sənədin yuxarı küncündə “Top secret” (tamamilə məxfi) sözləri yazılmışdı. Bazna sanki yuxudan ayıldı: Budur, pul! Və beləcə, casus olmaq qərarına gəlib və nə qədər ağılasığmaz olsa da, bunu bacarır. Bazna tələsməyi lazım bilmir. Təcrübəli ovçu kimi toruna böyük ov düşəcəyini gözləyir. “Yağlı dovşan”sa, ingilis səfirinin özü oldu. Bazna Bask Duqlasdan xahiş edir ki, özünə köməkçi axtaran ingilis səfiri Hyu Netçbulla onu məsləhət görsün. Hyu cənablarına özünü çox sadəlövh tanıdan Elyas xidmətçisiylə işə götürülür.
Səfir Hyu Netçbulla və Türkiyə prezidenti İnönü
Ser Hyu nəcib insan idi. Onun gündəlik rejimini diqqətlə izləyən Elyas, hər axşam 40 dəqiqə isti vanna qəbul etdiyini müşahidə edir. Bu fürsətdən məharətlə istifadə edən Elyas, səfirin otağını yığışdırmaq adı ilə, oxunmasına və vaciblik dərəcəsinə varmağa vaxt itirməyərək, “Tamamilə məxfi” qrifi olan bütün sənədlərin sadəcə, ardıcıl şəkildə fotoşəklini çəkmişdi. Bax o zaman fotoqraf vərdişləri ona lazım oldu! Zabitəli britaniyalı səfir sənədlər saxlanan mücrünü bağlamağı lazım bilməmişdi, yəqin o məntiqlə ki, otağa onun özü və ingilis dilini belə bilməyən, ya türkiyəli, ya da yunan əsilli “aciz” nökərindən başqa heç kim girmirdi…
Düzdür, xüsusi əhəmiyyətli sənədləri cənab səfir seyfdə saxlayırdı, amma Bazna açarın da surətini düzəltdirdi. Beləliklə, Elyas ingilis səfirliyinin bütün sirlərini əldə edə bilirdi. Nəhayət, Bazna qərara gəldi ki, artıq ingilis sirlərinin alıcısını axtarmaq zamanı gəlib çatıb.
Britaniya diplomatiyasının sirlərini güzəştlə satırdı
Bazna Türkiyə xüsusi xidmət orqanlarına müraciət etmək ideyasından dərhal vaz keçib. Ona doğma olan ölkəyə səmimi minnətdarlıq hissi keçirən casus, bununla belə ədalətli qərar çıxardığını və türklərin ona az pul ödəyəcəklərini (əgər ümumiyyətlə, nəsə verəcəklərsə və ya ingilislərə təhvil verməyəcəklərsə) düşünürdü. Elə bu səbəbdən Amerika variantı da rədd edilib. Almaniya və SSRİ? Seçim Almaniya səfirliyi üzərinə düşüb. 1943-ci il oktyabrın 27-da Elyas səfirliyin müşaviri Albert Yenkenin yanına gəlir və ona 20 min funt sterlinqə Britaniyanın gizli sirləri olan fotolentini təklif edir. Bu zaman Bazna 15 minə davamlı şəkildə (daimi müştərilərə endirim!) “mal” gətirəcəyinə söz verir. Yenke, bəlkə təxribatdı deyə düşünərək, qərar qəbul etməkdə çətinlik çəkir və məsuliyyəti öz üzərinə götürməyə ehtiyat edir. Sonda səfirlikdə attaşe vəzifəsində çalışan xarici kəşfiyyat əməkdaşı Lüdviq Karl Moyzişi çağırır. Моyziş Bazna ilə bir neçə saat söhbət etdikdən sonra əmin olur ki, bu, təxribat deyil. Axşam Berlinə inanılmaz uğur haqda xəbəri çatdıran təcili teleqram getdi. Teleqramda həm də təcili pul göndərilməsi də xahiş olunurdu. Cavab çox tez gəldi : “Pulları gətirən kuryer artıq yoldadır”.
Oktyabrın 30-də axşam Мoyziş albana 20 min funt-sterlinq verib, içərisində 50 kadr olan fotolenti alır. Alman kəşfiyyatçısı lentdəki fotoları şəxsən aşkarlayır. Səhər sevincdən parlayan Моyziş, Almaniyanın Ankaradakı səfiri fon Papenin qarşısında azacıq nəmli şəkilləri stolun üstünə qoyaraq, “Vacib!”, “Çox önəmlidir”, “Çox vacibdir!”, eyə sənədləri belə şərh etdi. Həmin gün fotolent diplomatik poçt ilə birlikdə Berlinə göndərildi.
