Dünya Paris olayları və onların mümkün sonuclarına diqqət kəsilmişkən, Ermənistan da öz yasına batıb, özünün “7 yanvarı”nı yaşayır. Nədən söhbət gedir?
Ondan ki, dünən – yanvarın 12-də, səhər (bu da çox maraqlıdır, niyə məhz səhər?) Gümrüdəki 102 saylı hərbi bazanın sıravi əsgəri Valeri Permyakov 2 yaşlı körpə də daxil, şəhərdəki 7 nəfərlik erməni ailəsinin 6 üzvünü qətlə yetirərək qaçıb. Olay erməni toplumunu şoka salıb, Serj Sərkisyanın yanında fövqəladə toplantı olub, “Ruslar təhlükəsizliyimizi qoruyur, yoxsa bizə təhlükədir” kimi şüarlarla etiraz aksiyaları keçirilib, hətta bazanın ölkədən çıxarılması tələbləri səslənib.
Ancaq “Özü yıxılan ağlamaz”. Bazanın Ermənistandan çıxarılmasını da Sərkisyan rejimi ağlının ucundan belə keçirməz. Nədən ki, rus hərbçiləri əhalinin qarantı olmasa da, Ermənistan dövlətinin formal varlığının əsas şərtidir. Bu və yalnız bu…
Yaxın tarixə nəzər salsaq görərik ki, rus əsgəri heç yerə, heç bir diyara əmin-amanlıq, rifah gətirməyib. Harda rus ordusu var, hansı torpağı rus çəkməsi döyəcləyir – orda qan-qada, başıpozuqluq, gərginlik, nizamsızlıq, tənəzzül hökm sürür. Elə Rusiyanın özündə də.
O səbəbə dünyanın heç bir guşəsində nə Moskvaya, nə də onun ordusuna inam mövcuddur. Bu ordu heç vaxt xilaskar sayılmayıb. Hətta faşizm Almaniyası üzərində qələbə sayəsində də rus-sovet ordusu bu adı qazana bilmədi. Ona görə ki, Moskva “azad elədiyi” Avropa ölkələrində (Şərqi Avropa dövlətləri, Şərqi Almaniya -ADR) ta Sovet İttifaqı süqut edənədək “xilaskar” ordu saxladı. Yoxsa ruslar hələ də orada idilər.
Sözümüzün canı odur ki, ruslar üçün hansısa ərazini azad eləmək anlayışı yoxdur, işğal, ilhaq anlayışı var. Və onlar buna artıq “böyük millət” kimi əsrlərdir vərdiş ediblər, bunu “öz halal haqları” hesab edirlər. Son olaraq Krımın timsalında bütün çılpaqlığı ilə bunu gördük: dünya bir tərəfə oldu, Rusiya bir tərəfə; Putin və dəstəsi utanıb-qızarmadan ayağını dirədi ki, “bu ilhaq, işğal yox, ədalətin bərpasıdır”.
Əslində ikinci ilə adlayan Qərb-Rusiya qarşıdurmasının da, dünya təhlükəsizlik sisteminin böhrana düşməsinin də qayəsində müstəsna olaraq bu amil dayanır – rusların tarix boyu işğalı “azad etmə” kimi qavraması. Bunun altını çəkən bölgələrdən biri də bizim regiondur.
Rus ordusunun Azərbaycandan və Gürcüstandan çıxmasının bu iki ölkəyə nəyin hesabına başa gəldiyi məlum – Azərbaycan və Gürcüstanın böyük bir parçası 20 ildən çoxdur, faktiki, Kremlin nəzarətindədir. Gör, indi rus hərbçiləri, regionda sonuncu rus hərbi bazası cırtdan Ermənistanın ərazisini zor-xoş tərk eləməli olsa, sonuncu hansı bəlalara tuş gələcək.
Deyilə bilər ki, Azərbaycanla Gürcüstanın müəyyən əraziləri Rusiyanın kontrolundadırsa, Ermənistan bütövlükdə şimal qonşumuzun quberniyasıdır. Ancaq ermənilər üçün məsələnin faciəvi tərəfi də elə budur. Hər necə olmasa, Bakı və Tiflis öz müstəqilliklərini pis-yaxşı əldə edib. Ermənistan isə gerçək müstəqilliyi üçün 100 qat çox itki verməli olacaq. İstisna deyil ki, bu itkilər heç yetərli olmasın və “erməni dövlətçiliyi” günün birində yox olub getsin.
Tarixi ədalət baxımından belə qat-qat yaxşı və məntiqli olardı. O zaman bizim də, gürcülərin də, regionun digər aborigen toplumlarının da canı qurtarardı. Çünki 200 ildir Güney Qafqazda sülhə, köklü xalqların normal tərəqqisi və inteqrasiyasına əsas əngəl məhz könüllü şəkildə rusun maşası missiyasını öz üzərinə götürmüş, onun altına yıxılmış ermənilərdir. Nəticə etibarilə nə özlərinə gün ağlaya biliblər, nə də qonşu toplumlara imkan veriblər ki, rahat yaşasınlar.
SSRİ-nin çöküşündən sonra da eyni rəzil “missiya” davam edir. Hələ üstəlik, 5 çömçə artıqlaması ilə. Çünki Gümrüdəki hərbi baza təkcə bölgənin deyil, indi qonşu Türkiyənin də üzərində “Domokl qılıncı” hesab edilir. Demək, Gümrüdəki 12 yanvar qətliamı hələ yalnız jurnaldır. Ən yaxşı halda erməni xalqına xəbərdarlıq mesajıdır ki, “ay bədbəxtlər, ayılın və nə qədər gec deyil başınıza çarə qılın: siz böyük barıt çəlləyi üstündə oturmusunuz və bu çəlləyin fitili də Kremlin əlindədir”.