Berlinin reaksiyası
Berlində “Ankaradan olan bağlama” sevinc doğurmadı. Almanlar belə uğura sadəcə, inanmadılar. Məlumat o qədər qiymətli, o qədər təbii idi ki, öz düzgünlüyünə şübhə doğururdu. Xarici İşlər naziri Ribbentrop bəyan etdi ki, bu qədər sırf məxfi sənədləri oğurlamaq sadəcə, mümkün olan iş deyil və bu Britaniya xüsusi xidmət orqanlarının yalan məlumatıdır, Baznanın özü isə ingilis agentidir. Şellenberq və Kaltenbbrunner isə əksinə, Elyası taleyin hədiyyəsi hesab edirdilər və onunla əməkdaşlığın davam etdirilməsində maraqlı idilər. Berlində idarələrarası fikir ayrılıqlarını həll etməyə çalışırdıqları bir zamanda , “Siseron” məlumat ötürməkdə davam edirdi və bu məlumatların məxfilik dərəcəsi, sadəcə olaraq almaniyalı tərəfdaşların çaşqınlığını artırırdı. “Siseron” Böyük Britaniya, ABŞ və SSRİ xarici işlər nazirlərinin Moskvada görüşü barədə məlumatları və onun yekun sənədlərini, Çörçillin, Ruzveltin və Çan Kay Şinin Qahirədə keçirilmiş görüşü barəsində, antihitler koalisiyası ölkələrinin liderlərinin iştirakı ilə Tehranda keçiriləcək görüş haqda məlumatlar çatdırırdı.
Prezidentlərin Tehran görüşü
Tehran konfransının məxfi protokollarının surətlərini “Siseron” həm də, onların Moskvada, Londonda və Vaşinqtonda istifadə üçün çap edilib göndərilməsindən əvvəl Almaniyaya çatdırmışdı. Bundan başqa, həmin sənədlərdə söhbət “Overlord” əməliyyatı barədə gedirdi və onun tarixi də açıqlanmışdı – 1944-ci ilin may-iyun ayları. 1943-cu ilin noyabrında Моyzişi Berlinə çağırırlar. Görünür Hitler hakimiyyəti bu çaşqınlıq yaradan sənədlərlə çox maraqlanıb. Amma orada Моyziş görüb ki, Xarici İşlər naziri Ribbentop, xüsusilə bir sənədin məzmununa kifayət qədər şübhə ilə yanaşır. Bu sənəddə ABŞ və İngiltərənin birgə müharibə aparılması və onların strategiyası ilə bağlı tədbirlər barədə danışılırdı. Əslində, bu sənəddə Almaniyanın məhvinə imza atılmışdı.
İstifadə səmərəliliyi – sıfır faiz
Aradan illər keçdikdən sonra da bu sual bir çoxlarında təəssüf doğurur: niyə hitlerçilər belə vacib informasiyanı diqqətdən kənar qoyublar? “Overlord” əməliyyatının başlanmasına yarım il qalmış bu planın təxmini detallarını Baznanın onlara bildirməsinə baxmayaraq, bu, Almaniya üçün tam gözlənilməz olmuşdu. Ribbentrop Baznanı Britaniya agenti hesab etməkdə inadla davam etdi. Hətta “Siseronun” məlumatları hadisələrlə təsdiqləndikdə də, alman diplomatiyasının başçısı inadla deyirdi ki, bu, yalnız “böyük dezinformasiya” üçün istifadə olunan aldadıcı manevrdi. O, Tehran konfransının protokollarının surətini də bu oyunun bir hissəsi sayırdı. Şellenberq isə Siserona o qədər inanırdı ki, casusun ifşa olunmağından qorxurdu. Bu səbəbdən də Baznanın göndədiyi məlumatlar onun kabinetindən kənara çıxmırdı. Nəticədə hitlerçilər, qiymətli kəşfiyyat məlumatlarına malik olduqları halda onlardan heç cür istifadə edə bilmədilər.
Amerikalılar “Siseron”u axtarır
Şellenberqin cidd-cəhdlərinə baxmayaraq, 1944-ci ilin əvvəlində amerikalılar Ankaradakı Britaniya səfirliyinə daxil olan məxfi sənədlərin hamısına əli çatan alman agenti “Siserlon”un fəaliyyəti barədə məlumat aldılar. 1944-ci ilin yanvarında Moyzişin yeni katibəsi peyda oldu – bu , yaraşıqlı , gənc, sarışın, alman diplomatının qızı Korneliya Kapp idi. Korneliya Amerika kəşfiyyatına işləyib və onun tapşırığı əsasən, alman casusunu ifşa etmək olub. İki agentin dueli heç-heçə ilə bitdi. Amerikanın agenti “Siseronun” şəxsiyyətinin sirrini aça bilmədi, halbuki, tapmacanın cavabına çox yaxın idi… Aprelin 6-də Korneliya, öz müvəffəqiyyətsizliyinin yaxınlığını hiss edərək, səfirlikdən qaçdı. Bazna katibənin fərariliyi haqqında eşidəndə, Мoyziş ilə görüşlərini dayandırıb və ingilis səfirliyindəki işindən çıxaraq, izsiz itdi. 1944-ci ilin avqustunda Türkiyə Almaniya ilə rəsmi diplomatik münasibətləri kəsəndən sonra alman diplomatları ölkədən çıxarıldılar. Alman kəşfiyyatının Bazna ilə yolları da birdəfəlik ayrıldı. Onun itməsindən sonra ingilislərə aydın oldu ki, ingilis hərbi personalının Türkiyə bazalarında yerləşdirilməsi planı haqqında Berlində necə öyrəniblər. İngilis hökuməti nə qədər dövlət sirlərinin almanların əlinə düşməsini hesablayanda, dəhşətə gəlmişdi.
“Siseron” ilə olan hadisə Britaniya səfiri Hyu Кnetçballın karyerasına çox pis təsir göstərdi. Böyük Britaniyanın Xarici İşlər naziri Ernest Bevin İcmalar Palatasında etiraf edib ki, səfirin köməkçisi məxfi sənədləri fotolentə köçürüb, almanlara sata bilib. (Tomas Allen “Casusluq Ensiklopediyası”). Müharibədən sonra vətəninə qaytarılan Моyziş, Avstriyada İnsbruk şəhərində sakit və dinc şəraitdə yaşayan zaman “Siseron əməliyyatı” adlı xatirə -memuarlarını yazdı. Bu kitab bir çox dillərə tərcümə edilib, dəfələrlə nəşr olundu. Onun son nəşri 2008-ci ildə rus dilində buraxılıb.
Aldadılmış ən məşhur casus
5 ay ərzindəki casusluq fəaliyyətinə görə “Siseron” almanlardan o dövr üçün çox böyük məbləğ olan 300 min funt sterlinq aldı. Xırda biznezlə bir müddət başını qatan Bazna, sonra Türkiyənin dağlıq hissəsində almanlardan əldə etdiyi vəsait ilə turizm mərkəzinin tikintisi layihəyəsinə pul qoydu. Amma ona zəngin olmaq qismət deyilmiş. Üzərindən illər keçəndən sonra məlum olur ki, almanların ona verdikləri funtlar saxta imiş… İngilisləri aldadan Bazna, almanlar tərəfindən də özünün aldadıldığını yalnız onda anladı. Milyonçu iddiasında olan bu adam bir göz qırpımında külli miqdarda borcları və məhkəmə təqibi altında olan dilənçiyə çevrildi. Buna baxmayaraq, o, tarixə İkinci Dünya müharibəsi dövrünün ən məşhur alman casusu kimi əbədi daxil olmuşdu. 1954-ci ildə Elyas Bazna Almaniya Federativ Respublikası hökumətinə gördüyü işlərin müqbilində vəsait ödənilməsi xahişi ilə müraciət etdi. Tezliklə xarici İşlər nazirliyindən cavab da aldı. Cavabda keçmiş agentə öz iddiaları ilə bağlı Adolf Hitlerin hökumətinə müraciət etmək məsləhət görülürdü. İngiltərə xüsusi xidmət orqanlarının maddi dəstəyi ilə memuarlarını yazan Elyas Bazna, 1970-ci il dekabrın 21-də Almaniyanın Münhen şəhərində öz əcəli ilə dünyasını dəyişdi.
Analitik.az